• şənbə, 20 Aprel, 10:06
  • Baku Bakı 14°C

Nəsimi poeziyasında dini-fəlsəfi yozum və onun qaynaqları

16.12.19 13:45 1407
Nəsimi poeziyasında dini-fəlsəfi yozum və onun qaynaqları
XIV əsrin sonları – XV əsrin əvvəllərində türk poeziyasının qüdrətindən danışdıqda istər-istəməz İmadəddin Nəsimi adı gözlərimiz qarşısında canlanır. Şairin yaradıcılığının oxucular arasında populyarlığı ilk növbədə ondadır ki, həmin dövr müəlliflərinin əksəriyyətinin həyat fəlsəfəsi islam mədəni-mənəvi düşüncəsi sistemində özünü göstərib, belə yanaşma onlardan hər birinin yaradıcı təfəkkürünün danılmaz hissəsi olsa da, Nəsiminin islama baxışı və dünyanı dərkə münasibəti tamamilə dərinləşdirilmiş müstəvidədir. Nəsimi bütün varlığı ilə islama, haqqa, yaradana elə bağlı idi ki, o, özünə "haqq aşiqi” nisbəsini də qazanmışdı. Nəsiminin dini-mifoloji-fəlsəfi baxışlarını dərindən öyrənmədən onun yaradıcılığının mahiyyətinə uyğun "açar” da salmaq mümkün deyildir. Nəsimi Allaha sevgini daim hər şeyin fövqündə qoymuşdur. Allaha belə bağlılığın səbəbi həmin dövrlərdə şairin içində daha aktual olan dini-fəlsəfi cərəyanlara – sufizmə, panteizmə, hürufizmə mahiyyət etibarı ilə bağlılığına gətirib çıxarmışdır. Bu dini cərəyanlardan hər birinə meyl, həmin fəlsəfələrə vurğunluğu həm də onun hörmət və ehtiramı kimi meydana çıxmışdır.
Əlbəttə, Nəsiminin həyat fəlsəfəsi adlarını çəkdiyimiz cərəyanların islama olan bölünməz münasibəti ilə əlaqələndirilməlidir. İslami baxış və münasibətlər nəinki şairin yerdə baş verənlərə, həm də bütün kainatda gedənlərə bağlılığındadır. Lakin Nəsiminin dini baxışlarının əsası, mənbəyi olmayan yerdən qaynaq almır, həm də bu baxışlar yaşamın və dünyanı dərkin fəlsəfi baxımdan mahiyyətinə yönəlir:

Hər bir səri-mu Mənsur olub söylər ənəlhəq,
Həqqa mey içənlər irişərlər bu xəyalə.

Yaxud:

Üzündür şəksiz allahın yəmini, Kəbəsi, beyti,
Yəmini bilməyən, bil kim, şimalın qədrini bilməz.

Gün, ənəlhəq darını Mənsur olandır istəyən,
Olmayan Mənsur ənəlhəq, leysə fiddar istəməz.



Nəsiminin qəzəllərində bu tipli dini-sakral səciyyəli beytlər yetərincədir:


Ey üzü cənnət, xəti reyhan, dodağı səlsəbil,
Laməkan bədrü hilalidir üzünlə qaşınız.

...Surətindən, ey sənəm, ta görmüşəm həqqi əyan,
Səcdə qıldı üzünə bu aşıqi-qəllaşınız.

Bəhri-zatın gövhərisən, layəzalın surəti,
Laməkan sirrinə xoşdur uşbu gün sırdaşınız.



Nəsiminin nümunə gətirdiyimiz beytlərində "ənəlhəq”, "həqqa mey içənlər”, gözəlin üzünü şəksiz allahın yəmini, Kəbəsi, beyti kimi nəzərdən keçirməsi, ənəlhəq darını Mənsurun istəyib, leysə fiddar istəməməsi, gözəlin üzü cənnət, xəti reyhan, dodağı səlsəbil olmaqla laməkan bədri hilalı, surətindən həqqin əyan olması, bəhri-zatının gövhəri, layəzalın surəti və laməkan sirri onunçün xoş olur. Şairin əksər poetik ibarələrində "əhəlhəq” və "həq” ifadələri onun ikicildliyinə daxil edilmiş çoxsaylı qəzəllərində müxtəlif məqamlarda səsləndirilir və burada Nəsimi özündən əvvəlki mütəfəkkirlərin "vəhdət-əl-vücud” fəlsəfəsini bölüşdürür.
Nəsiminin ənəlhəq fəlsəfəsi onun digər qəzəllərində də "Aləmdə bu gün əhdi bütün yar ələ girməz”, "Can eşqə düşdü, ey könül, yarəb, nədir tədbirimiz”, "Kəbə üzündür, ey sənəm, üzündədir sücudumuz”, "Əcəba, bu huri üzlü məhi-bədr, ya pərimi?”, "Ey nafeyi – Çin saçın siyahı”, "Qaşın vəhyi bizə bürhan irişdi”, "Mahi-tabandır üzün, ey afitabi-xavəri”, "Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım”, "Allah-Allah, nə can, nə dilbərsən?!”, "Külli məkanım gövhəri, gövhəri-kanımsan, nəsən?”, "Nuni=eynin vəhyinə həqdən işarətdir bu gün”, "Aləmi qıldı münəvvər, şol üzü mahı görün”, "Təcəlli dutdu afaqı camalım şəmi-tabından” və s. nəzər saldıqda yetərincə görmək olur. Şair bu tipli qəzəllərində iki aləmdən, Kəbədən, Qurandan, Xızrdan, Musadan, Fəzlullahdan, sənəmin üzünün Kəbəyə bənzəməsindən, gözəlin cəmalının Kəbə kimi xanə olmasından, Həzəran hikməti loğmandan, Misri Yusif-Kənandan, məmləkəti-İskəndərdən, Zöhrdən, Cəbrayildan, Abi-kövsər dodaqlıdan, İsayi-Məryəmdən, Şeyx Sənandan, gözəlin xalının Həbəşdən olmasından, Heydərin heybətindən söhbət açmaqla, onun nigarının, dilbərinin, yarının, qəmərçöhrəsinin, həbibinin, diləfruzunun, vəfadarının, çırağının xudavəndinin, şəmsinin, ulduzunun, bülbülünün qeyri-adi obrazları çoxsaylı epitetlərin köməyi ilə gözümüz qarşısında bərq vurur. Şairin öz istəklisinin əksər hallarda Yaradan səviyyəsinə qaldırılması da uğurlu təşbehlər vasitəsi ilə yaradılır:

