• çərşənbə axşamı, 19 mart, 06:35
  • Baku Bakı 8°C

Nəyə baxacağıq?

10.09.13 09:15 2152
Nəyə baxacağıq?
Adətən isti yay günləri telekanallar üçün köhnə verilişlərin yayımı və təkrarı ilə davam etsə də, bu dövrü əslində növbəti telemövsümə yeni layihələri gerçəkləşdirmək üçün fürsət kimi də dəyərləndirmək olar. Belə ki, telekanallar təqdim edəcəkləri yeni layihələrlə reytinqi önləməyə, rəqiblərini geridə qoymağa vədlər verirlər. Artıq bəzi özəl kanalların efirində yeni layihələrlə bağlı anonslar da yer alıb.
Xüsusən “Azad Azərbaycan” Müstəqil Teleradio kampaniyasının (ATV) anonsları daha çox diqqət çəkir. Bu aydan yeni mövsümə start götürən telekanal əməkdaşlarının bildirdiyinə görə, mövsümə səylə hazırlaşıblar. “Qayıdırıq” başlıqlı anonslar tamaşaçılara maraqlı layihələr vəd edir. Telekanalın yayımlayacağı dünyaca məşhur “Fort Boyard” teleşousu auditoriyanı maraqda saxlayıb. Tanınmış aparıcılar, müğənnilər, idmançılar və digər məşhur simaların iştirak etdiyi teleşou "ATV" kanalı və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutub. 24 nəfərdən ibarət 6 komandanın iştirak etdiyi yarışmada hansı komandanın qalıb gəldiyi hələlik açıqlanmasa da, Atlantik okeanı sahilində yerləşən Fort Boyard qalasında keçirilən yarışma sentyabr ayından etibarən ATV kanalında yayımlanacaq. Telekanalım aparıcısı Nanə Ağamalıyeva “Əminəm, bu şounu izləyənlər bizim hamımızı qalib qismində görəcəklər” - deyə tamaşaçılara təkrarsız şou vəd edir.
Bundan əlavə, radioaparıcı Cavid Gül də yeni televiziya layihəsi ilə ekranlara çıxacaq.
Telekanalda şou-biznesdə reytinqli proqramlardan olan 10Lar yenə də şou-aləmdəki ən maraqlı xəbərləri çatdırmaqda davam edəcək. Yeni layihələrlə yanaşı, bir sıra köhnə proqramlar da ömrünü davam etdirəcək.
“Xəzər” Televiziyasına və radiosuna gəlincə, telekanala açdığımız telefon zənglərinə cavab ala bilməsək də, mətbuatdan yalnız bircə xəbər əldə edə bildik: əvvəllər İctimai Televiziyada, sonralar isə AzTV-də efirə gedən “Ovqat” verilişinin aparıcısı Səyyarə Səyyaf bu telekanalda efirə çıxacaq. Teleaparıcı hazırda yeni layihə üzərində işləyir, bununla bağlı çəkilişlərə də start verilib. S.Səyyafın aparıcılıq edəcəyi və mahiyyət etibarı ilə ədəbiyyat, poeziya, musiqi tipli yeni verilişinin adı tezliklə bəlli olacaq.
ANS kanalının efirində də yeni layihələr olacaq. Belə ki, ANS də itkin düşən insanları axtarmaq qərarına gəlib. “Kimisə axtarırsız? Bizə zəng vurun, sizi axtardığınıza qovuşduraq! ANS-də yeni mövsümdə yeni layihə! Gözüm yolda!” - deyən kanalın aparıcısı Ulvira Qarayeva yeni layihəsi ilə bağlı anons versə də, proqram haqda ümumilikdə açıqlama vermək istəməyib və verilişin formatı haqda danışmayıb: “Bu haqda indi danışmaq istəmirəm. Proqram efirə gedəndən sonra bu haqda danışmaq olar”. Aparıcı sadəcə, yeni layihənin doğmalarını axtaran şəxslərlə bağlı teleproqram olacağını bildirib.
Telekanalda yayımlanacaq digər layihələrlə bağlı məlumat əldə etmək isə mümkün olmadı. Belə ki, telekanalın Proqramlar Departamentinin direktoru Sevda Həsənova “Yeni layihələrlə bağlı sualı ancaq mətbuat əlaqələndiricisi Mais Məmmədov cavablandıra bilər” deyə bizi ona ünvanlasa da, telefonlarımızı cavab verən tapılmadı.
«Space» televiziyasının proqram direktoru Rahib Rəsulov isə bildirdi ki, bu il telekanal tamaşaçılara iki yeni serial təqdim edəcək. Belə ki, «Tək olanda qorxma» və «Oğurlanmış arzular» serialları mövsümün sonunadək davam edəcək. Proqram direktoru yeni layihələrlə bağlı əlavə məlumat vermək istəmədi: «Biz yeni layihələrlə bağlı məlumat verə bilmərik. Çünki məlumatları yalnız anonslar gedəndən sonra verə biləcəyik. Anonslar isə həftənin sonunadək hazırlanacaq».
Proqram direktoru əlavə məlumatlar vermək üçün telekanal rəhbərliyindən icazə almalı olduğunu və daha sonra bizə zəng edib dolğun məlumat verəcəyini söyləsə də, günün sonuna qədər gözlədiyimiz zəng gəlmədi.
«Lider» TV-də yeni layihələrlə maraqlanarkən təxminən eyni cavabı eşitdik: «Rəhbərliyin icazəsi olmadan sualınızı cavablandıra bilmərik». Qeyd edim ki, telekanaldan bu cavabı alana qədər dəfələrlə telefon açdıq və hər dəfə də yalnız “Yarım saatdan sonra zəng vurun” sözlərini eşitdik.
Əlaqə saxlamağa çalışdığımız radio redaksiyalarından aldığımız cavablar da sanki bir-birlərinə söz veriblərmiş kimi fərqli olmadı. “Yeni nəyə baxacağıq?” və ya “nə dinləyəcəyik?” sualları bizimçün cavabsız qaldı. Bu üzdən bütün tamaşaçılar və dinləyicilər kimi iş-gücümüzü atıb televizorun qarşısında oturub, radioqəbuledicidən ayrılmayıb yeni layihələrin anonslarını deyil, özlərini gözləməkdən başqa çarəmiz yoxdur. Vay o gündən ki, maraqlı olmaya...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər