• şənbə, 20 Aprel, 02:51
  • Baku Bakı 15°C

“Nəsimiyə ithaf” əsərində tembr və faktura xüsusiyyətlər

03.04.19 11:00 1176
“Nəsimiyə ithaf” əsərində tembr və faktura xüsusiyyətlər
Məlum olduğu kimi, XX əsrin ikinci yarısı orkestrləşdirmə sahəsində böyük yeniliklərlə xarakterizə olunur. Bununla yanaşı, Azərbaycanda milli simfonizm məktəbinin inkişafı ilə əlaqədar, orkestrdə əsas yeri , milli xarakterli səslənmə sahəsində yeni-yeni axtarışlar təşkil edirdi. Belə ki, orkestrin bütün sirlərinə yiyələnərək, dünya musiqi dəyərlərinə yüksək qiymət verən bəstəkar kimi, bunları yeni milli ənənələr yönündə sındıraraq, orkestrin bütün imkanlarından istifadə edən Firəngiz Əlizadə xalq sənəti janrına - muğama müraciət edir. Azərbaycan musiqi sənətində xalq dühasının ən parlaq yaradıcılıq məhsulu olan muğamlar, musiqimizin təməl daşı, onun bünövrəsi , dayaq sütunudur. Muğam, mahnılarımız və oyun havalarımız, simfonik əsərlərimiz , opera və baletlərimiz üçün tükənməz və gözəl təranələr mənbəyidir. Yaradıcılığında muğamlara müraciət edən F.Əlizadə özündən əvvəlki sənətkarların başqa janrlardakı təcrübəsini öz əsərlərində inkişaf etdirərək muğam sənəti və simfonik musiqinin prinsiplərinin sintezinə nail olur.
Təhlil edəcəyim " Nəsimiyə ithaf” əsəri, Şərqin keçmiş və indiki zamanının mənəvi mədəniyyətinin, ədəbi, təsviri sənət, musiqi kimi geniş assosiasiyaları ilə əks olunub. F.Əlizadənən " Nəsimiyə ithaf” əsəri 2018-ci il, mart ayının 12 də Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında səhnəyə qoyuldu. Avropa-simli alətləri və milli alətlərin sintezindən istifadə edən bəstəkar, klassik və milli musiqi mədəniyyətlərinin nailiyyətlərindən bəhrələnərək, bu iki üsulların əlamətini modernləşdirərək öz təfəkküründə onları yeni orqanik bir tərzdə dəyişdirmişdir. İmadəddin Nəsimi (1369-1417) görkəmli Azərbaycan şairi və mütəfəkkiri olmuşdur. Nəsiminin 600 illik yubileyi ilə əlaqədar F.Əlizadənin " Nəsimiyə İthaf ” əsəri i ilk dəfə 18 may 2017-ci ildə YUNESKO-nun qərargahında nümayiş olunmuşdur. Bu əsər dünyanın bir çox ölkələrini fəth edərək, dinləyicilərin rəğbətini qazanmışdır.
Hələ 1993-cü ildə Nyu-Yorkun məşhur "Lincoln Center”ində Kronos Quartetinin ifasında F.Əlizadənin "Mugamsayagı” əsərinin premyerası keçirilir. "Dərviş” əsəri isə 2000-ci ildə dünya şöhrətli violoncel çalan Yo Yo Manın "İpək yolu” transkontinental layihəsinə cəlb olunur. Hər iki əsər dünyanın bir çox ölkələrində ifa olunmuşdur və olunmaqdadır. "Dərviş” əsərində bəstəkar, dərvişin ruhunu violonçel alətinə həvalə edir. Məhz 2018-ci ildə Bakıda ilk dəfə premyerası olan "Nəsimiyə ithaf” əsəri "Dərviş” və "Mugamsayagı” əsərlərinin sintezindən yarandı. Bəstəkarın dediklərinə görə, bu əsərə bir çox əlavələr də olunub. " Nəsimiyə ithaf” əsərdə xalq melodiyalarına və ritminə, muğamlarımıza müraciət edən bəstəkar, onları müasir ifadə üsulları vasitəsilə bədii şəkildə yeniləşdirir. Bunun nəticəsində əsərdə milli koloritin təzəliyi, lad improvizə zənginliyi, muğamlardan irəli gələn cərəyanlı inkişafı, açıq-aşkar müşahidə edirik.
"Nəsimiyə ithaf” əsərində sintez içində sintezlə rastlaşırıq. Belə ki, bəstəkar klassik və milli alətlərin sintezində , vokal, xoreoqrafiya və şeiri birləşdirmişdir. Dramatik rejissura qaydaları əsərə çox xeyirli yeniliklər gətirdi. Əsərin xoreoqrafik dili də məzmunu kimi mürəkkəbdir. Xoreoqrafik üsulların istifadəsi çoxşaxəlidir. Bu əsərdə bəstəkar, Nəsiminin xoreoqrafik rəqsi, düzgün qurulmuş kompozisiya və düzgün seçilmiş tematika ilə obrazı bacarıqla inkişaf etdirilərək, fikirlərin, sözlərin ifadəsini dinləyicilərə aydın çatdırmışdır. Bu sahələrin sintezində dərinlik və dramatiklik orijinaldır. Nəsimi obrazı parlaq və inandırıcıdır. Bu xoreoqrafik obrazda əsil poeziya yaşayırdı.
F.Əlizadənin " Nəsimiyə ithaf ” əsəri öz emosional gücü, həqiqi hissləri, təzadların cəsarətliliyi, diqqəti cəlb edən teatrallığı ilə tamaşaçını heyran qoyur. Müəllif düşüncəsində önəmli bir element kimi çıxış edən tembr və faktura, musiqi dilinin ən mühüm elementi və musiqi inkişafının təsirli cəhəti kimi, musiqi obrazlarının inkişafını və bədii fikrin qurulmasını möhkəmləndirir. Burada violino, viola, violoncello, milli alətlərimizdən olan qanun, ney , qoşanağaradan və digər zərb alətlərindən, xanəndə-ifaçıdan istifadə olunmuşdur. Bəstəkar, alətlərin ifadə imkanlarından daha geniş istifadə edib, yeni ahəngə nail olaraq, tembr aktivliyini yüksək dərəcəyə çatdırır. Musiqidə alətşünaslıq təbii məntiqi, müdrik sadəliyi və incə seçimli üsulları ilə valehedicidir. Coxşaxəli tembrlər xüsusiyyətinin dərinliklərinə daxil olaraq , onlardan öz fərdi düşüncə tərzinə görə bacarıqla istifadə edən bəstəkar, ansambla yeni səslənmə, tembr rəngarəngliyini gətirmişdir. Belə ki, alətlərin ifasında instrumental tembr üsulları - pizzicato, spiccato, qlissando , tremolando və s.dən geniş istifadə olunmuşdur. Burada bəstəkar alətləri bir-biri ilə dəyişdirmək variantlarından, müxtəlif tembrli alətləri ikiləşdirmə üsullarından zəngin istifadə etmişdir. Eyni zamanda bu əsərdə faktura dramaturgiyası lentli hərəkətlər, ostinatolu baslar, melodik fiqurasiyalardan zəngin istifadə hesabına inkişaf etdirilir. Əsərin partiturasını öyrənərkən belə nəticəyə gəlmək olar ki, bəstəkar burada tembr ziddiyyətlərini üstələmək üçün xüsusi olaraq faktura və reqistr üsullarından məharətlə istifadə edib, alətşünaslıgın özünəməxsus dialektikasını təsdiqləyir. Məlumdur ki, kamanlı alətlər, yəni simli alətlər tembrlərinə görə bir-birinə yaxın olduqlarından, bunların birgə səslənməsi son dərəcə həmahəng olub, vahid geniş diapazonlu bir aləti xatırladır. Simli alətlərə Azərbaycanın milli nəfəs aləti olan neyin əlavə olunması, əsərə yeni tembr effekti verilir. Daha sonra milli alətimiz olan qanunun əlavə olunması tembr zənginliyini yaradır. Xanəndənin muğam ifası isə ümumi kompozisiyaya möhtəşəmlik verir. Dekorativ orkestr yazısını, tembr rəngarəngliyində həll olunan kölgə və işıq oyununu yaradan bəstəkar, təqdim olunan əsərdə qədimliyin təravətini gətirir. Burada xeyir və şər mübarizəsi, əsas qəhrəman Nəsimi və iblisin mübarizəsi timsalında əks olunurdu. Əsərin kulminasiyasında melodik şiddətlənmə, ritmik hərəkətlərin canlanması ilə, uzun ölçülərdən daha xırda ölçülərə keçidlə əlaqədar olurdu. Bəstəkar alətlərin ifadə imkanlarından daha geniş istifadə edərək, yeni ahəngə nail olaraq tembr aktivliyini yüksək dərəcəyə çatdırır.
