• şənbə, 20 Aprel, 15:33
  • Baku Bakı 23°C

“Nəsimi ili”nin açılış mərasimi keçirilib

07.03.19 14:00 825
“Nəsimi ili”nin açılış mərasimi keçirilib
Ümummilli lider Heydər Əliyev İmadəddin Nəsimi şəxsiyyətinə və yaradıcılığına həmişə böyük ehtiramla yanaşıb.
Bu fikir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı mənzil qərargahında keçirilən "Nəsimi ili”nin açılış mərasimində səslənib.
Nazirlər, digər ali vəzifəli şəxslər, səfirlər, diplomatik korpusun məhsul əməkdaşları, görkəmli ədəbiyyatçılar, QHT və KİV təmsilçilərinin iştirak etdikləri mərasim Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası tərəfindən birgə təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə İmadəddin Nəsiminin yaradıcılığına həsr edilmiş kitab sərgisinə baxıblar.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Nəsiminin XV əsrə aid əlyazmalarının surətləri, dahi şairin 1844-cü və 1881-ci illərdə Türkiyədə ilk dəfə çap edilən kitabları, 1926-cı ildə Bakıda nəşr edilmiş ilk əsəri, Nəsiminin dünya xalqlarının dillərinə tərcümə olunaraq müxtəlif ölkələrdə çap olunmuş əsərləri, eləcə də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə nəfis şəkildə buraxılmış iki cildliyi və digər kitablar barədə məlumat verib.
Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, 2019-cu ilin türkdilli ölkələr üçün "Nəsimi ili” elan olunması haqqında qərar Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ötən ilin dekabrında təşkilata daxil olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasında qəbul edilib. Hər il təşkilatda iki ölkənin görkəmli ədəbiyyat və mədəniyyət xadiminə həsr olunmuş illərin keçirilməsi artıq ənənə halını alıb. Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunan tədbirlərin həm Türkiyədə, həm də digər türkdilli ölkələrdə keçirilməsi təqdirəlayiqdir. Bu tədbirlərdə Azərbaycanın Mədəniyyət Nazirliyi və Milli Kitabxanası çox fəal iştirak edirlər. Məhz bunun nəticəsidir ki, təşkilat hər iki qurum ilə birlikdə Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, İlyas Əfəndiyev, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Molla Pənah Vaqif, Qara Qarayev və digər görkəmli şəxsiyyətlərə bağlı sanballı tədbirlər reallaşdırıb.
"Azərbaycan Mədəniyyət Nazirliyi və Milli Kitabxanası ilə birgə türk dünyasının görkəmli şəxsiyyətləri olan Yunus Əmrəyə, Məxtimqulu Fərabiyə, Abdulla Tukaya, Əhməd Zəki Validiyə, Çingiz Aytmatova, Yusuf Balasaqunluya və başqalarına həsr olunmuş belə tədbirləri Bakıda böyük uğurla keçirmişik. 2019-cu ildə Azərbaycan Milli Kitabxanası ilə Bişkekdə, Astanada, Daşkənddə, Bakıda və digər şəhərlərdə Nəsimiyə həsr olunmuş tədbirlər təşkil edəcəyik”, - deyə Düsen Kaseinov qeyd edib.
Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında 2019-cu ilin "Nəsimi ili” elan olunmasına görə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına və baş katib Düsen Kaseinova minnətdarlığını bildirib. Nazir vurğulayıb ki, belə tədbirlər uzun müddət biri-birindən uzaq düşmüş türkdilli xalqları daha da yaxınlaşdırır, onların mədəniyyətini, ədəbiyyatını və adət-ənənələrini daha da doğmalaşdırır. Hər dəfə Bakıda, Ankarada, İstanbulda və digər türkdilli ölkələrdə belə tədbirlərdə iştirak etməklə ədəbiyyatlarımızın, mədəniyyətlərimizin və adət ənənələrimizin daha sıx inteqrasiyasına və qarşılıqlı zənginləşməsinə kömək etmiş oluruq, buna şərait yaradırıq.
Əbülfəs Qarayev deyib: "Dahi Azərbaycan şairi Nəsimiyə gəldikdə, deyə bilərəm ki, bu böyük filosof şair daha çox Azərbaycan, türk dilində yazıb yaratdığına görə onun şeirləri, əlyazma divanları bütün Şərqdə və Orta Asiyada hamının dillər əzbəri olub. Nəsiminin yaradıcılığı və şəxsiyyəti Azərbaycanda çox yüksək qiymətləndirilir və onun doğma xalqına yenidən qayıdışı xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 1970-ci illərdə ulu öndər Heydər Əliyev böyük Nəsiminin 600 illik yubileyinin ilk dəfə dövlət səviyyəsində qeyd olunmasına və hətta bu yubileyin UNESCO-da da layiqincə keçirilməsinə nail olub. Sovet dövründə bu hadisə böyük mədəni inqilab hesab edilə bilərdi. Azərbaycan mədəniyyətinə, mili mənəvi dəyərlərimizə, o cümlədən Nəsiminin yaradıcılığına böyük önəm verən Prezident İlham Əliyev dahi şairin əsərlərinin ölkəmizdə dəfələrlə yüksək tirajla və nəfis bədii tərtibatla çap olunmasını təmin edib. Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, 2019-cu ilin Azərbaycanda "Nəsimi ili” elan edilməsi barədə tarixi sərəncamlar imzalayıb. Azərbaycan Prezidenti ölkəmizdə görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin, tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə dair hər il 10-dək belə sərəncam imzalayır və bununla da yubileylər həm ölkədə, həm də xaricdə geniş qeyd olunur”.
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxışında Azərbaycanın görkəmli mütəfəkkiri, böyük şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlərin Ankara və İstanbul şəhərlərində təşkil edilməsindən iftixar hissi keçirdiyini bildirib və Nəsiminin əsərlərinin Türkiyədə sevilərək oxunduğunu deyib.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Haluk Dursun çıxış edərək Azərbaycan və türkdilli dövlətlər arasındakı qarşılıqlı ədəbi, mədəni əlaqələrdən, həmçinin Nəsiminin zəngin yaradıcılığı haqqında geniş söhbət açıb.
Çıxışlarda Nəsimi yaradıcılığının tanıtdırılmasının əhəmiyyətindən danışılıb. Cari ildə TÜRKSOY-un təşkil etdiyi tədbirlər çərçivəsində Nəsimi irsinə geniş yer ayrıldığı diqqətə çatdırılıb. Qeyd edilib ki, 2019-cu ilin "Nəsimi ili” elan olunması bütün türk dünyası üçün mühüm mədəniyyət hadisəsidir.
Mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Xalq artisti fəxri adı ilə təltif olunmuş TRT-nin xorunun dirijoru Elnarə Kərimovaya fəxri adın vəsiqəsini təqdim edib.
Sonra Nəsiminin həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub.
Tədbirin panel hissəsində Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Türk Şurası Ağsaqqallar Məclisinin üzvü, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, professor Mustafa İsen, professor Ahmed Bican Ercilasun Nəsiminin həyat və yaradıcılığına dair fikir və mülahizələrini bölüşüblər. Çıxışlarda İmadəddin Nəsimi yaradıcılığının ayrı-ayrı istiqamətləri ətraflı təhlil olunub.
Nizami Cəfərov çıxışında Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda "Nəsimi ili” elan olunmasının orta əsrlərin qüdrətli söz ustadı Nəsiminin yaradıcılığına yeni baxışın ortaya qoyulması, bu görkəmli şəxsiyyətin irsinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük məna kəsb etdiyini bildirib. O, Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlərin müəllifi olan Nəsiminin, xüsusilə poeziya və ədəbi dilin inkişafında əvəzsiz xidmətlər göstərdiyini, yaradıcılığının dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov Nəsimi yaradıcılığının Azərbaycan ədəbiyyatının inkişafındakı rolundan, onun dünya ədəbiyyatı xəzinəsinə gözəl poeziya nümunələri bəxş etməsindən, əsərlərinin Azərbaycandan, bütün Şərqdən və Orta Asiyadan başlamış dünyanın hər bir guşəsində sevilərək oxunmasından, filosof şair kimi məşhurlaşmasından danışıb. K.Tahirov diqqətə çatdırıb ki, Nəsimi Azərbaycanda fəlsəfi poeziyanın əsasını qoyanlardan biridir. O, təmiz Azərbaycan dilində çox axıcı dillə gözəl şeirlər yazıb. Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin təşəbbüsü Dilçilik İnstitutuna Nəsiminin adı verilib, Bakıda onun heykəli ucaldılıb, haqqında bədii film çəkilib. Azərbaycanda və bütün dünyada Nəsiminin yubileyi ilə əlaqədar keçirilən tədbirlər şairin daha geniş arealda tanınmasına və əsərlərinin geniş miqyasda nəşr olunmasına şərait yaradacaq.
Professorlar Mustafa İsen və Ahmed Bican Ercilasun İmadəddin Nəsimi yaradıcılığının orijinal üslubundan, bütün dövrlər üçün aktual olduğundan danışıblar.
Sonra nazir Əbülfəs Qarayev TÜRKSOY-un xatirə medalı ilə təltif olunub.
Tədbirin bədii hissəsində Qırğızıstanın Xalq şairi Kojogeldi Kuluyev və türkiyəli şairə İlter Yeşilay Nəsiminin şeirlərindən nümunələr səsləndiriblər. Azərbaycanın Əməkdar artisti Feyruz Səxavət Nəsiminin qəzəllərini muğam üstə ifa edib.
Sonra Qazaxıstan əsilli aşıq Savbir Guseynov Nəsiminin qəzəllərini saz ilə səsləndirib.
Bu gün Ankarada Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin konsert salonunda mərasimin daha bir bədii hissəsi keçiriləcək.
Qeyd edək ki, bu silsilədən növbəti tədbir martın 7-də İstanbulda, Türkiyə Ədəbiyyat Vəqfinin toplantı salonunda təşkil olunacaq.
banner

Oxşar Xəbərlər