• cümə, 19 Aprel, 18:20
  • Baku Bakı 24°C

“NİDA”çıların əməllərinə qiyməti hüquq verməlidir

07.11.13 09:04 1697
“NİDA”çıların əməllərinə qiyməti hüquq verməlidir
Bu ilin yazında Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində “NİDA” Vətəndaş Hərəkatının bir neçə üzvünün mənzilində şüşə butulkaların içərisində tez alışan “Molotov kokteyli” adlanan maye, narkotik vasitə olan həşiş qətranı, qurudulmuş marixuana, üzərində “təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan” sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri, həmçinin 100 min manata yaxın pul aşkarlanıb. Həmin şəxslər martın 10-da keçirilməsi nəzərdə tutulan razılaşdırılmamış aksiyada insanları zorakılığa və vətəndaş qarşıdurmasına təhrik edəcəklərmiş. O zaman hüquq-mühafizə orqanlarına bu barədə daxil olan əməliyyat məlumatı cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarları əsasında dərhal araşdırılıb. Nəticə olaraq, həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Noyabrın 5-də isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Qurbanovun sədrliyi ilə cinayət əməllərində təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb. Amma nədənsə, məhkəmə sona çatmadan müxalifət düşərgəsi, xüsusən də radikal müxalifətin nəzarəti altında olan mətbuat orqanları ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışırlar. Onlar ədalət mühakiməsini qərəzli adlandırır, gənclərin təqsirsiz olduğunu iddia edir, guya ki, sifariş əsasında həbs edildiklərini bildirirlər.
Bu barədə “Kaspi”yə açıqlama verən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı artıq belə hadisələrin onda təəccüb doğurmadığını bildirib. Qeyd edib ki, bu cür yanaşma tərzi müxalifət düşərgəsinin də, müxalifət mətbuatının da çoxdankı adətidir: “Onların qənaətinə görə, əgər kimlərsə müxalifətçidirsə, AXCP və Müsavatda təmsil olunurlarsa, həmin şəxslər istədiklərini edə bilərlər. Başa düşmürlər ki, Azərbaycan sivil yolla inkişaf edən, hüquqi, demokratik dəyərlərlə idarə olunan dövlətdir. Bu ölkədə kiminsə hər hansı təşkilatın, siyasi partiyanın üzvü olması, ona xüsusi imtiyazlar vermir. Hamı, o cümlədən “NİDA”çılar da qanun qarşısında bərabərdir. Bu gənclər özləri televiziya ekranı vasitəsilə xalq qarşısında etiraf etdilər ki, hansı vasitələrlə, nə kimi qanunsuz əməllər törətmək istəyirmişlər. Məqsədli şəkildə əməli fəaliyyət göstərdiklərini, müəyyən şəxslərin təhriki ilə “Molotov kokteyli” və sair vasitələri əldə etdiklərini bildirdilər. Bu cür etirafdan sonra onların fikirlərini dəyişməsini də haradasa normal qəbul edirəm. Çünki hətta ən dəhşətli qətli törədən cinayətkar da təqsirini boynuna almır, günahkar olmadığını bildirir, hər hansı formada özünə bəraət qazandırır. Amma məsələ bu işin müxalifət tərəfindən siyasiləşdirilməsindədir. Bu da radikalların hər zamankı adətidir. Yaxşı olar ki, müxalifət liderləri, onların yedəyində gedən gənclər təşkilatları, həmçinin də müxalifətyönümlü mətbuat orqanları baş verənlərdən nəticə çıxaraydılar”.
F.Şahbazlı deyib ki, müxalifət liderləri Azərbaycan gəncliyini “siyasi kamikadze”yə çevirməkdən əl çəkməlidirlər. Onun fikrincə, radikallar gəncliyi öz şəxsi məqsədləri üçün deyil, Azərbaycan dövlətçiliyinə fayda verə biləcək şəkildə istiqamətləndirməlidirlər: “Bu gün 3-5 gənci aldadıb yanlış yola yönəldən müxalifət liderləri gələcəkdə bu əməllərinin acısını çəkəcəklər. Azərbaycan gəncliyi ictimai-siyasi prosesləri analiz etmə qabiliyyətinə malikdirlər. Onlar son anda olsa belə baş verənlərdən nəticə çıxarıb müxalifət liderlərinin yanından ayrılacaqlar. Əgər müxalifət siyasi səhnədə qalmaq istəyirsə, doğru-düzgün mövqe ortaya qoymalı, obyektiv siyasi xətt tutmalı, gəncləri qanunsuz əməllərə təhrik etməkdən çəkinməlidirlər. Azərbaycan vətəndaşları qanunun aliliyinə və məhkəmələrin ədalətinə inanırlar. İstəməzdik ki, hər hansı Azərbaycan gənci həbsxanaya düşsün. Ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin mahiyyətində gənclərin özünə, dövlətinə, cəmiyyətinə faydalı, peşəkar kadr kimi yetişməsi dayanır. Ancaq kimsə qanunları pozursa, tutduğu vəzifəsindən, mövqeyindən, cəmiyyətdəki statusundan asılı olmayaraq, qanun qarşısında cavab verməlidir. Bu baxımdan, “NİDA”çıların əməllərinə də qiyməti hüquq verməlidir. Ona görə də müxalifət liderlərinin və onların nəzarəti altında olan qəzetlərinin mülahizələri mənasızdır”.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva da bu gün “NİDA”çı gənclərlə bağlı müxtəlif şayiə yayan, yarıtmaz siyasi fəaliyyətlə məşğul olan, özlərini siyasi lider kimi qələmə verməyə çalışan işbazların ölkədə ictimai fikri yanlış istiqamətə yönəltmək istədiklərini söyləyib. Deyib ki, 20 ildir yalnız bu cür qeyri-obyektiv fəaliyyət göstərən müxalifət liderləri heç bir uğura imza atmayıblar: “Bu gün müxalifətin radikal qanadına baxanda onlar arasında xalqın etimadını tamamilə itirmiş, özlərini gözdən salmış, xarici donorlardan asılı, hətta ermənilərlə işbirliyinə hazır şəxsləri görürük. Belə adamlar erməni maliyyəsi hesabına öz ölkəsində çevriliş etməyə də hazırdırlar. Ona görə də bu cür adamların fikirləri, həmçinin nəzarət etdikləri mətbuat orqanlarının yazdıqları dedi-qodudan, şayiədən başqa bir şey deyil. Düzdür, bir müddət əvvəl belə siyasi işbazların fikirləri ilə beyinləri zəhərlənmiş bir neçə gənc ölkədə çevriliş etmək əhval-ruhiyyəsinə qapıldılar. Bunun üçün iri məbləğdə pul vəsaiti, narkotik maddələr, “Molotov kokteyli” də əldə eləmişdilər. Lakin buna müvəffəq olmadılar. Ölkənin hüquq-mühafizə orqanları bir neçə gəncin bu niyyətinin qarşısını vaxtında aldı, qanunsuz əməllərinə görə onlar məsuliyyətə cəlb olundular. Hazırda məhkəmə prosesi gedir və həmin gənclər öz əməllərinə görə qanunla nəzərdə tutulmuş cəzanı alacaqlar. Bunu müxalifətin fərqli formada gündəmə gətirməsi, məhkəmənin gedişinə siyasi çalar qatması siyasi işbazların ənənəvi peşəsi, fiaskoya uğramış siyasətin davamıdır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər