AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nəslin on yeddi hərbçisindən biri

Nəslin on yeddi hərbçisindən biri

Cəmiyyət
24 Oktyabr 2020, 16:27 229
 
O, general-leytenant rütbəsi alan ilk azərbaycanlıdır
 
Mənbələrdə yer alan məlumata görə, Bakıxanovlar nəsli Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixi, fəlsəfəsi və hərbisinə görkəmli şəxsiyyətlər bəxş edib. Bu nəslin ən görkəmli nümayəndəsi kimi həmişə Abbasqulu ağa Bakıxanov xatırlanır. Onun Azərbaycan ədəbiyyatı, tarixi, fəlsəfəsi, maarifi sahəsində və rus ordusunda hərbi xadim kimi göstərdiyi əvəzsiz xidmətləri var. Dərsliklərdə, tədqiqat əsərlərində də Abbasqulu ağa Bakıxanov haqda xeyli məlumatlar yer alıb. Bakıxanovlar nəslindən olan hərbçilər haqqında isə oxucuların çoxu, demək olar ki, məlumatsızdır. Ən maraqlı fakt odur ki, ötən əsrdə bu nəsildə on yeddi hərbçi yetişib. Onların arasından Cəfərqulu ağa Bakıxanov, Həsən ağa Bakıxanov, Abdulla ağa Bakıxanov general rütbəsinə layiq görülüblər. Hətta Cəfərqulu ağa general-leytenant rütbəsinə qədər yüksəlib. 
 
Qüsursuz hərbi xidmət
 
19-cu əsrin 20-ci illərində hərbi xidmətə başlayan Cəfərqulu ağa 1799-cu ildə (doğum tarixi ilə bağlı müxtəlif versiyalar mövcuddur) Qubada anadan olub. Hərbi təhsilini əvvəl Dərbənddə, sonra isə Peterburqda alıb. Kiçik zabit rütbəsi ilə hərbi məktəbi bitirən Cəfərqulu ağa Müşkür mahalının naibi təyin olunub. 1824-cü ildə Qafqaz canişini general Aleksey Petroviç Yermolov ştabs-kapitan Cəfərqulu ağa Bakıxanovun qüsursuz hərbi xidmətlərini nəzərə alaraq, komendantlıq dövründə alınıb dövlətin ixtiyarına keçirilən dədə-baba torpaqlarını Cəfərqulu ağaya qaytarır və Hacı Ərəb kəndini ona bağışlayır.
 
Yazıçı-tədqiqatçı, Azərbaycan generalları haqqında silsilə kitabların müəllifi Şəmistan Nəzirli həmçinin Cəfərqulu ağa Bakıxanov haqqında ilk tədqiqatların ona məxsus olduğunu, Sankt-Peterburqda, Xarkovda arxivlərdə işlədiyini bildirir. Bele ki, Cəfərqulu ağa Bakıxanov ilk döyüş sınağını 1826-28-ci illərdə Rusiya ilə İran arasında olan müharibədə keçir. Quba süvari dəstəsinin komandiri kapitan Cəfərqulu ağa Salyanı, Zərdabı və Kür çayı sahilini İran basqınçılarından təmizləyir. Şamxor (indiki Şəmkir) və Gəncə yaxınlığında gedən şiddətli döyüşlərdə Cəfərqulu ağa, süvarisi şah qvardiyasından olan bir dəstəni əsir alır. Həmin günlərdə komandan İvan Paskeviçə göndərilən raportda yazılırdı: "Azərbaycan döyüşçüləri misilsiz qəhrəmanlıq göstərir və həmişə də ön sıralarda getməyə icazə verilməsini tələb edirlər”. Bu döyüşlərdə əlli səkkiz azərbaycanlı döyüşçünün qəhrəmanlığı orden və medallara layiq görülür. 

Müharibədən bir il sonra, 1829-cu il fevralın 8-də imperatorun sərəncamı ilə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə, mayor Cəfərqulu ağa Bakıxanov üçüncü dərəcəli bantlı "Müqəddəs Anna” ordeni ilə təltif olunur. 

Podpolkovnik Cəfərqulu ağa Bakıxanov uzun illər Dağıstan hərbi dairəsində qulluq edib. O, dairənin komandanı general M.Z.Arqutinski ilə yaxın dost olub. General M.Arqutinski öz qeydlərində Cəfərqulu ağaya, onun qardaşı şair Abbasqulu ağaya səmimi münasibət bəslədiyini və  dəfələrlə Qubada onların evində qonaq qaldığını iftixarla yazır. 

Abbasqulu ağa Bakıxanov isə "Gülüstani-İrəm”in yazılması səbəbi barədə” adlı şerində general Arqutinskini hörmətlə yad edir. 25 sentyabr 1848-ci il tarixli digər raportda knyaz Arqutinski qraf Vorontsova Aktam kəndi yaxınlığında Daniyal bəy və Hacı Muradın dəstəsilə döyüşün detallarını açıqlayır: "Düşmən təlaşa düşən kimi polkovnik Cəfərqulu ağa öz süvari qoşunu ilə düşmənin arxasına keçdi və qaçanlara cinahdan hücum etdi”.

Qraf Vorontsovun əlahiddə Qafqaz korpusu ilə bağlı əmrindən çıxarışda yazılır: «Turçi-dağa doğru irəliləməzdən əvvəl knyaz Arqutinski Ömərin dəstəsinə qarşı general-mayor Bakıxanovun rəhbərliyi altında 1 batalyon, 2 top, 200 kazak, 600 milis və Ağalar bəyin polkundan ibarət ehtiyat dəstə göndərmişdi. Ehtiyat qüvvələr qısa vaxt ərzində toplandı və bir gecəyə 50 verst keçərək düşməni gözlənilmədən Çiraxçay üzərində yaxaladı, onu döyüş meydanından qaçmağa məcbur etdi”.
 
 
 
Abbasqulu ağanın məktubu

1829-cu ildə  Cəfərqulu ağa Bakıxanov Həzrə kəndinin çox da varlı  olmayan bəyi Xanbutayın  qızı Çimnaz xanımla ailə qurur. Kiçik qardaşının xeyir işinə sevinən Abbasqulu ağa Bakıxanov Tiflisdən həyat yoldaşı Səkinə xanıma yazırdı: "Əzizim, mehribanım! ... Qardaşım Cəfərqulunun xeyir işi barədə bərk sevindim. Mən can-başla bu işə razıyam. İstəyir xan, bəy, ya da başqa bir kəsin qızı olsun. Könlü necə istəyir, elə də etsin. Siz də bu barədə əlinizdən gələni edin. Pulum olsaydı, belə bir xeyir iş üçün göndərərdim. Ancaq yoxumdur. Öz şallarından birini onun gəlininə bağışla. Artıq nə yazım. Siz qardaşımdan, qardaşım da sizdən muğayat olun. Bir-birinizə mehribanlıq eləyin. Analarımıza, qardaşlarımıza salam-dua yetirin. Bacım Xeyransa xanıma xüsusi salamım var. Günləriniz arzunuzca olsun. 
Abbasqulu”.

Cəfərqulu ağanın Qubada 2 mərtəbəli daş evi, daş karvansarayı, 9 dükanı və şəhər ərazisində 4 meyvə bağı olub. Amsar, Cəfərabad və Qədəmlər kəndləri də ona məxsus imiş. Bu kəndlərdə 120 ailə yaşayıb, ümumi ərazi əkinə yararlı və yararsız 4 min desyatin idi. Həyat yoldaşının adına heç bir əmlak olmayıb.
 
Hacı Murada qarşı döyüş 
 
Cəfərqulu ağa Bakıxanov 1844-1848-ci illərdə Dağıstanda da olmuş və Salta və Gergebil döyüşlərində, o cümlədən Hacı Murada qarşı döyüşlərdə iştirak edir. Xüsusilə son aul (istehkamlı kənd) Axtaya 1848-ci ildə edilən hücum zamanı xüsusi fərqlənir. Xidmətlərinə görə həmin ildə polkovnik rütbəsinə layiq görülür və üzərində "Cəsarətə görə” yazısı olan qızıl qılıncla təltif edilir.

1853-cü ildə Krım müharibəsi başlananda Cəfərqulu ağa Bakıxanov polkovnik kimi döyüşürdü. Onun bu müharibədəki şücaəti dördüncü dərəcəli "Müqəddəs Georgi Ordeni”nə layiq görülüb. Azərbaycanlılardan ibarət süvari dəstəsinin komandiri olan Cəfərqulu xana general-mayor rütbəsi verilir. 

Arxiv sənədlərində göstərilir ki, 1856-cı ildə II Aleksandrın tacqoyma mərasiminə tanınmış yerli feodallardan ibarət nümayəndələr göndərilib. Nümayəndə heyətinin tərkibində Dərbəndin ali təbəqəsindən general-mayor Cəfərqulu ağa Bakıxanov, Darkin mahalından mayor Nurbahənd Hadi, Samur mahalından poruçik Qazi Əhməd Hacı oğlu, Qazıqumıq xanlığından kornet Həsən xan, Qaytaqdan poruçik Atambəy İbahoğlu, Tabasarandan podporuçik İsmayılbəy Mirzə Hadıoğlu vardı. Nümayəndə heyətinin başçısı general-mayor Cəfərqulu ağa Bakıxanov idi. XIX əsrin altmışıncı illərində Cəfərqulu ağa Quba qəzasında torpaq sahibkarlarından biri idi. General Cəfərqulu ağa Bakıxanov özünün şəxsi torpaqlarından əlavə 1855-ci ildə dövlətdən on beş il müddətinə yüz əlli desyatin torpaq icarəyə götürmüşdü. 

Cəfərqulu ağanı, həmçinin xeyirxah insan kimi tanıyıblar. Deyilənlərə görə, nəslinə məxsus ağayanalığı həmişə qoruyub saxlayıb, yetim-yesirə, kəndliyə, kasıb-kusuba əl uzadıb, qapısına kömək üçün gələni əliboş qaytarmayıb. Onun torpaqlarında işləyən insanlar ağalarından həmişə razılıq ediblər.

1863-cü ildə  Cəfərqulu ağa Bakıxanov orduda nümunəvi xidmətinə görə general-leytenant rütbəsinə layiq görülür. Tədqiqatlar zamanı müəyyən olunub ki, ilk azərbaycanlı general-leytenantımız Cəfərqulu ağa Bakıxanovdur. Bu, keçmiş rus ordusunda ən ali rütbələrdən biridir. Müasir ordu ilə müqayisə etdikdə general-polkovnik rütbəsinə bərabərdir. 

Zaqafqaziya Rusiya ilə birləşəndə Qarabağ hakimi İbrahimxəlil xana və Şəki hakimi Cəfərqulu xana da general-leytenant (1806-cı ildə) rütbəsi verilmişdi. Lakin Cəfərqulu ağa Bakıxanovun üstünlüyü onda olub ki, o, nizami orduda uzun illər xidmət etdikdən sonra əla və qüsursuz xidmətinə görə bu rütbəyə layiq görülüb. Qarabağ hakimi İbrahimxəlil xanı və Şəki hakimi Cəfərqulu xanı isə çarizm öz tərəfinə çəkmək məqsədilə general-leytenant rütbəsi ilə  təltif etmişdi. 
 


Sonuncu Bakı xanının nəslindən
 
General-leytenant Cəfərqulu ağa 1867-ci ilin oktyabr ayında Qubada vəfat edib. Moskvadakı Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin 191 saylı Yefremov fondunda həmin ildə "Vostok” qəzetindən köçürülmüş bir vərəq saxlanılır. Vərəqdə qeyd edilib: "Vostok” qəzetinin yazdığına görə, keçən ay Qubada general-leytenant Cəfərqulu xan Bakıxanov vəfat etmişdir. O, sonuncu Bakı xanı Hüseynqulu xanın nəslindəndir. Hüseynqulu xanın nökəri 1806-cı ildə Sisianovu öldürmüşdür. Bakıxanovun cənazəsi Qubadan Bakıya Şıx vadisində dəfn olunmağa gətirilmişdir. Xanın dəfn mərasimi onun mənsəb və rütbəsinə layiq hərbi  şərəflə təşkil olunmuşdur. Qubernator və onun şəxsi heyəti vidalaşmaq üçün Şamaxı yoluna gəlmişdilər. Mərasim hərbi matəm musiqisi və qaladan atılan yaylım atəşi ilə müşayiət olunmuşdur. Matəm dəstəsinin önündə  bəziləri barabanlarla, bəziləri isə bayraq və müxtəlif ordenlərlə irəliləyirdilər. Onların ardınca mollaların müşayiəti ilə tabutda mərhumun cənazəsi aparılırdı. Cəfərqulu ağanın dəfni böyük hörmət və ehtiramla həyata keçirildi”.

Cəfərqulu ağanın oğulları Əhməd ağa və Həsən ağa da Rusiya İmperiyasının ordusunda xidmət edib, Qafqaz ordusunun komandanına tabe olublar. Əhməd ağa Kazak polkunun leyb-qvardiyasının polkovniki, Həsən ağa isə general-mayor olub. Abbasqulu ağa Bakıxanovun böyük qardaşı da polkovnik olub.

Hərb tariximizin bu cəsur nümayəndələri o dövrün şəraitinə uyğun çar imperiyasına xidmət etsələr də, Azərbaycan hərbçisi kimi adlarını tarixə yazdırıblar. Bu gün isə Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbçilərimiz sələflərinin rəşadətindən qüvvət alır, adlarını hərb tariximizə yazdırırlar.  
 
Təranə Məhərrəmova