• çərşənbə axşamı, 19 mart, 12:34
  • Baku Bakı 8°C

Nəsiminin əsərlərindəki dialektizmlərin bəzi türk dilləri ilə müqayisəsi

11.02.19 12:30 2484
Nəsiminin əsərlərindəki dialektizmlərin bəzi  türk dilləri ilə müqayisəsi
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2019-cu ili Nəsimi ili elan etməsi olduqca təqdirəlayiq haldır, alqışlanandır, böyük Nəsimi bədii irsinə tükənməz məhəbbətin ifadəsidir. Q.Məmmədova öz kitabında cənab prezidentin nitqindən aşağıdakı sitatı gətirərək qeyd edir: "XIV-XV əsrlərdə yaşayıb yaradan Nəsimi ana dilində ilk dəfə olaraq ictimai-fəlsəfi qəzəl nümunələri yaradaraq, ictimai və fəlsəfi fikir tarixində inqilab etmişdir. Bu tarixi xidməti ilə Nəsimi Azərbaycanda ictimai fikrin yeni istiqamətdə inkişafına mühüm təsir etmişdir. Digər bir tərəfdən isə Nəsimi bununla Azərbaycan dilinin cəmiyyət, təbiət və təfəkkürün bütün sahələrində fəal mövqeyini bir daha nümayiş etdirərək onun həm də gözəl lirik duyğuları əks etdirə bilmək qüdrətini sübuta yetirmişdir. Nəsimi yaradıcılığı Azərbaycan tarixinin gərgin və ziddiyyətli dövrünə təsadüf etmişdir. Dilin hər hansı bir xalqın tarixini özündə əks etdirə bilmək qüdrətinə malik olduğunu artıq tarix dəfələrlə təsdiq etmişdir. Məhz bu cəhətdən Nəsiminin dili bir növ tarixin özünün real mənzərəsini canlandırır”.
İctimai-siyasi həyatın çox çətin vaxtlarında yazıb-yaradan Nəsiminin əsərlərində dialektizmlər olduqca çoxdur və onların kökdil formalarının öyrənilməsi, ümumtürk dillərinə inteqrasiyası məsələlərinin tədqiq edilməsi müasir dövrümüz üçün olduqca aktuallıq kəsb edir. Nəsiminin əsərlərində özünü göstərən dialektizmlərin ümumtürk dillərinə qarşılıqlı inteqrasiyası bir tərəfdən qədim türk leksik vahidlərinin bəzilərinin olduğu kimi saxlanması ilə, digər tərəfdən isə kökdil formalarının müəyyən fonetik dəyişikliyə məruz qalması ilə xarakterizə olunmalıdır. Azərbaycan ədəbi dili tarixində bir sənətkar kimi öz məsuliyyətini dərk edən böyük Nəsimi əsərlərində dialektizmlərdən də müəyyən üslubi effektlər yaratmaq məqsədilə məharətlə istifadə etmişdir ki, onların bəzilərini aşağıdakı şəkildə şərh edə bilərik:
Dün: Bu dialektizm Nəsiminin şeirlərində "gecə” mənasında işlənmişdir: Dünü gün müntəzirəm bən ki, bu pərgar nədir, Günbədi-çərxi fələk, gərdişi dəvvar nədir; Dünlə günüm həmişə qəmü şamü səhərdir. C.Qəhrəmanov Nəsiminin "Divanı”nın leksikası kitabında məsələyə çox geniş şəkildə aydınlıq gətirir.
Dün sözü müasir Türkiyə və Azərbaycan türkcələrində heç bir fonetik dəyişikliyə məruz qalmadan işləndiyi halda, türkmən türkcəsində sözün ortasına y samitinin əlavəsi ilə (düyn) çıxış edir. Bu söz gecə mənasında başqırd türkcəsində (kısӓ), qazax türkcəsində (keşe), qırğız türkcəsində (keçё), özbək türkcəsində (keçӓ), tatar türkcəsində (kiçӓ), uyğur türkcəsində (keçӓ) işlənir. Maraqlı cəhət budur ki, dün sözünün tün qədim formasına uyğur dilində rast gəlinir. Tün sözü uyğur dilində mürəkkəb quruluşa malik tünögün sözünün birinci komponentində işlənir. "Karşılaştırmalı türk lehceleri sözlüğü”ndə bu barədə daha geniş məlumatlara rast gələ bilərik.
