• şənbə, 20 Aprel, 15:56
  • Baku Bakı 23°C

Nəzarətsiz ərazilər narkotiklərin yetişdirilməsi üçün istifadə edilir

06.12.17 10:30 3933
Nəzarətsiz ərazilər narkotiklərin yetişdirilməsi üçün istifadə edilir
Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğal edilməsi Azərbaycana çox ciddi maddi və mənəvi ziyan vurub. Bundan başqa, nəzarətsiz ərazilər separatçılar tərəfindən narkotiklərin əkilməsi və daşınması üçün "münbit” bölgəyə çevrilib. Uzun illərdir ki, Azərbaycan rəsmiləri, deputatlar və eləcə də qeyri-hökumət təşkilatının nümayəndələri iştirak etdikləri beynəlxalq təşkilatlarda, tədbirlərdə bunu açıq şəkildə bəyan edirlər. Bir neçə gün əvvəl Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti Rusiya Dövlət Dumasında "Parlamentarilər narkotiklərə qarşı” adlı beynəlxalq konfransda bu məsələyə yenidən diqqətə çatdırılıb. Belə ki, konfransın plenar iclasında çıxış edən Z.Əsgərov narkotik vasitələrin yayılması və ticarəti ilə mübarizə qlobal miqyasda, beynəlxalq səviyyədə əməkdaşlıq şəraitində aparılmalı olduğunu qeyd edib: "Müxtəlif şüarlar, eləcə də öz müqəddəratını müəyyən etmə hüququnun beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan interpretasiyası altında suveren dövlətlərin ərazilərində istənilən qanunsuz fəaliyyətin, o cümlədən narkotiklərin qeyri-qanuni dövriyyəsinin həyata keçirildiyi "boz zonalar” yaradılır. Bu, Azərbaycan Respublikasında, xüsusilə Dağlıq Qarabağla bağlı ciddi narahatlıq doğurur. İşğal olunmuş Dağlıq Qarabağda ölkənin mərkəzi hakimiyyətinin fəaliyyəti tamamilə istisna edilib. Bu isə müxtəlif cinayətkar qrupların, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qrupların fəaliyyəti üçün münbit zəmin yaradır”.

Dəfələrlə Azərbaycan tərəfinin bu məsələyə diqqəti cəlb etməsinə baxmayaraq, nədənsə, beynəlxalq aləm buna laqeyd münasibət göstərir. Görəsən, dünya ictimaiyyəti Qarabağdakı narkotiklərin əkilməsinə və daşınmasına niyə göz yumur?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, problem təkcə Azərbaycanın deyil, dünyanındır: "Həqiqətən də nəzarətdən kənarda olan işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlardakı vəziyyət bu gün narkotik vasitələrin yetişdirilməsi və narkotrafikin bir hissəsinə çevrilməsi üçün çox ideal bir şərait yaradır. Dünya bu gün təhlükənin haradan gəlməsini görməlidir. Çox təəssüf ki, dünyada ikili standartların olması bu məsələnin ictimailəşməsinə mane olur. Hesab edilir ki, bu gün erməni millətçilərinin Azərbaycan torpaqlarına iddiasını müdafiə etməklə, bu "xırda hadisəni” də ört-basdır etmək olar. Nəticədə isə Avropa gözlənildiyindən daha ağır faciələrlə üzləşir”.

A.Mirzəzadə əlavə etdi ki, vaxtı ilə erməni separatizminə əhəmiyyət verilməməsi Kataloniya hadisələrinə gətirib çıxardı: "Azərbaycanın Dağlıq Qarabağ problemi və həmin ərazidə narkotik vasitələrin yetişdirilməsi dünyanı ciddi narahat etməlidir”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, harada separatçı bölgə varsa, orada qeyri-qanuni iqtisadi fəaliyyət mövcuddur: "Dağlıq Qarabağdakı ermənilərin də hər zaman maliyyəyə ehtiyacı var. Bu nəzarətsiz bölgədir və həmçinin İranla sərhəddədir. Müxtəlif zamanlarda bizim İranla sərhədimizdə də hüquq-mühafizə orqanları tərəfindən narkotiklər saxlanılıb. İstisna deyil ki, Qarabağdakı nəzarətsiz bölgədən İrandakı mafiya qrupları da öz məqsədləri üçün istifadə edir. Normal ölkə heç vaxt bu cür qazanca razı olmaz. Amma işğal olunmuş Azərbaycan əraziləri separatçıların əlindədir. Böyük ehtimalla erməni separatçıları narkotiklərin əkilməsi və onun daşınması ilə məşğuldurlar. Eyni zamanda, Ermənistan da separatçılara dəstək verir ki, onların əlavə maliyyə mənbələrinə çıxış imkanları olsun”.

E.Şahinğolunun sözlərinə görə, uzun illərdir ki, Azərbaycan rəsmiləri, vətəndaş cəmiyyəti institutları bu problemi beynəlxalq təşkilatların, siyasətçilərin diqqətinə çatdırılır: "Amma çox təəssüf ki, ciddi reaksiya yoxdur. Ona görə də Dağlıq Qarabağ üzərindən narkotrafikə son qoyulmasının yeganə şərti torpaqların işğaldan azad olunması və orada Azərbaycanın nəzarətinin gücləndirilməsidir. Bu səbəbdən də məsələnin beynəlxalq təşkilatların, xarici diplomatların diqqətinə çatdırılmasının əsas məqsədlərindən biri də budur ki, Dağlıq Qarabağ üzərində nəzarət təmin olunmalıdır. Bu olmadan Qarabağdakı separatçı rejim "boz bölgə” kimi istədiyini edəcək. Çünki Qarabağdan keçirilən narkotik maddə birinci növbədə Avropa ölkələrinin vətəndaşlarını zəhərləyir. Ona görə də Avropa ölkələri əslində bu məsələyə maraq göstərməlidirlər”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər