• çərşənbə axşamı, 19 mart, 14:15
  • Baku Bakı 8°C

Nəsimi dünyası təsviri sənətdə

27.05.19 12:07 3120
Nəsimi dünyası təsviri sənətdə
Orta əsrlər Şərq və Azərbaycan incəsənətinin dünya şöhrəti qazanmasında həmin dövrdə yazılan və yaxud da üzü köçürülən əlyazmalarının hələ zamanında bədii hadisə kimi dəyərləndirilən miniatür üslublu əsərlərlə bəzədilməsinin böyük rolu olmuşdur. Bu gün dünyanın ən məşhur muzey və sənət saxlanclarının öz kolleksiyalarında belə bir əlyazmasının mövcudluğu ilə fəxr etmələri danılmazdır. Daha çox Firdövsi və Nizami ünvanlı olan bu rəsmli əlyazmalar arasında öz dövrünün bədii-mənəvi məkanında təzadlı həyat tərzi və dünyaya fərqli baxışı ilə dərin iz salmış İmadəddin Nəsimi (1369-1417) yaradıcılığına həsr olunmuş sənət əsərlərinin olmaması suallar doğursa da, haradasa təbii görünür.
Təkcə "Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam” beyti ilə bu günə kimi xələflərinin düşüncəsini tarıma çəkən və hələ də çəkməkdə davam edən Nəsimi yaradıcılığına xəttat-rəssam münasibətinin demək olar ki, yoxluğu, heç şübhəsiz, ilk növbədə elə də asan başa gəlməyən əlyazmaların zamanında yeni sifarişçilərinin olmamasından qaynaqlanır. Digər tərəfdən zamanında çox vaxt İslam dininin fanatizm, xurafat və cəhalət daşıyıcısı kimi təbliğ olunduğu bir şəraitdə Allahla İnsanın vəhdəti ideyasını irəli sürən və yeni din yaratmaq istəyi ilə yaşayan hurufilərin liderlərindən birinin yaradıcılığının başqaları kimi təbliği duyulası zaman distansiyasından belə inandırıcı görünmür. Odur ki, XIV-XV əsrlər Azərbaycan təsviri sənətini zənginləşdirə biləcək Nəsimiyə həsr olunmuş miniatür üslublu əsərlər demək olar ki, yoxdur. Bizim dövrə gəlib çatmış Nəsimi ünvanlı ən qədim təsvirlərdən biri XVI əsrə aiddir.
Aşiq Çələbinin "Şairlərin şeirləşməsi” əlyazmasında yer almış bu əsər Nəsiminin ondan sonra yaradılacaq çoxsaylı portretlərindən kəskin şəkildə fərqlənir. Qayalıq qarşısında, ağacların yanında görüntüyə gətirilən şairin qolları açıq bəyaz geyimdə təsvirində onun irfan əhli olmasına dolayısı işarə duyulmaqdadır. Əli kəşküllü, çiyni xəz dərili hərəkət edən Nəsiminin bir anlığa duruşunda və tamaşaçıya zillənmiş baxışlarında qeyri-adi, nüfuzedici enerji duyulmaqdadır. Portretin əza və ayrıntı inandırıcılığının əldə olunmasında naməlum miniatürçü-rəssamın nümayiş etdirdiyi yüksək sənətkarlıq hiss olunandır. Əlyazmasında yer almış 114 miniatür üslublu əsərlərin müəlliflərinin adları konkret bilinməsə də, Osmanlı imperiyası dövründə məkanda Şahqulu Təbrizi, Qara Məmi, Məhəmməd şah, Mehmet Sinan, Arifi və b. rəssamların fəaliyyət göstərməsinin qarşılığında, onun da kamil sənətkar fırçasından çıxdığını söyləmək olar...
Orta əsrlərdə çəkilmiş bir miniatür üslublu təsvirdə isə Nəsiminin edamı səhnəsi görüntüyə gətirilib. 2009-cu ildə elmi ictimaiyyətə alman nəsimişünası Maykl Reinxard Hess tərəfindən təqdim olunan bu miniatür 1700-cü ildə çəkilib. Öndə şairin onun xilasına çalışan həmfikiri ilə hurufizmə qarşı mübarizə aparan qüvvələrin təmsilçisinin bir-biri ilə mükaliməsini qabarıq əks etdirən naməlum rəssam, müəyyən şərtiliklər əsasında qurduğu kompozisiyanın ikinci planında dar ağacının altında görüntüyə gətirdiyi şairi təpə və edamı izləyən insanlara əhatəli təsvir edib...
Nəsimi ünvanlı bu iki qrafika nümunəsindən sonra bədii məkanda uzun müddət şairin təzadlı taleyinə və bənzərsiz poetik dünyasına "bədii güzgü” tutan digər əsərlər yaradılmayıb. Yalnız XX yüzilliyin birinci yarısında bir çox söz xiridarlarının obrazlarına öz yaradıcılığında yer ayıran Əzim Əzimzadə 1941-ci ildə "Nəsiminin edamı” süjetli kompozisiyasını işləmişdir. Bu çoxfiqurlu əsərdə yaşanan faciəvi dəqiqələrin təsirli alınmasına səy göstərən böyük sənətkar, bir-neçə fiqur istisna olmaqla, hürufi şairin meydana toplaşan əqidə düşmənlərinin hamısının soyuqqanlı baxışlarını dərinin soyulmasına yönəltmişdir. Hadisəni şairin əqidə rəqibləri ilə yanaşı çoxsaylı şəhər əhalisi izləsə də, rəssam edam kötüyündə köməksiz halda uzadılmış söz xiridarını əsasən mövhumatçı dindarlarla əhatələndirməklə, onun qanına susayanların kimliyini göstərməklə, onların daha qabarıq təqdimatına nail olmuşdur. Şəhər mənzərəsinin və meydana toplaşmış insanların qovşağından ibarət olan kompozisiya, onun bədii tutumunu təşkil edən obrazların ifadəli-səciyyəvi hərəkətlərinə və cəlbedici xarakter daşıyıcılığına, həm də uğurlu rəng həllinə görə çox təsirli baxılır. Kompozisiyada şairin öz mərdanə ölümü ilə düşmənlərini təəccübləndirməsi, insanların qəlbində əsrlərlə yaşamasına zəmin yaratması duyulandır...
Bir çox hallarda olduğu kimi Nəsimi yaradıcılığı da sovet dönəmində uzun müddət təsviri sənət ustalarının diqqətindən kənarda qalmışdır. Yalnız 1973-cü ildə YUNESKO-nun qərarı ilə şairin anadan olmasının 600 illik yubileyinin keçirilməsi onun həyat və yaradıcılığına hərtərəfli diqqət göstərilməsini şərtləndirmişdir. Yubileydən bir-neçə il əvvəl Nəsiminin rəngkarlıq və heykəltəraşlıq obrazının yaradılması üçün müsabiqənin keçirilməsi, şair haqqında bədii filmin çəkilməsi, görkəmli sənətkarın ədəbi irsinin yenidən nəşri və s. yubileylə bağlı baş tutan yaddaqalan tədbirlərdən olmuşdur.
Etiraf etmək lazımdır ki, əslində, şairin obrazının yaradılması üçün yeni bir müsabiqənin keçirilməsinə heç bir ehtiyac yoxdu. Belə ki, artıq 1941 və 1943-cü ildə yeni yaradılmış Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin sifarişi ilə rəssam Sadıq Şərifzadə (1912-1986) şairin bir-neçə portretini işləmişdi. Elmi və ədəbi materiallar əsasında yaradılan bu əsər həmin muzeyin elmi şurasında dövrün tanınmış tarixçiləri və ədəbiyyatşünasları, eləcə də digər görkəmli mütəxəssisləri tərəfindən ekspozisiyada nümayiş olunmaq üçün bəyənilmişdi. Sadıq Şərifzadə tərəfindən elə həmin dövrdə işlənmiş Nəsimi portretinin qrafik variantının dərsliklərdə və mətbuatda çap olunması da yaradılan əsərin ictimaiyyəti razı salmasının göstəricisi sayıla bilərdi. Amma bununla belə şairin yeni obrazının yaradılması üçün 1969-cu ildə açıq müsabiqə elan olunur.
Bir il sonra sənət yarışmasına təqdim olunan əsərlərə ilk baxış keçirilməsi nəzərdə tutulsa da, rəssamlara qaranlıq qalan səbəblərdən I tur baş tutmur. Bununla belə rəssamlara ruhdan düşməmək, bu istiqamətdə axtarışların davam etdirilməsi tövsiyə olunur. Sonda münsiflər heyəti məşhur fırça ustası, SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin yaratdığı portreti qalib elan edir. Eyni zamanda qalibdən heç də geri qalmayan Əməkdar incəsənət xadimi Sadıq Şərifzadənin çəkdiyi portret də müsabiqənin uğurlu əsərlərindən hesab olunur...
Həmin dövrün maraqlı hadisələrindən biri yubiley günlərində nüfuzlu "Komsomolskaya pravda” qəzetində Azərbaycanın Xalq şairi Süleyman Rüstəmin imzası ilə Nəsimi barəsində çap olunan məqaləni M.Abdullayevin yox, S.Şərifzadənin çəkdiyi portretin müşayiət etməsi olmuşdur. Bu əsər rəssamın müsabiqəyə təqdim etdiyi ona qədər (onların bir qismi hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin fondlarında saxlanılır) Nəsimi portretindən biri olmaqla, həm də dolayısı Moskvanın obrazın bu cür təqdimatına üstünlük verməsinin göstəricisi idi...
Azərbaycan təsviri sənətində bir çox tarixi şəxsiyyətlərin (Babək, Məhəmməd Füzuli, M.Ə.Sabir və s.) obrazlarının yaradıcısı kimi tanınan Sadıq Şərifzadənin haqqında söz açdığımız portretində Nəsimi gecə mənzərəsi fonunda təsvir olunmuşdur. Gözlərini naməlum istiqamətə tuşlayan dahi söz xiridarının-yaradıcılığı ilahi mənşəli olan şairin düşüncəli - cəlbedici portreti və dizinin üstündəki "Ənəlhəq” kəlamlı əlyazması onun həyatda mövqeyini və əqidə bütövlüyünü təsirli şəkildə əyaniləşdirir, desək, yanılmarıq. Obrazı səciyyələndirən geyim və digər ayrıntılar da inandırıcıığı ilə yadda qalır...
Mikayıl Abdullayevin portretində isə Şamaxının fonunda görüntüyə gətirilmiş şair bir qədər rəsmi və patetik görkəmdə təsvir edilmişdir. Odur ki, bu əsərin mənəvi-psixoloji tutumu bir qədər fərqlidir...
Duyulası zaman distansiyasından o vaxtlar baş verənləri dəyərləndirməli olsaq, onda həm Sadıq Şərifzadənin qeydlərini, həm də Mikayıl Abdullayevin obraz barəsində "Yazılarım” kitabında yer almış düşüncələrini saf-çürük etməklə, deməliyik ki, Nəsiminin ikonoqrafik göstəriciləri barəsində onların bir-birindən kəskin şəkildə fərqli baxışları olub. Odur ki, son nəticədə haqqında danışdıqlarımız baş verib, bir-birindən fərqli bədii-psixoloji tutuma, inama və əqidəyə malik şair obrazı yaradılıb. Qənaətimizcə, bunu şərtləndirən başlıca səbəb isə, müsabiqə keçirilənlər arasında tərəfləri inandıra bilən və sözü keçən mütəxəssisin yoxluğu olmuşdur...
Hər halda yubileylə bağlı bu portretin yaradılması digər rəssam və heykəltəraşlarımızın öz yeni əsərlərində artıq təsdiqlənmiş ikonoqrafiyadan istifadələrinə yol açmışdır. Həmin illərdə yaradılmış qrafik əsərlərlə tanışlığı davam etdirməli olsaq, onda ilk növbədə Xalq rəssamı Oqtay Sadıqzadənin Nəsiminin yeni nəşrinə çəkdiyi illüstrasiyaların (1973) adını çəkmək lazımdır. Şairin həyat, sevgi və gözəllik haqqında yazdıqlarına özünəməxsus bədii münasibət göstərən rəssamın yığcam kompozisiyalı illüstrasiyalarında cəlbedicilik və duyğulandırıcılıq qabarıq təqdim olunduğundan, görüntüyə gətirilən müxtəlif tutumlu motivlər yaddaqalandırlar. Müəllifin bu əsərlərində bədii vasitə kimi miniatür üslubundan istifadə etməsinin kökündə heç şübhəsiz, təsvirlərin ovqatdaşıyıcı ruhunu şeirlərin yazıldığı və bu miniatür üslubunun geniş yayıldığı Nəsimi dövrünə qaytarmaq istəyi durur. Əlyazma vərəqi formasında həll edilmiş kompozisiyanın əsas təsvirlə köməkçi fon-naxışın qovşağından ibarət olan ümumi görüntüsündə ənənə ilə müasirliyin bədii sintezinin yaratdığı estetik tutum kifayət qədər duyğulandırıcıdır...
Rəssamın şairin qəzəllərinə çəkdiyi və hazırda Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanan dörd illüstrasiyada da poetik misraların məna-məzun tutumundan qaynaqlanan lirizm qabarıq göstərilmişdir.
Xalq rəssamı Altay Hacıyevin Nəsiminin "Lirika”sına çəkdiyi rəsmlərdə (1973) şairin gizli-açıq tutumlu poeziyasına düşündürücü bədii şərhi görmək mümkündür. Onun fəlsəfi qata bələnmiş Nəsimi ünvanlı rəsmlərində cahana sığışmayan irfan əhlinin yaşantılarına obrazlı münasibət mövcuddur. Hurufi şairin şeirlərinin həm rəngli, həm də ağ-qara cizgilərlə ifadə olunmuş məna-məzmun yükündə əqidə daşıyıcıları olan qəhrəmanlarının və onları tamamlayan müxtəlif ayrıntıların çeşidli forma-biçimdə təqdimatı poetik tutumun özü kimi fikirparalayıcıdır, desək, həqiqəti söyləmiş olarıq...
Elə həmin yubiley ilində tanınmış qrafika ustası Elçin Aslanov da Nəsimi poeziyasına həsr olunmuş iki illüstrasiyada şairin altqatı oxucusunu suallar məngənəsinə salan misralarına düşündürücü görüntü verməyə nail olmuşdur. Qara tuşla çəkilmiş bu kompozisiyalardan birinin yuxarı hissəsində çərçivə içərisində ağ örtüklü qadın təsviri verilmişdir. Çərçivəyə dolaşan buludlardan ox şəklində yağış tökülür. Aşağıda bir tərəfində kol bitmiş iri göy hovuzun üstündən çərçivə içərisindən göyə sarı iki əl uzanmışdır. Əllərə sarılan qara buludlar göyə doğru qalxıb qadının ayaqlarına dolaşmaqdadır...
Digər əsərdə isə insanın mücərrəd təsviri verilmişdir. Onun daxilindən yüksələn məşəl qara alov hər yanı bürümüşdür. Arxa planda dağılıb uçulan evlər alov içindədir. Havada uçan bir mələyin əlində qaval, digərinin əlində ud görünür. İnsan oğlu aləmdə olan qarışıqlığa qarşı əllərini göyə qaldıraraq imdad diləyir. Hər iki əsərin ümumi kompozisiyasında görüntüyə gətirilən təzadların yükləndiyi fəlsəfi-psixoloji bədii yükdə şairin poeziyasının leytmotivini təşkil edən insan fəlsəfəsinin şoxqatlılığını əyaniləşdirmək istəyi duyulmaqdadır...
Öz çoxşaxəli yaradıcılığında orta əsrlər ədəbiyyatına tez-tez müraciət edən rəssam-heykəltəraş Sənan Qurbanov da yubiley günlərində Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin sifarişi ilə maraqlı iki qrafika əsəri yaratmışdır. Onlardan biri şairin "Bədəni qoy, ey könül gəl bu dəmi xoş görəlim” şeirinə tuşla çəkdiyi illüstrasiyadır. İki – cənnət və cəhənnəm aləminin təsviri verilmiş bu kompozisiyada bədii həllin şərtiliyi ilk növbədə məzmunun çoxqatlılığından qaynaqlanmışdır
Nəsiminin məşhur "Məndə sığar iki cahan, mən bu cahana sığmazam” şeiri ikinci əsərin məzmununu təşkil edir. Burada buludların arasından görünən günəş hər tərəfə parlamaqdadır. İki dağın arasından isə çay axır. Təsvirdə sanki dağ, çay, günəş – bütün aləm birləşmişdir. Bu da Nəsiminin hər şey mənəm deməsi ilə uyğunlaşmışdır. Burada yer alan təsvirin poetik misralarla səsləşməsi cizgilərin ovqatyaradıcı ruhundan duyulmaqdadır...
Bütün yaradıcılığı boyu müxtəlif məzmunlu ədəbiyyat nümunələrinə maraqlı bədii münasibəti ilə seçilən Xalq rəssamı Arif Hüseynovun Nəsimi ünvanlı silsilə qrafik nümunələrində lirizmin fəlsəfəyə bələnmiş gözoxşayan ifadəsini görmək mümkündür. Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik hesabatında (2015) yer almış on üç rəsmin hər birində hürufi şairin özümlü dünyasına özünəməxsus bədii nüfuzetməyə şahidlik etmək mümkündür. Bir-birindən fərqli koloritdə həll edilmiş bu kompozisiyalarda yer almış şairin bir-neçə portreti, Azərbaycan poeziyasında yeni dövr açmış yaradıcılığının məna-məzmun yükünə bələnmiş müxtəlif biçimli ayrıntılar, insanı Allah mərtəbəsinə ucaldan "Ənəlhəq fəlsəfə”sinin daşıyıcıları və digər çoxsaylı təsvirlər Nəsimi dünyasının doğrudan da fərqli mənəvi enerjiyə malik olduğuna oxucusunu-tamaşaçısını inandırmaq gücündədir...
Uzun əsrlər boyu oxucusunu ovsunlamaqda davam edən Nəsimi poeziyası sehrinin hələ də rəssamlarımızı cəlb etməkdə davam etməsini şairə həsr olunmuş yeni qrafik əsərlərin yaradılması da təsdiqləyir. Yaradıcılığında klassik miniatür üslubunun ifadə vasitələrinə tapınan Pərnisə Əsgərovanın (Miniatür) özündə ənənə və müasirliyi birləşdirən "Nəsiminn edamı” (2015) qrafik lövhəsi belə əsərlərdəndir. Nəsiminin ağrılı yaşantılarını yığcam vasitələrlə bədiiləşdirən rəssam, mənəvi zənginliyi ilə bədxahlarının yuxusunu ərşə çəkən şair vücudunu onun ayaqlarına əyilərək dərisini soymağa başlayan iblis xislətli cəlladın üzərində yenilməzlik rəmzi kimi təqdim etmişdir. Burada Tanrının insanlaşdırılmasını yaradıcılığının amalı hesab edən şairin ruhunun halsızlaşmaqda olan bədənindən çıxaraq ali məqama yönəli təsviri də məqsədli olub, az sonra baş tutacaq bu birləşməni əqidəsindən dönməyən hürufi şairin mənəvi qələbəsi kimi düşünülmüşdür...
Onun Nəsimiyə həsr etdiyi ecazkar xəttatlıq nümunəsini də müəllifin mövzuya yaradıcı yanaşmasının nəticəsi saymaq olar.
Tanınmış xəttat-rəssam Yavər Əsədovun Nəsimi dünyasına bədii münasibətinin başqalarından fərqli olması danılmazdır. Bu özünməxsusluğu şərtləndirən xüsusiyyət onun Nəsimiyə həsr etdiyi portretlərin (2018) yazı ilə - ərəb qrafikası ilə çəkilməsidir. Birinci əsərdə fas təsvir olunan söz xiridarının çalması və üz cizgiləri "Seyid Əli İmadəddin Nəsimi” sözlərindən əmələ gətirilmişdir. Şairin profil verilmiş ikinci portreti isə onun doğulduğu və vəfat etdiyi illərin (1369 -1417) və şəhərlərin adının (Şamaxı - Hələb) yazılışı ilə yaradılmışdır. Xəttatlıqla rəssamlığın qovşağının nəticəsi olan bu qrafika nümunələrində müəllif fantaziyasının uğurlu nəticəsini görmək mümkündür...
Xalq rəssamları Elmira Şahtaxtinskaya və Yusif Hüseynovun Nəsiminin 600 illik yubileyi münasibətilə çəkdikləri plakatlarda (1973) təntənəyə uyğun gələn ciddilik duyulmaqdadır. Belə ki, hər iki əsərin kompozisiyasını şairin saya - mavi və boz yerlikdə fas və profil verilmiş portretləri və yazı təşkil edir. Gənc rəssam Emin Aslanovun "Nəsimi” filminə həsr etdiyi iki plakat da mövzunun obrazlı acımı baxımından maraq doğurur.
Yaradıcılığında ədəbi mövzulara geniş yer ayıran Yaşar Səmədovun çəkdiyi "Mən də sığar iki cahan...” adlı qrafik lövhəsinin (2019) qum saatını xatırladan ümumi siluetində şairin edamı ilə anım yaradan bədii məqamlar duyulmaqda, axıb gedən ağlı-qaralı "şair ömrü”nü xatırlatmaqdadır...
Şairin yubileyi ilə əlaqədar çəkilmiş "Nəsimi” bədii filminin (1973) rəssamları Məmməd Hüseynov və Mayis Ağabəyovun ərsəyə gətirdikləri dekorasiya eskizlərində orta əsrlər memarlığı, hadisələrin cərəyan etdiyi məkanının inandırıcılığı duyulmaqdadır...
Nəsimiyə həsr olunmuş rəngkarlıq əsərləri arasında süjetli tablolar və portretlər üstünlük təşkil edir. Yazının əvvəllində biz S.Şərifzadə və M.Abdullayevin zamanında mükalimələrə səbəb olmuş portretlərindən söz açmışdıq. İndiki isə elə həmin müəlliflərin digər portret əsərlərinin adını çəkmək istərdik. S.Şərifzadənin şairi müxtəlif ovqatlı təsvir edən çoxsaylı portretləri göstərir ki, müəllif Nəsiminin daha inandırıcı və təsirli portretini yaratmaq üçün o, davamlı axtarışlar aparmışdır. Bu gün onun Milli Azərbaycan İncəsənəti Muzeyində saxlanan bir-neçə portretində hürufi şairin əqidəsinə yönəli təzadlı həyat mərhələsinin müxtəlif anlarına sahidlik etmək mümkündür. Obrazın inandırıcı ikonoqrafik cizgilərinin axtarışını başlıca yaradıcılıq amalı hesab edən S.Şərifzadə, bir-birindən fərqli bədii-psixoloji tutuma malik olan bu əsərlərdə iki cahana sığışa bilməyəcəyinə başqalarında inam yaradan şair-filosof portreti ərsəyə gətirməyə nail olmuşdur. Bunun üçün şairi günün müxtəlif vaxtlarında, fərqli geyimlər və ikonoqrafik cizgilərlə görüntüyə gətirməklə, rəssam, obrazın zamansızlığa qovuşmasını təmin etmişdir...
S.Şərifzadənin "Nəsimi məhkəmədən öncə” (1950-ci illər) adlı çoxfiqurlu tablosu şairin həyatının ən çətin məqamlardan birinə-onun mühakiməsinə həsr olunub. Kompozisiyada Hələbin şeyxi, naibi, qazilər qazısı və şəriət alimlərindən ibarət olan mühakimə qrupu arasında dayanmış şair həm geyimi, həm də qürurlu duruşu ilə seçilir. Hurufi şairin hazırcavablığının məkana duyulası gərginlik gətirməsi, təsviri gətirilən bədxahlarının hərəkətlərindən duyulmaqdadır...
M.Abdullayevin "Nəsimi mühakimə ərəfəsində”(1968) və "Nəsimi edam ərəfəsində” (1971) əsərlərində gördüyümüz şairin obrazı onun müsabiqədə qalib elan olunmuş "İmadəddin Nəsimi”(1972) portretindən daha mübariz ruhlu və təsirlidir, desək, yanılmarıq. Belə ki, əgər sonuncu əsərdə üsyankar şair üçün bir qədər səciyyəvi olmayan patetika duyulursa, ilk iki portretdə onun hürufi yaşantılarına ”bədii güzgü” tutan bədii-psixoloji məqamlar duyulandır...
Tanınmış fırça ustası - Əməkdar incəsənət xadimi Nəcəfqulu İsmayılovun çəkdiyi portret (1973) və süjetli tablonu (1973) rəssam və heykəltəraşların yaratdıqları "Bədii Nəsimi salnaməsi”nə layiqli töhfə saymaq olar. Nəsimini füsunkar Azərbaycan təbiətinin fonunda - oturmuş və düşüncəli vəziyyətdə profil təsvir edən müəllif, lakonik bədii vasitələrlə şairin qətiyyət dolu obrazını yaratmışdır.
Onun çoxfiqurlu "Nəsimi Hələbdə şeir oxuyur” tablosu isə küçədə yazdıqlarını - həyata fərqli fəlsəfi yanaşmasını yerli əhali qarşısında səsləndirən hürufi şairin maraqla qarşılandığını əks etdirir. Əsərdə rəng və forma-biçim təzadlarından uğurla istifadə edilməsi üfüqi kompozisiyada ifadə olunmuş cəlbediciliyi şərtləndirmişdir...
Əməkdar incəsənət xadimi Toğrul Sadıqzadənin çəkdiyi "İmadəddin Nəsimi” (1972) tablosunda şair Hələb şəhərinin fonunda görüntüyə gətirilib. Bir qədər romantik ruha bələndiyi duyulan şair vücudunda əqidəsinə inam, gələcəyə ümid duyulmaqdadır. Bunu portretin parlaq boyalardan "toxunmuş” koloriti də təsdiqləyir...
Tanınmış fırça ustası, Xalq rəssamı Səlhab Məmmədovun "Nəsiminn məzarı”(1993) əsəri də Hələb ünvanlıdır. Ötən əsrin sonlarında Nəsiminin edam olunduğu bu şəhərdə yaradıcılıq ezamiyyətində olan sənətkar şairin məzarı üzərində ucaldılmış məqbərəni ziyarət etmişdir. Məşhur sələfi ilə bu mənəvi təması həyatının ən yaddaqalan anlarından hesab edən rəssam, Bakıya qayıtdıqdan sonra aldığı təəssüratı bədiiləşdirmişdir. Şairin məqbərəsini qızılı, boz və qara rənglərin qovşağında təqdim edən rəssam, bu boya təzadında sanki uzaq ellərdə "qəribsəyən” məqbərinin Vətən xiffətini göstərmək istəmişdir...
Şairin həmyerlisi Ələkbər Rəsulovun çəkdiyi "Cahana sığışmayan şair” (2019) tablosu da obrazlı bədii həllinə görə diqqət çəkir. Ruhunda gəzdirdiyi missiyanın dünyəviləşməsinə qərar verən Nəsiminin cahana sığmazlığı bu əsərdə Şamaxıdan Hələbə yol alan əqidə adamının yer kürəsi ilə əlaqəli təqdimatda ifadə olunub. Lakonik bədii vasitələrlə əyaniləşən şair qətiyyəti bu əsərdə inandırıcıdır...
Rəngkar Eldəniz Babayevin "Əqidə yolunda” (2000-ci illər) tablosunda da hürufi ideyalarını yaymağa başlayan şair görüntüyə gətirilmişdir. Uzaq səfərlərin rəmzi kimi qəbul olunan dəvə karvanının fonunda təsvir olunan Nəsiminin addımlarında özünə inam hissi qabarıq göstərilmişdir...
Nəsiminin ömür yolunu dərindən öyrənən Tərlan Eyvazovun ərsəyə gətirdiyi iki portretdə (2019) şair ruhuna tutulan "bədii güzgü” inandırıcı olmaqla yanaşı, həm də təsirli və yaddaqalandır.
Nəsimi ünvanlı heykəltəraşlıq əsərlərinin arasında heç şübhəsiz şairin paytaxtda ucaldılan abidəsi diqqətçəkəndir. Şairin abidəsi üçün elan olunmuş müsabiqədə respublikanın əksər tişə ustaları iştirak etsələr də, ilk turda qalibi müəyyən etmək mümkün olmadı. Yalnız ikinci turda qalib adını Xalq rəssamları Tokay Məmmədov və İbrahim Zeynalovun hazırladığı layihə qazandı. 1979-cu ildə təntənəli açılışı baş tutan bu abidə plastikasının romantik ruhlu olması ilə göz oxşayır...
Müsabiqədə ikinci mükafata layiq görülmüş layihə-abidə (müəllifi Telman və Eldar Zeynalov qardaşlarıdır) şairin vətəni Şamaxıda ucaldılmalı idi. Amma subyektiv səbəblərdən bu baş vermədi və sonralar burada Cavanşir Dadaşovun hazırladığı nisbətən kiçik həcmli abidə (1990-cı illər) qoyuldu.
Amma qeyd etmək lazımdır ki, heykəltəraşlarımız 1973-cü ilin müsabiqəsinə qədər də şairin portretini işləmişdilər. Əməkdar rəssam Münəvvər Rzayeva əvvəlcə Nəsiminin kəcdən (1958), sonra isə ağacdan (1960) hazırda Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunan portretini hazırlamışdır. Hər iki plastika nümunəsində şair şəxsiyyətinə xas olan mübarizlik duyulmaqdadır...
Qeyd etmək lazımdır ki, zamanında hürufi şairin faciəvi taleyi yerli sənətkarlarla yanaşı, xarici ölkə heykəltəraşlarının da marağına səbəb olmuşdur. Belə əsərlərdən birini (1974) polşalı heykəltəraş Qustav Zemla yaratmışdır. Onun ərsəyə gətirdiyi portretin timsalında doğrudan da "cahana sığışmayan” bir adamla üz-üzə, göz-gözə qaldığına əmin olmaq mümkündür.
Şair çöhrəsinin mənalı tutumundakı gərgin dramatizmin zənginliyini qabarıq əks etdirən portretdə plastikanın məna-məzmundan "şirələnməsi” kifayət qədər duyulandır. Əsərin şaquli ritmə, daxili hərəkətə əsaslanması, xarakterin dəqiq cizgilərlə, ifadəli siluetlə ifadə olunması, həcmlərin bütövlüyü və reallığı sözün əsl mənasında şaşırdıcı biçimdədir. Hurufi şairin xarakterinin açılmasını onun gözlərinin ifadəliliyinə etibar edən müəllif, bununla da baxışlarını tamaşaçıdan "gizləyən” söz xiridarının suallı olmasını şərtləndirmişdir. Nəsimi nə xəyala dalmış, nə də baxışlarını dəqiq bir nöqtədə cəmləşdirmişdir. Onun nəzərləri sirli bir aləmə - öz düşüncə və ümidlərini apardığı gələcəyə yönəlmişdir. Şairin varlığını təşkil edən iradə və dəyanət ifadələri sözün əsl mənasında bu baxışlarda toplanmışdır, desək, həqiqəti söyləmiş olarıq...
Ukraynada yaşayıb-yaradan həmyerlimiz Seyfəddin Qurbanov də ötən il Nəsimiyə həsr olunmuş - Kiyevdə ucaldılacaq abidənin iki layihəsini hazırlamışdır. Monumental tutumlu bu heykəltəraşlıq nümunələrində şairin vüqarlı baxışı və daxili gərginliyin plastikasını yaddaqalan tutumda ifadə olunmuşdur. Kəskin cizgilər bu mərd, ölməz şairdə misilsiz bir daxili mənəvi müqavimət qüvvəsinin olduğuna işarə kimi qəbul olunur...
Tanınmış tişə ustası Asim Quliyev və Vaqif Nəzirovun Sumqayıtda ucaldılan "Nəsimi abidəsi” (2003) əsəri şairə həsr olunmuş heykəllər arasında müasir bədii həlli ilə seçilir. Şərti-obrazlı bədii tutuma malik bu əsərdə vurğulanan monumentallıq həm də onun ruhunda gəzdirdiyi fikir möhtəşəmliyi ilə səsləşdiyindən, abidə çox təsirli baxılır ...
Heykəltəraş T.Məmmədovun müstəqil olaraq işlədiyi Nəsimi obrazı (1970) ilə yanaşı, M.Mirqasımovun ərsəyə gətirdiyi portretdə də (1970) şair qətiyyəti duyulmaqdadır...
Respublikamızın dekorativ-tətbiqi sənət ustaları da müxtəlif illərdə Nəsimi şəxsiyyətinə öz yaradıcı münasibətlərini sərgiləmişlər. Xalq rəssamları Lətif Kərimov (1970) və Kamil Əliyevin (1974), eləcə də İ.Kərimovanın (1973) toxuduqları xalça-portretlər, keramika ustası Səkinə Şahsuvarovanın hazırladığı vaza (1970), Xalq rəssamı Səlhab Məmmədovun mis üzərində döymə nümunəsi (1993) və s. həmin münasibətlərin nəticəsidir. Görkəmli şairin şərti-dekorativ tutumlu bu portretlərində həm də səciyyəvi ikonoqrfik cizgilər inandırıcı ifadə olunmuşdur..
Ziyadxan Əliyev
banner

Oxşar Xəbərlər