Dün sözü Azərbaycan dilinin dialekt və şivələrində "qaranlıq” mənasında işlənir. Bu sözün "Azərbaycan dilinin dialektoloji lüğəti”ndə tün variantının Gəncə dialektində "üstü örtülü küçə” mənasında çıxış etməsi qeyd edilir. B.Xəlilov qeyd edir ki, tün sözü Qax dialektində "səkkiz litrlik neft qabı” mənasında işlənir. Məs: Tündə nəft saxlayırıx. Bu söz Gəncə dialektində "hər iki tərəfində müxtəlif dükanlar olan üstüörtülü pasaj” mənasında işlənir.
Tün sözü "gecə” mənasında uyğur, cığatay, tarançin, qırğız, qara qırğız, altay, saqay, koybol, koman və s. dillərində də işlənir: kün tün (uyğur dilində) – gecə- gündüz, tün ortası (qırğız dilində) – gecənin ortası; tün ortozı (teleut dilində) – gecənin ortası; orto tün (teleut dilində) – gecənin ortası. Türk dilləri dialektlərini araşdırarkən bunun şahidi oluruq.
Nəsimi dövründə tün sözü ümumtürk ədəbi dillərinin leksik vahidlərindən olmuş və hazırda əksər türk dillərinin ədəbi dillərində işlənsə də, Azərbaycan dilinin bəzi dialekt və şivələrində öz izini qoruyub saxlamışdır. Q.Məmmədova göstərir ki, müasir canlı danışıq dilində tün sözü ilə yaranmış bəzi sözlərə də təsadüf olunur. Məsələn, bu qədim sözün əvvəlki mənasına çox yaxın olan tünnüy (qarma- qarışıqlıq) sözünün tərkibində bu, aydın nəzərə çarpır: Bala, nə var tünnüyə girirsən, gəl bura. (Salyan) Bundan başqa, bu sözün Salyan rayon şivəsində işlənən bir ifadənin tərkibində sırf gecə hiyləgər mənasında işlənməsinə rast gəlmişik. Pozğun, avara həyat tərzi keçirən, hiyləgər və dələduz adam haqqında "O yüz tüləxanadan // tünəxadan çıxıb” ifadəsi işlədilir. Bizcə, bu "gecəxana, gecə əyləncə, kef məclisinin keçirildiyi yer” anlayışı yaradır və Q.Məmmədovanın da gəldiyi nəticə bundan ibarətdir.
V.V.Radlov tün sözünün soyon dilində "gecə” və "dünən” (Azərbaycan dilindəki dünən sözündə dün hissəsi asemantikləşmişdir) mənalarını verdiyi göstərmişdir. V.V.Radlovun verdiyi tüna (cığatay dilində "dünən” mənasında), tüna (uyğur dilində "gecələmək” mənasında), tünak (uyğur dilində qaranlıq yer, qaranlıq”, dustaqxana, qazamat, zindan” mənasında), tünaqi (sıqay, koybol, cığatay dillərində "dünənki gün” mənasında), tüneqin (karaim dilində "dünən” mənasında) və s. sözlərdə tün // tüna sözü asemantikləşmişdir. B.Xəlilovun dediklərinə diqqət yetirək: tünak → tün – a → tüna → tünak; tünaqi – tün – a → tünaqi (Azərbaycan dilində dünənki); tüneqin → tün – e → tüne – tüne – qin // kin // gün → tüneqin (Azərbaycan dilində dünən → dün – gün → dünən)
Kəpənək: Bu qədim söz Nəsiminin bir neçə misrasında işlədilmişdir: Çəkəm əynimə bu sikkeyi-mərdan kəpənək, Biləsən qıldı mənim dərdimə dərman kəpənək. Azərbaycan dilinin dialekt və şivələrində bu söz işlənməsə də, bir neçə toponimdə qorunub saxlanılmışdır. Belə ki, Gürcüstanın Azərbaycan əhalisi yaşayan ərazisində Kəpənəkçi kənd adı qeydə alınmışdır. Qədim dövrlərdə geyim əşyasının adını bildirən kəpənək sözü hazırda "yapınçı” anlamında çıxış edir. Yapınçı sözü özbək türkcəsində yâpinçik, türkmən türkcəsində yapınca fonetik variantlarında işlənir. Kəpənək sözü Türkiyə türkcəsində kepenek, qazax türkcəsində isə kevenek fonetik variantlarında çıxış edir. Lüğətlər əsasında bunu daha aydın görə bilərik.
"Kitabi-Dədə Qorqud” dastanlarında da kəpənək leksik vahidi işlənmişdir: "Oğlana qara kəpənək gedirmişlərdi; Qıl kəpənək boyuncuğun sürər degil. Bu isə kəpənək sözünün böyük Nəsimi şeirlərində işlənmə məqamıdır.
Sinək: Nəsiminin dilində bu söz "milçək, çibin” mənasında bənzətmə mövqeyində işlədilmişdir: Qanda kim şərh eyləsəm şirin todağın qəndini, Ərvah uşar sinək kibi ol tatlu şirin qəndinə.