Bu əsərdə hər partiyanın, hər alətin yalnız ona məxsus olan tematik məzmunu və öz ritmik şəkli var. Belə alətşünaslıqda dinləyici ümumi səs axarında, onun sərbəst cərəyanını çox asanlıqla ayırd edir. Digər sənətlərdə olduğu kimi, musiqidə də əsas yeri obraz tutur və o, həyatın müxtəlif cəhətlərini ümumiləşdirərək əks etdir. " Nəsimiyə ithaf ” əsərində Nəsimi obrazında, onun daxili aləmi, duyğuları, şeirlə ifadə olunan hissləri musiqi obrazlarında başlıca mühüm yeri tuturdu. Nəzərə alsaq ki, musiqidə əks olunan emosiyalar, hisslər artıq dinləyiciyə tanışdır, ona görə də, həmən emosiyaların musiqidə əks olunması şüurumuzda, qəlbimizdə dərin izlər buraxır. Muğam elementləri ilə zəngin olan musiqi, öz ruhu ilə adama təsir edir, dinləyicini ruhunu oxşayır, gah da onu kədərləndirir. Muğam köklərinə əsaslanan mövzunun konkret obrazlı şəkil olaraq öz emosionallığı, musiqinin məzmununu basa düşməyə kömək edir.
Təsadüfi deyil ki, bəstəkar Nəsimi obrazını - əsas qəhrəmanın daxili aləmini , onun iztirablı ruhunu əks etdirən mövzunu zəngin muğamlarımızın Şüştər, Səmayi-şəms , Cahargah, Şur kimi köklərinə istinad etməklə açıb inkişaf etdirir. Bəstəkar təkcə simlilərə və milli alətlərimizə müraciət edərək təmiz tembrlərdən istifadə etməklə yanaşı, eyni zamanda klassik Avropa alətləri ilə Azərbaycan milli alətlərinin birgə ifasından ibarət olan qarışıq tembrlərə də müraciət edir. O, bir alət və ya qarışıq alətlər qrupundan müxtəlif tesseturalarda istifadə etməklə, tembri dəyişdirməyə nail olur. Belə müxtəlif tembrli alətlərin ikiləşməsindən və ya alətlərin "solo " ifalarından, bütün tərkibin tutti ifalarından istifadə olunması, tembr gərginliyinin böyüməsinə gətirib çıxarır.
F.Əlizadənin " Nəsimiyə ithaf ” əsəri, öz emosional gücü, həqiqi hissləri, təzadların cəsarətliliyi, diqqəti cəlb edən teatrallıgı ilə tamaşaçını heyran qoyur.
" Nəsimiyə ithaf ” əsərinin musiqisi, melodik özünəməxsusluq, milli kolorit incəliyi, maraqlı ritm, ecazkar ansambl yazısının, tembr və faktura rəngarəngliliyinin sehri, dünya səhnələrində dinləyicini valeh edir. Təqdim olunan təhlildən nəticə çıxararaq belə demək olar ki, müəllif düşüncəsində önəmli bir element kimi çıxış edən tembr və faktura, musiqi obrazlarının inkişafını və bədii fikrin qurulmasını möhkəmlədən bir faktor kimi çıxış edir. F.Əlizadə yaradıcılığı musiqi təfəkkürünün fəlsəfi mahiyyətinin inkişafında orijinal və təkrarsızdır. Sənətkar öz əsərlərində milli musiqi ənənələrini XXI əsr musiqisinin ən yeni qabaqcıl nailiyyətləri ilə birləşdirərək, mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir. Dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq, F.Əlizadə öz əsərləri ilə vətənini təbliğ və tərənnüm edir. O, vətəninə olan sonsuz sevgisini bütün yaradıcılığı boyu dünyanın bir çox ölkələrindən keçirərək, dinləyicilərdə doğma diyarı haqqında misilsiz təəssüratlar yaradır.
Lalə Cəfərova, sənətşünaslıq üzrə fəlsəfə doktoru,
dosent
banner

Oxşar Xəbərlər