• cümə axşamı, 25 aprel, 13:49
  • Baku Bakı 23°C

Niderlandın Azərbaycandan asılı olan Çin arzusu

10.06.20 20:26 1312
Niderlandın Azərbaycandan asılı olan Çin arzusu
Ekspertlərin fikrincə, Qədim İpək yolu yeni nəqliyyat qovşaqları ilə öz təsdiqini tapacaq

Niderland və Azərbaycan dəmiryolu əlaqəsinin yaradılması üzərində işləyir. Bunu Trend-ə Niderlandın Azərbaycandakı səfiri Onno Kervers deyib. O bildirib ki, dəmir yolu Azərbaycandan keçməklə Venlo şəhərindən Çinə qədər uzanacaq: "Ümid edirik ki, bu layihəni reallaşdırmağa nail olacağıq”.
Səfirin sözlərinə görə, hazırda Maas çayı üzərində yerləşən Venlo limanı ilə Bakının yeni Ələt limanı arasında əlaqələr mövcuddur: "Bakı limanının direktoru Taleh Ziyadov personalın tədris üçün Niderlanda yollanmasında maraqlıdır”.
O.Kervers əlavə edib ki, o, Dövlət Gömrük Komitəsi Akademiyasının direktoru ilə əlaqədədir: "O, Rotterdam limanının gömrüyü ilə əməkdaşlıqda maraqlıdır. Gömrük, logistikanı ləngidən nəzarətdir. Əgər gömrük yoxlamasını liman idarəetmə sistemlərinə inteqrasiya etmək mümkün olsa, bu, qat-qat səmərəli olacaq və siz yükləri daha sürətlə daşıya biləcəksiniz”.
Yaradılacaq dəmiryolu əlaqəsinin iqtisadi baxımdan üstünlükləri, növbəti mərhələdə bizə nə qazandıracağı və başqa ölkələrlə də bu kimi əlaqələrin qurulmasının mümkünlüyünü ekspertlərlə müzakirə etdik.
İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, uzaq perspektivdə, ola bilsin ki, belə bir dəmiryolu London və Avropanın digər paytaxt ölkələri arasında da olsun: "Bildiyiniz kimi, Azərbaycan regionun nəqliyyat mərkəzinə çevrilib. Bu da son illər dövlətimizin nəqliyyat sektoruna küllü miqdarda investisiya qoyması ilə bağlıdır. Bunun nəticəsidir ki, Azərbaycanda nəqliyyatın bütün sahələri inkişaf edib. Həm dəmiryolu, həm hava nəqliyyatı, həm də avtomobil yolları istiqamətində biz şimal ilə cənubu, şərqlə qərbi birləşdirən ortaq nöqtə halına çatmışıq. Təbii ki, bu da təsadüfi deyil. Belə ki, Azərbaycan dövləti, başda Prezidentimiz İlham Əliyev olmaqla bütün bunları gələcəyə hesablayaraq həyata keçirib. Əsas məqsəd ondan ibarət idi ki, ölkəmiz gələcəkdə böyük bir tranzit mərkəzinə çevrilsin. Bu mənada Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini misal göstərmək olar. Bu dəmiryolunun üzərində tam 10 il iş getdi. Müddətin bu qədər uzun olmasının səbəbi həmin dəmiryolu layihəsinin mahiyyətini bəzi ölkələr rentabelli hesab etmirdilər. Amma Azərbaycan bu layihənin təşəbbüskarı kimi çıxış etməklə yanaşı, həm də həyata keçirilməsində də bilavasitə iştirak etdi. Gec də olsa, layihə reallaşdı. Layihə həyata keçiriləndən sonra həm Avropa, həm Asiya ölkələri bəyan etdilər ki, həqiqətən də bu dəmiryolu layihəsi gələcəkdə şərqlə qərbin birləşdirilməsi üçün mühüm addımdır. İndi isə Niderlandla atılan bu addım, ola bilsin ki, uzaq perspektivdə London və Avropanın digər paytaxt ölkələri arasında da olsun. Qədim İpək yolu müasir formada yeni nəqliyyat qovşaqları ilə öz təsdiqini tapacaq. Bu kimi addımların atılmasında əsas məqsəd odur ki, Azərbaycan, zamanla tranzit mərkəzə çevrilməklə neftdənkənar sahədən də gəlirlərini artırsın”.