Qədim türk lüğətlərində sinək sözü siyək//sinək//sisək fonetik variantlarında qeydə alınmış və "milçək, ağcaqanad” mənalarında izah edilmişdir. Oğuznamələr də dediklərimizi təsdiq edir.
Sinək sözü siyək fonetik variantında Salyan rayon şivəsində milçək növü mənasında çıxış edir. Məs: Üzüm qalıb günün, qıcqırıb, siyək basıb (danışıqdan).
Azərbaycan dilinin dialektoloji lüğətində göstərilir ki, siyək sözü Lənkəran rayon şivəsində isə sisək fonetik variantında həşərat növü, pıspısı anlamımı bildirir. Qədim sinək sözü Kərkük dialektində də milçək anlayışı verir: Onlardan göstərə billəm, çibin, milçək, və ya sırsız, qarınca, əqrəb, bit...
Sinək sözü Türkiyə türkcəsində sinek, türkmən türkcəsində siɳek şəklində işlənir. Ümumtürk dillərində bu sözün qarşılıqlı inteqrasiyası daha çox özünü çibin sözündə göstərir. Belə ki, bu leksik vahid Azərbaycan türkcəsində çibin, başqırd türkcəsində sivin, qazax türkcəsində şıvın, qırğız türkcəsində çımın, tatar tükcəsində çivin, uyğur türkcəsində çivin fonetik variantlarında çıxış edir.
Yeg: Bu söz müasir Azərbaycan ədəbi dilində arxaikləşsə də, dilimizin Ordubad və Bakı dialektlərində qədim formasını qoruyub saxlamışdır. Müasir dilimizdə bu söz "daha yaxşı, daha gözəl” mənasında işlənir.
Yeg sözü Nəsiminin dilində "yaxşı” anlamında işlədilmişdir: Şikayət eyləmənəm dilbərin cəfasından, Ki onun cəfası bana yegdürür vəfasından; Mənə sürmə kimi ayağın tozu yaratır, Ki, degrəkdir anın tozu həkimin tutiyasından. Bu isə İ.Nəsiminin digər bir şeirindən gətirilmiş nümunədir ki, dediklərimizi sübut edir.
Yeg sözü Türkiyə türkcəsində, uyğur türkcəsində və türkmən türkcəsində heç bir fonetik dəyişikliyə məruz qalmadan işlədilir ki, bu da güclü qarşılıqlı inteqrasiya əlaməti hesab olunmalıdır.
Yemiş: Bu söz qədim türk yazılı abidələrində yimiş şəklində qeydə alınmışdır. "Oğuznamə”də yemiş sözü "meyvə” mənasında işlənmişdir (11, 189). Nəsiminin aşağıdakı beytlərində bu söz "meyvə, bir” mənasında işlədilmişdir: Tuba ağacının nədir yemişi, Hər anı ər yaratdı, yoxsa, dişi; Şirin həlavət ol yemiş imiş ki, sidrəsi Zatında xub xilqətü şirin üsul ola.
Yemiş sözü Azərbaycan dilinin dialekt və şivələrində 3 mənada işlənir. 1) "hər cür meyvə” anlamında: – Bu il yemişimiz bol olub (Balakən); 2) "Quru meyvə qarışığı, üzüm qurusu” mənasında: – Bəşir bayramçün yemiş alıb (Şamaxı, Cənubi Azərbaycan); 3) "Keçmişdə yaxşı xörəklər yeyib-içmiş (adam) (Qubadlı).
Yemiş sözü hazırda ədəbi dilimizdə semantik daralmaya məruz qalaraq yalnız "qovun” mənasında işlənir. Bu isə bəzi sözlərdə məna daralması məsələsidir. Ümumtürk dillərində yemiş sözünün fonetik variantlarla işlənmə mənzərəsi belədir: yemiş (türk dilində), yimiş (başqırd dilində), jemis (qazax dilində), ğemiş (qırğız dilində), çimiş (tatar dilində), iymiş (türkmən dilində), yemiş (uyğur dilində).
Bu deyilənlərə əsasən, belə bir nəticəyə gəlirik ki, Nəsiminin əsərlərinin dilində işlənən dialektizmlərin ümumtürk dillərinə qarşılıqlı inteqrasiyasını hərtərəfli bir şəkildə araşdırmaqla müəyyən fonetik, leksik, qrammatik əlamətləri üzə çıxarmış oluruq və bütün bunlar bir tədqiqat əsərinin mövzusudur.

Mahirə Hüseynova
banner

Oxşar Xəbərlər