• çərşənbə axşamı, 19 mart, 10:58
  • Baku Bakı 8°C

Nicat Mirzəyev: “Ukraynada kifayət qədər tanınırıq” – Soydaş

13.01.17 11:04 3265
Nicat Mirzəyev: “Ukraynada kifayət qədər tanınırıq” – Soydaş

Sevindirici haldır ki, Azərbaycan gənclərinin səsi dünyanın ən ucqar nöqtəsindən belə olsa eşidilir. Onların xoş sədalarını eşitdikdə isə sevincimizin həddi-hüdudu olmur. Əslində bu gənclərin dünyanın o tayında belə olsa ölkəmizi təmsil etməsi, onun adını yüksəklərə ucaltması ölkəmizin gələcəyinin daha sağlam olacağından xəbər verir.
Sizə təqdim edəcəyimiz gənc də məhz belələrindəndir. Müsahibimiz QafqazMilliMədəniyyət MərkəzininUkraynaüzrə rəhbəri Nicat Mirzəyevdir.O, uzun müddətdir ki, vətənindən ayrı düşsə də yaşadığı, böyüyüb, boya-başa çatdığı Ukraynada belə öz doğma torpağını unutmayıb. Əksinə buradakı ənənələri yaşadığı ölkədə də davam etdirir. Nicat Ukraynada "Qafqaz” rəqs məktəbinin rəhbəridir. Hansı ki, bu məktəbdə dünyanın müxtəlif ölkələrindən gəlmiş gənclərə Qafqaz rəqslərinin sirlərini öyrədilir, eyni zamanda Ukraynada keçirilən tədbirlərdə milli rəqslərimizi nümayiş etdirərək onları heyran etməkdə davam edirlər. Nicatın işləri bununla da kifayətlənmir. O "Mir molodyoji” ictimai təşkilatının prezidentidir.
Biz də Nicatı daha yaxından tanımağa çalışdıq.

- Çoxdandır ki, Ukraynada belə bir gəncin fəaliyyət göstərdiyindən xəbərdar idik. Ancaq sizinlə yaxından tanış olmaq bu günə qismət imiş. İstərdik ki, sizi daha da yaxından tanıyaq.
- 1987-ci ildə Ağcabədi rayonunda dünyaya gəlmişəm. 20 ildən artıqdır ki, Ukraynada ailəmlə birlikdə yaşayıram. Ukrayna Polis Akademiyasında "hüquqşünaslıq” fakültəsini bitirmişəm. Bundan əlavə orada bakalavr və magistr təhsili əldə etmişəm.

- Bəs sizi Ukraynada "Qafqaz” Rəqsləri məktəbi açmağa nə vadar etdi?
- Bu işdə valideynlərimə təşəkkürümü bildirirəm. Onlar bizi öz milli adətlərimizə, mədəniyyətimizə uyğun şəkildə böyüdüblər. Valideynlərimizin bizə aşıladığı həmin millilik ruhu təsirsiz ötüşmədi. Vətənimdən kənarda qalsaq da biz ölkəmizin adət ənənələrini unutmamışıq. Ukraynada öz milli bayramlarımızı qeyd edir, Azərbaycandakı ab-hava ilə yaşamışıq. Kiyevdə 247 nömrəli orta məktəbi bitirmişəm. Məktəb illərindən hər bir tədbirdə fəal iştirak etmişəm. Dostlarım, çevrəmdəki insanlar təklif edirdilər ki, rəqs məktəbi açım. Mən də bu təklif barədə düşündüm. Belə qərara gəldim ki, yubanmadan belə bir məktəb açım. Nəhayət ki, 2006-cı ildə "Qafqaz” rəqs məktəbini açdım. 10 ildən artıqdır ki, fəaliyyət göstəririk. Bu illər ərzində məktəbimiz bir çox uğurlara nail olub. Ukraynada bizim "Qafqaz” ansamblımız nömrə birdir desəm yəqin ki, yanılmaram. Artıq burada kifayət qədər tanınırıq. Demək olar ki, hər gün Ukraynada keçirilən mötəbər tədbirlərə çıxışlarımız olur. Dekabrın 9-da Belıy Tserkov şəhərində böyük solo konsert proqramı ilə çıxış etdik. Hazırda yeni bir konsert proqramına hazırlaşırıq. Hazırda martın 4-də Kiyevdə solo konsertimizi keçirməyi planlaşdırırıq. Nəinki Ukraynada başqa şəhərlərdə konsert proqramları ilə çıxışlar edirik. Tamaşaçılar tərəfindən də göstərdiyimiz performans çox bəyənilir.

- Rəhbərlik etdiyiniz rəqs məktəbinizin indiyə qədər hansı nailiyyətləri olub?
- Demək olar ki, Ukraynada keçirilən hər bir böyük beynəlxalq festivallarda Qran-Priyə layiq görülmüşük ki, bu bizim işimizə olan sevginin göstəricisidir. Bu yaxınlarda Ukrayna Mədəniyyət nazirliyi tərəfindən diplomla təltif olunduq. Ukraynada müxtəlif televiziyalarda, radiolarda, məşhur verilişlərdə çıxışlarım olur. Burada Kütləvi İnformasiya Vasitələrinin diqqətindəyik. Burada yerli diasporamızın konsertlərində çıxış edirik. Bu yöndə onlara öz dəstəyimizi göstəririk. Qeyd edim ki, Ukraynanın böyük konsertləri və saray tədbirləri bizsiz keçmir. Düşünürəm ki, bu da işimə olan məsuliyyətdən və sevgidən xəbər verir.

- Ansamblınız kimlərdən ibarətdir?
- Ansamblımız ukraynalılardan və Azərbaycanlı rəqqaslardan ibarətdir. Onlardan başqa Gürcüstan və Dağıstanın peşəkar rəqqaslarını dəvət etmişəm. Hazırda ansamblımıza əslən Portuqaliyalı olan yeni və çox istedadlı rəqqas daxil olub. Bizim peşəkar ansamblımızdan savayı rəqs məktəbimiz də fəaliyyət göstərir ki, orada 100-dən artıq tələbə Azərbaycan və ümumi Qafqaz rəqslərini öyrənir.

- Repertuarınız nələrdən ibarətdir?
- Repertuarımızda yerli Azəri musiqiləri, Qafqaz rəqsləri yer alır. Bundan başqa Ukrayna milli rəqsləri də ifa edirik. Bu mənim şəxsi istəyimdən irəli gəlib. Bu addımımızla Ukraynalılara Azərbaycanlıların sevgisini və diqqətini nümayiş etdirmiş oluruq.

- Ukraynada bizim rəqslərə olan maraq hansı səviyyədədir?
- Xarakterimdən asılı olaraq şablon, standart sözlərdən istifadə etməyi sevmirəm. Açığını desək hər nə qədər həqiqəti desək reallıqla qarşılaşmalıyıq. Hər dəfə "Hər şey yaxşıdır” deyib yola verirlər. Ancaq qeyd etməliyəm ki, bu cür fikirlərimizlə yalnız özümüzə ziyan vururuq. Ona görə mən sünilikdən qaçıram. Ukraynalılar, əcnəbilər bizim mətbəxə, folklorumuza daha çox maraq göstərirlər nəinki özümüzünkülər. Bəzi həmvətənlərimiz hesab edir ki, Azərbaycan milli rəqsini ifa etmək çox sadədir. Ancaq düşünmürlər ki, Azərbaycan milli rəqsi boşu-boşuna yaranmayıb. Burada yer alan hər bir hərəkətin bir mənası var. Rəqslərimizin bir tarixi var. İnsanlarımız öz mədəniyyətini, milli dəyərlərini uca tutmağı, xaricdə qiymətləndirməyi bacarmasa çox güman ki, dünya arenasında tanınmağımız kölgə altında qalacaq. Lap lobbiçiliyə milyardlarla pul ödəsələr də əgər vətəndaşların ürəyində vətənpərvərlik hissləri və öz milli dəyərlərinə sevgisi yoxdursa o millət çətin ki, inkişafa doğru getsin.

- Bildiyimiz qədəri ilə orada ermənilər də çoxluq təşkil edir. Onlar bizim rəqsləri öz adlarına necə çıxarırlarmı? Bununla necə mübarizə aparırsınız?
- Ermənilər elə bir millətdirlər ki, onlar bunu hər zaman ediblər və etməyə də davam edirlər. Bu onların qanında var. Nə etsən də bunu dəyişdirmək mümkün deyil. Bu məsələdə bir millət olaraq bizim də üzrəimizə böyük yük düşür. Biz inadlı olaraq milli rəqslərimizə, mahnılarımıza, yeməklərimizə sahib çıxsaq, bunu beynəlxalq arenalarda, yaşadığımız, durduğumuz mövqelərdə israrla təbliğ etsək əlbəttə ki, heç kim bizə aid olan şeyləri öz adlarına çıxara bilməzlər. Əsas odur ki, əlimizdə olanlara sahiblənək. Belə olan halda həm bu bizə böyük uğur gətirəcək, həm də hər kəsin yaddaşında bunun bizə məxsus olduğu ömürlük həkk olunacaq. Ermənilərin də haqsız mənimsəmə planları boşu boşuna olacaq. Bizim ansamblımız o qədər güclüdür ki, heç kim ona kölgə sala bilməz. Biz milli rəqsimizə yaxından bələdik və ansamblımızda peşəkar rəqqaslar fəaliyyət göstərir. Buna görə də burada həm çeçen, həm də gürcü diasporası bizə dəstək olurlar. Biz işimizi yüksək səviyyədə yerinə yetirdikdən sonra onların deməyə sözləri olmayacaq. Belə olan halda sənə daha çox sevgi və inam göstərəcəklər.

- Siz eyni zamanda "Mir molodyoji” ictimai təşkilatının prezidentisiniz. Bu nə təşkilatın funksiyası nələrdən ibarətdir?
- Sözügedən təşkilatımız 2011-ci ildə Ukraynada qeydiyyatdan keçib. Bizim rəqs məktəbimiz və ansamblımız "Gənclər Dünyası” təşkilatımızın mədəniyyət departamenti çərçivəsində fəaliyyət göstərir. Bundan savayı Qafqaz ölkələrinin Ukraynada fəaliyyət göstərən Diaspor təşkilatçıları və səfirliyi ilə əməkdaşlıq edirik. Xüsusən də Azərbaycan təşkilatçıları və yerli Ukrayna qurumları ilə hər il xeyriyyə tədbirləri keçiririk. Belə ki, kimsəsizlər və qocalar evində tədbirlər keçirib onların az da olsa dərdlərini unutdurmağa səy göstəririk. Bundan əlavə idman yarışları təşkil edir, kütləvi bayram tədbirlərini də qeyd edirik.

- Ukraynadakı diasporamız sizin layihələrinizdə köməklik edirmi?
- Sağ olsunlar, onların dəstəkləri əvəzsizdir. Amma daha çox kömək etsələr bu bizim üçün daha da faydalı olar. Çünki biz Ukraynada yeganə ansamblıq ki, Azərbaycan rəqslərinin xoreoqrafiyasına uyğun şəkildə çıxışlar edirik. Əgər sabah biz meydandan çəkilsək bu diasporamızın ən güclü budaqlarından birinin qırılması deməkdir. Odur ki, birliyimiz gücümüzdür!

Xəyalə Rəis


banner

Oxşar Xəbərlər