• cümə, 26 Aprel, 16:49
  • Baku Bakı 23°C

Nəsillərə örnək ömür yolu

27.07.18 11:00 883
Nəsillərə örnək ömür yolu
"Əziz Əliyev Azərbaycan xalqının görkəmli nümayəndələrindən biridir. O, lap əvvəldən qeyri-adi insan idi. O həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi, Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı. Ancaq eyni zamanda, onun həyatı heç də asan keçmirdi, maneələrlə, çətinliklərlə, özünə qarşı edilən bir çox haqsızlıqlarla rastlaşırdı. Amma bunların hamısını aradan qaldırır və yolundan dönmürdü”. Görkəmli dövlət xadimi Əziz Əliyevin anadan olmasının 100 illik yubileyində ulu öndər Heydər Əliyevin səsləndirdiyi bu fikirlər, XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi daha bir görkəmli şəxsiyyətin həyat və fəaliyyəti ilə qürur duymağa səsləyir. Dərin bilik və düşüncəyə, rəhbərlik etmək qabiliyyətinə, zəngin həyat təcrübəsinə malik bir insanın ömür yolu, gerçəkdən, böyüyən nəsillər üçün örnəkdir.
İrəvan quberniyasından başlayan yol
Əziz Əliyev 1897-ci ilin yanvar ayında qədim Azərbaycan torpağı olan İrəvan quberniyasının Hamamlı kəndində anadan olub. Atası Məmmədkərim Kərbəlayi Qurbanəli oğlu kənd işləri ilə məşğul idi, anası Zəhra xanım məşhur İrəvan taciri İbrahim bəyin qızı idi. Əziz Əliyev ilk təhsilini doğulduğu kənddə alıb. 1908-ci ildən sonra isə Rusiyanın Çita şəhərindəki gimnaziyada oxuyub. 1914-1917-ci illərdə İrəvan kişi gimnaziyasında təhsil alan Əziz Əliyev, bu təhsil ocağını qızıl medalla bitirir. Maddi cəhətdən təhsilini davam etdirmək üçün məktubla Bakı milyonçusu, xeyriyyəçiHacı Zeynalabdin Tağıyevə müraciət edir və tezliklə həmin vaxt üçün kifayət qədər dəyərli vəsait hesab olunan 300 rubl kömək alır. Elə həmin il o,Sankt-Peterburqdatələbkar alimlərin iştirakı ilə aparılan müsabiqədən müvəffəqiyyətlə keçir və Rusiyanın ən nüfuzlu ali tibb məktəblərindən sayılan Hərbi Tibb Akademiyasına daxil olur.
Ə.Əliyev elə birinci kursun əvvəllərindən boş vaxtlarında Sankt-Peterburqda səpkili yatalaqla mübarizə əleyhinə təşkil edilmiş dezinfeksiya-profilaktika briqadasına işə düzəlir. Aldığı maaşla həm özünün minimal güzəranını təmin edir, həm də valideynlərinə yardım göstərir.
1918-ci ildə İrəvana gələn Əziz Əliyev, ailəsini çətinliklə Naxçıvanın Şərur rayonuna gətirib, bir müddət sonra Şahtaxtı kəndinə köçüb.
Ailənin ağır vəziyyəti və ermənilərin törətdikləri qırğınların fəlakətli nəticələri Əziz Əliyevin Sankt-Peterburqa qayıdaraq təhsilini davam etdirməsinə imkan verməyib. 1920-ci ilin may ayında İrəvanda məskən salmış daşnak qoşunları şimaldan gələn bolşevik havadarlarının birbaşa dəstəyi ilə silahlı hücuma keçərək, Şərur rayonunu, o cümlədən Şahtaxtı kəndini yerlə yeksan edərək, amansız qırğınlar törədirlər. Qanlı qırğından salamat çıxa bilən və didərgin düşən Şahtaxtı əhalisi, o cümlədən Əziz Əliyevin ailəsiAraz çayını keçir və bir müddətCənubi Azərbaycanın Ərəblər kəndində yaşamalı olurlar. Ə.Əliyev tibbi xidmətini burada da davam etdirir və həkim köməkçisi kimi çalışaraq, əhaliyə lazımi tibbi yardımlar göstərir. Anası 1920-ci ildə Ərəblər kəndində vəfat edir.Bir il sonra onlar Şahtaxtı kəndinə qayıda bilir və Əziz Əliyev1923-cü ilin may ayına qədər kənddə orta tibb işçisi, həkim köməkçisi kimi çalışır.
Bakıdan başlayan yeni dönəm
1923-cü ilin mayında Əziz Əliyev Bakıya köçür. Bundan sonra onun həyatının yeni mərhələsi başlayıb. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katib köməkçisi və nəhayət, Xalq Komissarları Şurasının katibi vəzifələrini icra edib. O, bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, 1923-cü ildən etibarən yarımçıq qalmış ali tibb təhsilini Bakı Dövlət Universitetinin tibb fakültəsində davam etdirib, 1927-ci ildə universiteti əla qiymətlərlə bitirdiyindən daxili xəstəliklər kafedrasında ordinator saxlanılıb. Əziz Əliyev sonra aspirant, assistent və dosent kimi fəaliyyət göstərib, 1929-1932-ci illərdə isə Azərbaycan Klinik İnstitutunun rektoru olub. Həmin illərdə Əziz Əliyevin rəhbərliyi altında əməkdaşlar tərəfindən Azərbaycan dilində latın qrafikası ilə 45 adda dərslik və dərs vəsaiti tərtib edilərək, tibb təhsili alan tələbələrin ixtiyarına verilir. Bu, o dövrün texniki imkanları üçün çox böyük göstərici idi. 1930-1945-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun əməkdaşları tərəfindən 80 adda dərslik və dərs vəsaiti nəşr olunur. Onun 55-i Əziz Əliyevin instituta rəhbərlik etdiyi beş il ərzindəki yaradıcı və məhsuldar dövrə təsadüf edir.
Bütün fəaliyyəti dövründə tibb nəşriyyatı yaratmağın, onu təkmilləşdirmək və inkişaf etdirməyin yolları haqqında düşünür. O, bu sahədəki ideyalarını tədricən həyata keçirməyə başlayır və institut kollektivinin köməyi ilə "Tibb nəşriyyatı" yaradır. Professorun təşəbbüsü ilə ilk dəfə "Praktiki və nəzəri tibb jurnalı"nın nəşri əsaslı surətdə təkmilləşdirilir. 1933-cü ildə o, jurnalın baş redaktoru təyin edilir. 1933-cü ildə Əziz Əliyevin təşəbbüsü ilə Tibb İnstitutunda "Tibb kadrları uğrunda" adlı çoxtirajlı qəzetin çapı qaydaya salınır. Hazırda bu qəzet "Təbib" adı ilə Azərbaycan Tibb Universitetində çap olunmaqdadır.
Ə.Əliyevin elmi fəaliyyəti çoxşaxəli idi. Görkəmli alim 87 elmi əsərin müəllifidir. Bu əsərlərin böyük bir hissəsi təbabətin ayrı-ayrı sahələrinə, bir qismi isə tarixi və siyasi problemlərə həsr olunub.
Səhiyyə tarixinin bir mərhələsi
Akademik Mustafa bəy Topçubaşov Əziz Əliyevi Azərbaycan səhiyyəsinin inkişaf tarixinin bir mərhələsi adlandırıb. Məsul bir dövrü əhatə edən bu mərhələdə səhiyyə sahəsində böyük və genişmiqyaslı işlər görülür, beləliklə, Azərbaycanın səhiyyəsi dirçəlir, milli kadrların böyük dəstəsi hazırlanırdı.
Əziz Əliyev Azərbaycanda səhiyyə işinin təşkilinə xüsusi diqqət yetirib, onun bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunub. O, Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı Səhiyyə Şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarlığında müavin, xalq səhiyyə komissarı və digər vəzifələrdə çalışarkən respublikanın bütün rayonlarını gəzib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb. 1930-cu ildə indiki Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutunun yaradılmasında yaxından iştirak edən Əziz Əliyev, sonrakı çətin mərhələlərdə instituta uğurla rəhbərlik edib.
Həmin illərdə bir tərəfdən respublikada yüksək ixtisaslı həkimlərin hazırlanmasına ciddi ehtiyac duyulması, digər tərəfdən də onların hazırlığını təmin edə bilən kadr çatışmazlığı, Azərbaycan dilində tibbi ədəbiyyatın və dərs vəsaitlərinin azlığı, tədris bazalarının zəifliyi, kitab fondunun lazımi səviyyəyə çatdırılmamağı və digər məsələlər həllini gözləyən problemlər idi. Bu problemlərin aradan qaldırılması üçün Əziz Əliyev yorulmadan çalışıb, azərbaycanlı kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini genişləndirib və beləliklə, ana dilində dərsliklər, dərs vəsaitləri, monoqrafiya və tövsiyələrin yazılmasına nail olub.
Əziz Əliyev hansı ictimai, inzibati, təşkilati işdə çalışmasından asılı olmayaraq, elmi axtarışlarını dayandırmayıb. İnstitutu bitirəndən iki il sonra namizədlik, daha sonra doktorluq dissertasiyalarını müdafiə edib. O, 1941-ci il mayın 13-də SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Rəyasət Heyəti nəzdində təşkil edilmiş Elmi Şuranın üzvü, 1956-cı ildə isə professoru vəzifələrinə seçilib.
Əziz Əliyev İkinci Dünya müharibəsindən həm əvvəl, həm də sonrakı illərdə Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib və onun bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunub. O, Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarını müavini, xalq səhiyyə komissarı çalışarkən respublikanın bütün rayonlarını qarış-qarış gəzib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb. O, həmçinin müharibə illərində alay polkovniki rütbəsində sovet əsgərləri ilə birlikdə siyasi rəhbər kimi Cənubi Azərbaycana yollanır.Təbrizdə,Urmiyədə,Ərdəbildə, Mərənddə,Zəncandaolub. Onunla gedən və mədəni-maarif işi ilə məşğul olan ziyalılardanSüleyman Rüstəm,Osman Sarıvəlli,Qılman Musayev,Ənvər Məmmədxanlı,İsrafil Nəzərov,Əhəd Bağırzadə,Qulam Məmmədli,Mehdixan Vəkilov,Cabbar Məcnunbəyov"Vətən yolunda" qəzetinin redaksiyasında fəaliyyət göstəriblər. Əziz Əliyev Cənubi Azərbaycandaİmran Qasımov,Rəsul Rza,Mehbalı Əmiraslanovvə başqaları ilə yaxın təmasda olur.
Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, görkəmli alimin ictimai fəaliyyəti vətənə, xalqa sədaqətlə xidmətdən ibarət olub. O, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, 1942-1948-ci illərdə isə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq, özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilib. Əziz Əliyev 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləyib. Görkəmli dövlət xadimi I-II çağırış SSRİ Ali Sovetinin, I-III çağırış Azərbaycan SSR Ali Sovetinin, II çağırış Dağıstan MSSR Ali Sovetinin deputatı olub. Dağıstanda işləyərkən Dağıstan ictimaiyyəti Əziz Əliyevə üzərində onun əksi həkk olunan xüsusi medalyon bağışlayır . Həmin medalyon hal-hazırda Azərbaycan Tarix Muzeyində saxlanılır.
İki ölkənin məhəbbəti
Görkəmli alimin, həyat yoldaşı Leyli xanımla birgə böyütdükləri övladları vətənə layiq və sadiq olublar. Onlar atalarının himayəsinə arxalanmadan, heç kimdən kömək gözləmədən istedadları, bacarıqları hesabına ucalıblar və hər biri öz peşəsi sahəsində böyük nailiyyətlər qazanıblar.
Vətən və xalq qarşısında xidmətlərinə görə, 1960-cı ildə Əziz Əliyevə "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı verilir. Görkəmli şəxsiyyət dəfələrlə SSRİ-nin, Azərbaycan SSR-in və Dağıstan MSSR-in Ali sovetlərinin deputatı olub, partiya orqanlarının tərkibinə seçilib, iki dəfə "Lenin” ordeni, "Qırmızı Əmək Bayrağı” ordeni, bir çox dövlət mükafatları ilə təltif edilib. Əziz Əliyevin ən böyük mükafatı isə ölkə xalqlarının ona sonsuz məhəbbəti, Azərbaycanda və Dağıstanda qurub-yaratdıqlarıdır.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər