• cümə, 26 Aprel, 19:43
  • Baku Bakı 22°C

Nəsib Quliyev: Bu, gələcək nəslin sağlamlığında çox böyük rol oynayacaq

21.10.19 14:51 474
Nəsib Quliyev: Bu, gələcək nəslin sağlamlığında çox böyük rol oynayacaq
Ağac əkmək, ana torpağın sinəsinə şitil basdırmaq, onu böyüdüb boya-başa çatdırmaq həmişə ən savab işlərdən biri sayılıb. Təsadüfi deyildir ki, İslam peyğəmbərinin kəlamlarının birində də bu işə çox böyük dəyər verilib: "Ömrünün sonuna bir gün qalsa da, ağac ək”.
Ağac əkmək bir növ canlı yaratmağa bənzəyir. Dünyaya gələn körpənin ana qayğısına, valideyn nəvazişinə ehtiyacı olduğu kimi, torpağa basdırılan hər fidanın da bağban qayğısına ehtiyacı var. Ona görə də yerə ting basdırmaqla iş bitmir, gərək həm də onun qayğısını çəkib, böyüdəsən.
Bu barədəAZƏRTAC-a müsahibə verən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb elmləri doktoru Nəsib Quliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkmək təşəbbüsünə münasibət bildirərkən deyib.
Həmin təşəbbüsün rəğbətlə qarşılandığını ifadə edən həkim-pediatr daha sonra əlavə edib: "Ağaclar bizi əhatə edən mühiti oksigenlə təchiz edir. Fotosintez zamanı yeni açılan yaşıl yarpaqlar oksigeni udub karbon qazını havaya buraxır. Bu isə ətraf mühitin sağlamlaşmasına, nəfəs aldığımız havanın oksigenlə zənginləşməsinə çox böyük töhfədir. Hesab edirəm ki, bu nəcib təşəbbüsün həyata keçirilməsi cəmiyyətin, gələcək nəslin, o cümlədən uşaqların sağlamlığında çox böyük rol oynayacaq. Ona görə də heç kəs bu təşəbbüsdən kənarda qalmamalı, hər kəs bir neçə ağac əkərək ekologiyanın, ətraf mühitin sağlamlaşması işində yaxından iştirak etməlidir”.
banner

Oxşar Xəbərlər