İqtisadçı Turab Rzayev bildirir ki, Şərq-Qərb Ticarət yolu getdikcə öz aktuallığını daha da artırmaqdadır: "Bildiyiniz kimi, bu xətt üzrə ticarətin inkişafında əsasən Çin, bir o qədər də Avropa ölkələri maraqlıdırlar. Çin həm tarixi İpək Yolunun bərpası, həm də öz məşhur "Bir körpü, bir yol” layihəsi ilə Qərblə çoxvektorlu ticarət xətlərinin inkişafında maraqlıdır. Bunun üçün bir neçə cəhd də edilib. Simvolik olaraq, Çin şəhərlərindən dayanmadan hərəkət edərək Londona və yaxud da Vyana şəhərinə çatacaq qatarlar buraxılıb. Ancaq burda 2 nüans var. Birincisi, hələ də, dəmiryolu ilə yükdaşıma çox az yer tutur və belə birbaşa səfərlər daha çox, simvolik məna daşıyır. İkincisi isə bu səfərlərdə çox vaxt Rusiya ərazisindən keçməklə daşınmalar həyata keçirilir ki, bizim əsas prioritetimiz bu daşınmaları Xəzər dənizi üzərindən, daha sonra isə Azərbaycan üzərindən olmaqla Avropaya çatdırmaqdır. Bunun üçün biz böyük infrastruktur layihələrinə də yatırım etmişik. Misal üçün Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə birbaşa Türkiyə üzərindən Avropa dəmiryol şəbəkəsinə qoşula bilərik. Və yaxud da Gürcüstan və Qara Dəniz üzərindən Ukrayna, Bolqarıstan və ya Rumıniya ilə nəqliyyat dəhlizi mövcuddur. Eyni vaxtda Ələt limanında aparılan yenidənqurma işləri də Xəzər dənizi üzərindən, Türkmənistan və Qazaxıstandan keçməklə daşınan yüklərin həcmini artırmağa imkan verməlidir. Bununla əlaqədar Niderlandın Bakıdakı səfiri Onno Kerversin dedikləri çox təqdirəlayiqdir. Səfir Niderlandın Venlo şəhərindən Bakıdan keçməklə birbaşa Çin ilə əlaqələrin yaranmasında, ikitərəfli yüklərin daşınmasında maraqlı olduğunu bildirib. İlk baxışdan bu çox sadə görünür. Belə ki, Bakıdan Çinə yük qatarları işləyir. Eyni vaxtda Venlo şəhəri ilə Bakı, Ələt arasında da əlaqələr mövcuddur. Onda, deməli, bu iki xətti birləşdirməklə, yüklər Çindən birbaşa Venloya daşına bilər. Ancaq bu, göründüyü qədər də rahat deyil”.
Ekspert qeyd edir ki, burada böyük iqtisadi səmərə gözlənilir: "Yüklərin daha az vaxt ərzində və daha ucuz daşınması. Ancaq bu dəmiryol xətti üzərində olan ölkələrin dəmiryolu sistemlərinin bir-birinə inteqrasiya olmamağı, eyni vaxtda, gömrük, sərhəd və digər maneələr, hələ ki, bu yolu perspektivsiz edir. Bir digər problem də Bakıdan gedən qatarların Çindəki hər hansı şəhərə qədər deyil, məhz sərhədə qədər fəaliyyət göstərməsidir. Səfir məhz bunu nəzərə alaraq bildirib ki, əgər gömrük sistemi limanlara inteqrasiya edilərsə, bu istiqamətdə irəliləyiş ola bilər. Bu fikirlə razıyam. Dəmiryolu daşımaları üzrə gömrük və sərhəd nəzarəti limanlarla inteqrasiya olunacağı halda effektiv işləyə bilər. Misal üçün, qatar artıq Venlodan çıxdıqda, sənədləri onlayn şəkildə Bakı və sair gömrüklərə çatır və dayanmadan, vaxt itirmədən hərəkət edir. Ancaq burda iki məsələ nəzərə alınmalıdır. Bizdə Gömrük Akademiyası bu barədə səlahiyyətli qurum deyil. Bu məsələlər, Gömrük Komitəsi, hətta Nazirlər Kabineti və yaxud hökumətlərarası işçi qrup səviyyəsində həll oluna bilən məsələlərdir. İkincisi isə təkcə Bakı gömrüyünün inteqrasiyası ilə iş bitmir. Eyni vaxtda, digər ölkələrin gömrük sistemləri limanlara inteqrasiya olunarsa, onda çox böyük uğur qazanmaq mümkündür”.
Günel Azadə
banner

Oxşar Xəbərlər