Mişkin saçın hər tarəsin iki cahana verməzəm,
Ləlin vüsalın bir nəfəs min dadlı cana verməzəm.

...Yarın dodağı vəsfini, ey zahid, əbsəm, sorma kim,
Nitqin Məsihü Məryəmin hər bizəbana verməzəm.


Şair gözəlin tərifində hətta öz nitq dəmini Məsihin nitqi ilə müqayisə edir. Digər bir qəzəlində isə o, yenə də gözəlin hüsnünə heyran olub, saçının sevdasına düşərkən pərişan olsa da, ləlin Məsiha möcüzəsini görür, özündə həqq kəlamının olduğuna inanır, anəstünarın sirrinə Musa kimi daxil olub, aləmdə dastana çevrildiyindən danışır:

Gəl gör məni batində kim, nə gizli gəncəm fanisiz,
Zahirdə gör surəti, aləmdə viran olmuşam.

...Həqqin kəlamı məndədir, sanma məni həqdən iraq,
Çünki könüldür ərşi-həq, bəs ərşi-rəhman olmuşam.


Nəsiminin əksər qəzəllərində doğrudan da onun iç dünyasının "ərşi-həq”qə bağlılığını görə bilirik. Biz yuxarıda Nəsiminin hürufilik təriqətinə məxsus olduğuna ötəri toxunmuşduq. Burada isə əlavə edək ki, o, hürufizmin aparıcı nümayəndələrindən biri olaraq, digər hürufilər kimi hesab edirdi ki, Qurani-Kərimin özü elə Allahın peyğəmbərə nazil olan möcüzəli obrazıdır. Bu baxımdan "həri dərk etmiş” insan özündən daha yüksək mərtəbədə dayanır. Hürufilik dini-fəlsəfi təliminə görə insan bu mərtəbəyə yetişdikdə o, Allahla eyniləşə bilir. Nəsiminin insan tərəfindən Allahı dərki də ilk növbədə insanın özünün özünü dərki ilə bağlıdır.
Bax elə buna görə də Nəsimi dini-fəlsəfi təlimi özünüdərkə, "Ənəlhəq”ə yönəlir, yəni "Mənəm Allah”, "Allah məndədir, həq məndə”dirə yönəlir. Nəsiminin bədii-fəlsəfi manifestində insanın Allahla, Ulu Yaradanla eyni mərtəbəyə qoyulması təşkil edir. İnsana və Allaha belə yanaşma isə XIV–XV əsrlər dövrü üçün son dərəcə qeyri-adi görünürdü:

Allah – Allah, nə can, nə dilbərsən?
Allah-Allah, nə bəhri-gövhərsən?!

Yerü gög rövşən oldu üzündən,
Ey uca ay, nə şəmsi-xavərsən?!

...Müşkü ənbər saçından utandı,
Canfəza müşk, tazə ənbərsən.


Nəsimi Allahın vəsfinə belə geniş yer verməklə, həm də Allah tərəfindən insana verilmiş ağılı onu bütün canlılardan yüksəkdə durduğunu göstərir. Nəsimiyə görə insan öz ağılının köməyi və sayəsində yaranmışların ən alisidir. O, insanın təbiətin bir hiss’si olub, onda Allahın zərrəsinin olduğunu ön plana çəkir. Onun yanaşmasında insan Allahın nurudur. Bunu biz şairin "Ey üzün şənində münzəl ayəti – Allahu nur” qəzəlindən daha yaxşı duya bilirik:

Ey üzün şənində münzəl ayəti – Allahı nur,
Ləblərin həqqinə gəldi nükteyi – maən – təhur.

...Söyləyən hər natiqin dilində səndən özgə yox,
İşləyən hər failin felində sənsən biqüsur.

...Zahida, gəl zöhdü məbud etmə, olma bütpərəst,
Həqpərəst ol, həqqi tanı, həq – nünəllahül – qəyur.


Nəsiminin dini-fəlsəfi baxışları Allahla–İnsan qarşılıqlı münasibətləri müstəvisində bir bütöv yaradır, şairin dünyaya, aləmə özünəməxsus baxış və mövqeyini əks etdirir. Elə buna görə də Nəsimi yaradıcılığının onun dini baxışları müstəvisində öyrənilməsinə daha çox ehtiyac duyulur.

Pərvanə Məmmədova
banner

Oxşar Xəbərlər