• cümə, 19 Aprel, 04:27
  • Baku Bakı 18°C

“NİDA”çıların həbsi ətrafında siyasi spekulyasiyalar yolverilməzdir”

08.05.14 17:22 1413
“NİDA”çıların həbsi ətrafında siyasi spekulyasiyalar yolverilməzdir”
Ötən il prezident seçkilərindən öncə “Nida” Vətəndaş Hərəkatının 7 üzvü həbs edilib. Srağagün isə Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Oxunan hökmdən sonra bir qrup narazı gənc aksiya keçirməyə cəhd edib. Onlar “NİDA”çılara verilən həbs cəzasından narazılıqlarını bildirərək, müxtəlif şüarlar səsləndirib, əllərində gənclərin azad olunmasını tələb edən plakatlar tutublar. Hadisə yerində olan polis əməkdaşları gəncləri ərazidən uzaqlaşdırmağa, asayişi təmin etməyə başladığı zaman isə müqavimətlə üzləşiblər. Nəticədə polis tərəfindən saxlanılan bir neçə nəfər sonradan inzibati qaydada azadlıqdan məhrum ediliblər.
Sözügedən hadisə ilə bağlı “Kaspi”yə açıqlama verən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı “NİDA”çı gənclərin həbsini sırf hüquqi məsələ kimi qiymətləndirib. Deyib ki, bundan siyasi motiv axtarmağa dəyməz. F.Şahbazlı hər kəsi məhkəmənin qərarlarına hörmətlə yanaşmağa səsləyib: “Əlbəttə, biz heç kimin, xüsusilə də gənclərin həbsdə yatmasını arzulamırıq. Ancaq, Azərbaycanda qanunlarla idarə olunan ölkədir və burda hər kəs etdiyi əmələ görə, məsuliyyət daşıyır. Kiminsə hansısa partiyanın, ictimai təşkilatın üzvü olması ona əlavə imtiyaz tanımır. Bu mənada “NİDA”çıların həbsi ətrafında siyasi spekulyasiyalar yolverilməzdir. Bu gənclərin bu vəziyyət düşməsinin günahkarı onları özlərinin siyasi oyunlarına alət edən şəxslərdir. Düşünürəm ki, hökmdən sonra məhkəmənin önündə baş verənlər çıxış yolu deyil. Əgər narazılıq varsa bu mübahisə hüquqi müstəvidə həll edilməlidir. Məhkəmənin qərarlarına hörmətlə yanaşmaq hər kəsin borcudur”.
Azxeber.com informasiya portalının baş redaktoru, gənc fəal Hacıbəy Heydərli hər hansı gəncin dəmir barmaqlıqlar arasına düşməsini arzulamadığını bildirib. Azərbaycanın hüquqi dövlət olduğunu diqqətə çatdıran H.Hacıbəyli qanun qarşısında hər kəs eyni hüquqlara malik olduğunu bildirib. Qeyd edib ki, vaxtilə günahlarını boyunlarına almış və müəyyən təsirlərin altına düşdüklərini etiraf etmiş gənclər qanun çərçivəsində cəzalandırılıblar: “Heç bir gəncin həbsdə olması arzu olunan deyil, Allah qapılarını açsın, Amma unutmayaq ki, Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə qanunun aliliyi qorunur. Yəqin xatırlayırsınız ki, bundan bir neçə müddət öncə həmin gənclərdən bir neçəsi günahlarını boyunlarına almış və müəyyən təsirlərin altına düşdüklərini etiraf etmişdilər. Bu gün həbsdə olan həmin gənclər vaxtilə sosial şəbəkələrdə mənə qarşı da olduqca təhqiramiz formada mübarizə aparırdılar, sağlam rəqabətdən daha çox təhqirə üstünlük verirdilər. Bir daha qeyd edirəm ki, Azərbaycan hüquqi dövlətdir və qanun qarşısında hər kəs eynidir. Qaldı ki, məhkəmənin önündə baş verənlərə, mən bunu bəzi gənclərin özünü reklam və şou cəhdləri kimi dəyərləndirirəm. Ən azından Azərbaycan Dövlət Himnini oturan yerdə oxumaq, o ərazidən keçən insanları alqışlamaq, mahnılar oxumaq və nəhayət asayişi qoruyan polisə müqavimət göstərmək sosial şəbəkələrdə populyarlaşmaq cəhdindən başqa bir şey deyil. Bir məqamı da qeyd edim ki, vaxtilə bu gün həbsdə olan gəncləri qəhrəman adlandıran, NİDA-ya üzv olan partiya sədrləri, siyasətə müxalifətdə ikən gəlib müxalifətdə də pensiyaya çıxanlar nə məhkəmədə, nə də məhkəmənin önündə yox idilər. Bu bir daha göstərir ki, kimlərsə gənclərdən öz mənafeləri, şəxsi maraqları naminə istifadə edir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər