AZE | RUS | ENG |

“Nəzəri-konseptual sayıqlamalar”

“Nəzəri-konseptual sayıqlamalar”
(II Pərdə)

Bilgə Pippalada deyir ki, "həyat qüvvəti”, yəni can, ruh GÜNƏŞ, onu şəkilləndirən, maddiləşdirən isə AYdır.
Bilirik ki, Ay saçdığı işığı, əslində, Günəşdən alır. Aktyor və rejissor münasibətləri də, təxminən, belə formalaşır. Bu cür teatr düşüncəsinə görə, aktyor müəlliflərin (dramaturq və rejissor) fikrini şəkilləndirən, biçimləndirən materiyadır. Yəni işıq, əslində, rejissor və əsər müəllifindən gəlir, aktyor isə onu əks etdirən güzgü-materiya rolunu oynayır. Fövqəlmarionet ideyasının müəllifi Q.Kreq hesab edirdi ki, insanın fərdiyyəti və bədəni təsadüfi informasiyalarla doludur: "Sənət heç bir təsadüf tanımır, buna görə də aktyorun bizə (özbaşına) təqdim etdiyi şey sənət deyil”. Q.Kreqin fövqəlmarioneti aktyorun "bədənsizləşmiş bədən”i (E.F.Lixte) üzərində quraşdırılmış yeni "teatral bədən-loqos bədən” idi.  Rus teatr məktəbində isə məsələ bir az da mürəkkəb və ziddiyyətlidir. Bir tərəfdən səhnədə hərəkətin "üzvi surətdə” doğmalı olduğunu deyən "urus”lar digər tərəfdən tamaşanın bütün informativliyini rejissorun təyin etdiyi mizan partiturasına yükləyir, mizan partiturasını rejissorun "dil sistemi” adlandırırdılar. Deməli, aktyorun "üzvi hərəkəti” rejissorun çərçivəsi – konseptual sxemi içərisində doğulmalı idi. Ona görə V.Meyerhold aktyor üçün "tabelik içində azadlıq” formulunu irəli sürür və fikrini belə ifadə edirdi: "Səhnədə hər şey aktyorun ruhunun "pərdə”lərini açmağa xidmət etməlidir. Bu ruh isə əvvəlcə (rejissor vasitəsiylə) dramaturqun ruhuyla bütövləşməlidir”. Şərq teatrında isə aktyor, sadəcə, lövhədir. Məsələn, Kathakali teatrında bu lövhəyə bütöv bir gələnək, bütöv bir dastan, bütöv bir fəlsəfə yazılır. Aktyorun bədəni işarələrin harmonik birgəliyinə – "semiotik sistem”ə çevrilir. Şərqdə teatr öz ritual başlanğıcını qoruyub saxlayır, hər bir tamaşa sakral ünsiyyəti modelləşdirir, aktyoru öz hisslərini, emosiyalarını, bədənini idealizə etmək imkanından məhrum edir. Burada davranış və bədən real yaşantılara və davranış qəliblərinə tamamilə yadlaşır – "qutsal bədən” və "qutsal davranış”a çevrilir. Nədən ki, sən Tanrıları öz öləri hisslərinlə, öləri bədəninlə "təmsil” edə bilməzsən. Tanrını "yaratmaq” üçün əvvəlcə özün itib-batmalı, "mən”indən qurtulmalı, emosiyalarını "neytral nöqtə”yə endirməli, YOX (!) olmalısan.
Təxminən, keçən əsrin əvvəllərindən etibarən psixoanalitik konsepsiyalar və fərdin mürəkkəb psixoloji aparatı sənətin "diqqət mərkəzi”ni tamamiylə işğal etdi. Teatr başladı "mən”in bilinməzlikərindən boylanan mətləblərlə əlləşməyə, modernizmin sənətə pərçimlədiyi universal fikir, "bəşəri ideya” imperativləri, postmodernizmin "meyarsız sənət” genişliyində itib-batdı və postdramatik teatr artıq, necə deyərlər, fərdin "təntənəsi”nə çevrildi. Bu vaxtadək hər hansı ideyanı güzgüləyən aktyor artıq özü dönüb "ali ideya” oldu, teatrda aktyor yaradıcılığı rejissor yaradıcılığı ilə kəllə-kəlləyə dayandı. Məsələn, Mixail Çexovun Rudolf Şteynerin antroposofiya təlimindən bəhrələnib yaratdığı aktyor "texnikası” teatr sənətində aktyor yaradıcılığının dominantlığını tanıyır. Düşünürəm, postdramatik teatrda zaman və məkan fərdin "mən”inin koordinantlarında qurulur, onun ekzistensial dünyasını eyhamlaşdırır. Deməli, bu dəmdə aktyor özünü oyununun həm ideyasına, həm də materiyasına çevirir.
Amma və bütün deyilənlərə rəğmən, teatr özünün "O-MƏN-SƏN” gerçəkliyini qoruyub saxlayır. Bu teatrın ünsiyyət formuludur. Ünsiyyət teatrın fenomenidir, yəni özəyi, mahiyyəti, yeganə dəyişməzliyi, mütləq həqiqətidir. Yuxarıda da göstərdiyimiz kimi, bəzi teatr konsepsiyalarına görə O (müəllif, ideya, loqos), dominantlığını qoruyub saxlayır, "MƏN”i (aktyor) özünün "ifadə vasitəsi”nə çevirir, bir başqalarında isə "MƏN”(aktyor) "O”nu özü üçün bəhanəyə çevirib oynayır. İstənilən halda "O” ilə "MƏN” bir-biriylə simbioz münasibətdə özlərini dərk edirlər və istənilən halda "SƏN”, yəni tamaşaçı ilə ünsiyyətə can atırlar. Əgər bu ünsiyyət varsa, teatr var. "SƏN” (seyrçi, tamaşaçı) heç bir konsepsiya, filan qəbul etmir, ona sadəcə ünsiyyət və bu ünsiyyətdən doğan "mənəvi proses” maraqlıdır!
Beynimi kəndirləyib teatr sənətinin quyusuna "sallamağa” çalışdım. Heç bir-iki metr enməmişdi ki, "yandım…yandım!” çığırdı. Ondan yana HƏLƏ Kİ, çox dərinə getmirəm (gedə bilmirəm!), eləcə aktyor sənəti haqda bir dənə "TƏRİF” qondarıb aradan çıxıram: "Aktyor səhnədə özünü rejissorun ona təklif etdiyi prizmadan bir daha (bir daha… bir daha… bir daha…) kəşf edən və kəşf etdiyini resipientlə (seyrçiylə) bölüşməyi bacaran yaradıcı şəxsiyyətdir”.
Bu növ pay-bölüşə psixologiyada kondision ünsiyyət deyilir, yəni "psixi və fizioloji vəziyyətin mübadiləsi” ilə müşayiət olunan ünsiyyət.
 
(ardı var…)
Dağlar Yusif

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176