“Nəriman qiraətxanası” ilə başlayan 123 illik yol
Ağaca
çıxdım adamla,
Bir
nəlbəki badamla,
Nə dili
var, nə ağzı
Hey
danışır adamla.
Açması? Uşaq
vaxtından dilimizdə əzbər olan bu tapmacanın açmasını bilməyən yoxdur. Doğrudan
da kitabın nə dili , nə də ağzı var. Amma insanla hər şeyi danışıb, paylaşa
bilir. Deyilənə görə, kitab bilik
mənbəyidir. Beşikdən qəbir evinə qədər oxumaq lazımdır. Bəs yaxşı harada
oxuyaq? Əlbəttə ki kitabxanada. Bakıda ilk ictimai kitabxana 1 avqust 1894-cü il tarixində, Nəriman
Nərimanovun təşəbbüsü ilə yaradılmışdır.
Nərimanovun yaratdığı bu qiraətxana qısa bir zamanda təkcə Zaqafqaziyada deyil, Rusiyada və Şərq ölkələrində
rəğbətlə qarşılandı və getdikcə əhatə dairəsi genişləndi.
"Kaspi” qəzeti 6 mart
1897-ci il tarixli nömrəsində yazırdı ki, N.Nərimanov qiraətxanada bir
müəllimənin əməkdaşlığı ilə uşaq kitabları şöbəsi yaratmışdır.
İlk milli qiraətxana dörd il fəaliyyət göstərmişdir. Çar hakim dairələri
gənclərin qiraətxana ətrafında sıx toplaşmasından ehtiyat edərək, 1898-ci ilin
oktyabr ayında onu şübhəli siyasət ocağı kimi bağlatmışdı. Buna baxmayaraq,
milli mədəniyyətin yüksəlişində ilk cığırı açan "Nəriman qiraətxanası”
Azərbaycan xalqının ictimai fikrində yeni səhifənin başlanğıcı olmuşdur.
Təbii, həmin dövrdən uzun
illər keçib. Çox şey dəyişib, daha da inkişaf edib. Artıq kitabxanaların həm
sayı çoxalıb, həm də texniki imkanları genişlənib. Texnika və texnologiyanın bu
qədər inkişaf etdiyi zamanda iki maraqlı məqam sual doğurur. Bunlardan biri gənclərimizin
kitaba, kitabxanaya olan marağının hansı səviyyədə olması, digəri isə
kitabxanalar gənclərin tələbinə uyğun xidmət təklif etməsidir.
Dövrün və gənclərin tələbinə uyğun iş
BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin
Əhmədov bildirir ki, bu gün şəhər kitabxanalarına müraciət
edən, ənənəvi çap məhsullarına üstünlük verən gənclərimiz çoxdur: "Həm elektron,
həm də çap məhsulları mövcuddur. Biz arada şəhər kitabxanalarında monitorinq
keçirdirik və kitabxanalara olan marağın şahidi oluruq. Onu da qeyd edim ki,
kitabxanaya müraciətin vasitəli və vasitəsiz növü var. Müəyyən dərs proqramını
yerinə yetirmək, elmi-tədqiqat işi aparmaq üçün olan vasitəli, şəxsi marağa,
istəyə görə olan müraciət isə vasitəsiz adlanır. Yəni hansı məqsədlə olursa
olsun, kitabxanalara bu gün yetərincə müraciət var. Respublikamızda gənclər kitabxanası var. Düşünürəm
ki, həmin kitabxana tam şəkildə gənclərimizi təmin edə bilir. Orada asudə vaxt
mərkəzi yaradılıb. Bu mərkəzin əsas mahiyyəti
gənclərin mütaliəsi üçün şərait yaratmaqdır. Orda gənclərə milyonlarla kitab
təqdim olunur. Gənclər həmin kitablardan səmərəli şəkildə istifadə edə
bilir. Bundan başqa, həmin kitabxanada
digər ölkələrin normativ hüquqi sənədləri ilə bağlı fondlar yaradılıb. Bu gənclərimizin digər ölkələrin hüquqlarını
öyrənməyinə vasitəçi olur”.
Kafedra
müdiri deyir ki, hazırda elektron çap məhsullarına böyük maraq var: "Kitabxana
işinin kompüterləşdirilməsi, elektron kitabxanaların yaradılması
kitabxanaşünaslığın tərkib hissəsidir. Burada məqsəd kitabı əlçatan etmək və
ona olan marağı artırmaqdır. İndiki vəziyyətdə onlayn şəkildə kitablardan
istifadə çox geniş yayılmışdır. Biz də çalışırıq ki, dövrün və gənclərin
tələbinə uyğun iş görək”.
"Açıq kitabxana” layihəsi
Mirzə Fətəli Axundov adına Milli kitabxananın
Xidməti İşlər üzrə direktor müavini Ədibə İsmayılovanın dediyinə
görə texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə kitaba olan marağı
artırmaq üçün bir sıra layihələr həyata keçirirlər və oxuların böyük bir
qismini də gənclər təşkil edir: "Demək olar ki, bu gün Milli Kitabxanaya
müraciət edənlərin 70 faizini gənclər təşkil edir. Oxucu marağını artırmaq,
kitabı sevdirmək üçün bir sıra layihələr həyata keçiririk. Tez-tez gənc
yazarlarla, maraqlı insanlarla görüş, kitab sərgiləri təşkil edirik. Kitabxanamız nəinki ənənəvi, həmçinin
elektron xidmət göstərir. Təbii ki, bu gün gənclərin əksəriyyəti internetlə tam
təmin olunmuş, yüksək səviyyədə elektron xidmətləri olan kitabxananı
seçir. Buna görə də Milli Kitabxana hər
bir şəraitlə təmin olunmuşdur. Kitabxananın
nəzdindəki "Açıq kitabxana” layihəsi 2016-cı ilin iyul ayının 15-dən fəaliyyət göstərir. 24 saat fasiləsiz fəaliyyət göstərən açıq
kitabxanadır. Bu kitabxananın kifayət qədər də oxucusu var. Bunun həyata
keçirilməsində məqsəd sərbəst mütaliənin genişləndirilməsidir. Bu yaxınlarda
"Açıq kitabxananın” elektron xidmətlərini də təqdim etmişik”.
Müsahibimiz kitabxanaların bugünkü
vəziyyətindən, gəncləri qane edib-etməməyindən də danışdı: "İndiki gənclər
onlarda maraq yaradan kitabxanalara meyl edirlər. Təbii ki, internetlə tam
təmin olunmuş, kitab fondu yetərincə zəngin olan kitabxanaya oxucu daha çox
müraciət edir. Yəni gənclərin mütaliə
dairəsinə aid olan kitablar olmalıdır. Gənclərin tələbatını bilmək mütləqdir.
Bu gün milli kitabxananın fondunda istənilən kitabı tapmaq olar. Həmçinin hazırda
dərs vəsaiti kimi istifadə olunan kitabların əksəriyyətinin olması
gənclərin bizim kitabxanamızı seçməsinə təsir edir. Bəzi kitablar
elektron şəkildə oxuculara təqdim olunur.
Bu gün müəllif hüquqları qorunmaqla, xüsusi proqram
hazırlanmışdır ki, bu proqram
kitabların bir neçəsinin elektron versiyasının açılmasını təmin edir”.
Respublikada yeganə uşaq kitabxanası
Firidun bəy Köçərli adına Respublika Uşaq
Kitabxanasının avtomatlaşdırma şöbəsinin müdiri Vəfa Ağamirzəyevanın sözlərinə
görə, onun çalışdığı kitabxana demək olar ki, respublikada yeganə uşaq
kitabxanasıdır. Bundan başqa, bütün digər kitabxanaların tərkibində olan uşaq
şöbələrinə, məktəblərin, liseylərin kitabxanalarına metodiki köməklik göstərir:
"Kitabxanamızın vəziyyəti çox yaxşıdır. Bəlkə də paytaxtda heç bir kitabxanaya
bu qədər gedən yoxdur. Bizim kitabxanaya maraq və tələb çox böyükdür. Uşaqlar
üçün bir sıra yeniliklər həyata keçiririk. Həmçinin bizim kitabxananın
tərkibində nağıl və psixologiya saatları var. Oxucularımızın say tərkibi də
müxtəlifdir. Hər yaş kateqoriyasından olan uşaqlar bizə müraciət edir. Fondumuz
hər gün yenilənir. Fonddakı kitabların
sayı həm çoxdur, həm də müxtəlif dillərdədir. İspan, italyan, fransız, alman,
ingilis, rus hətta yapon dilində belə kitablarımız var. Uşaqlar üçün maraqlı layihələrimiz olur. Bu
yaxınlarda Abşeron məktəbliləri arasında "Türk xalqları nağılları” əsasında
tamaşalar təşkil edilib. Bu, uşaqların
milli adət-ənənəni və rəqsləri öyrənmələrinə kömək edir. Bizim Yeni Günəşlidə,
Yasamalda, Binəqədidə filiallarımız var.
Həmin filiallarımız hər bir texniki avadanlıq və internetlə təmin olunub. Digər
bir layihəmiz isə "Kitab karvanı” adlanır. Bu layihə hər il keçirilir və
bölgələrdə baş tutur. Bu layihənin
mahiyyəti ondan ibarətdir ki, burdan kitablar bölgələrə gedir, orada kitab
sərgisi keçirilir. Bəzi kitabları da hədiyyə kimi veririk. Bununla bərabər,
uşaq yazarları ilə görüş təşkil edirik. Yəni rayonlarda yaşayan uşaqlar həm
kitablarla, həm də müəlliflərlə tanış olurlar”.
Müsahibimiz
kitabxanalarının elektronlaşmasında da danışdı: "Kitabxanamızın saytı
mövcuddur. Saytımızda bizim fəaliyyətimiz haqqında hər bir məlumat var.
Həmçinin orada bizim elektron kataloqumuz, kitablarımız və bazamız da
yerləşdirilib. Bizim biblioqrafik nəşrlər
layihəmiz də var. Hansı ki, bu günə qədər Firidun bəy Köçərli, Abdulla Şaiq,
Abbas Səhhət haqqında nəşr olunan biblioqrafik kitabların elektron variantı
sayta qoyulub. Yəni sayta daxil olan şəxs həm verilən məlumatları kitab kimi
vərəqləyib oxuya, həm də video formatında görə bilər. Hər hansısa bir ədibin yaradıcılığına aid
musiqiləri, videoları, öz səsi ilə səsləndirdiyi şeirləri elektron bazada
tapmaq mümkündür. Çünki bəzi informasiyaları
kitabda yazılı vermək mümkün olmadığından, elektron formada sayta
qoyulur. Bundan başqa, biz keçmişdə, kiril qrafikalı əlifba ilə nəşr olunan
uşaq ədəbiyyatlarını yenidən latın qrafikası ilə nəşr etdiririk. Bu kitabların
da çoxu arxivlərdə saxlanılan kitablardır. Həmin kitablarda heç bir dəyişiklik
etmədən yenidən bərpa edib oxucularımıza təqdim edirik. Bu isə "Bərpa nəşr”
layihəsi adlanır və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
həyata keçirilir. Hətta artıq bir neçə kitab bərpa edilib və şəhərin bəzi
kitabxanalarına paylanılıb”.
Müxtəlif zövqlü uşaqlar
Şöbə
müdirindən uşaqlarda dünya ədəbiyyatına, yoxsa öz ədəbiyyatımıza marağın daha
çox olduğunu soruşduq. Onun sözlərinə
görə, uşaqların çox qəribə seçimləri
olur. "Çox müxtəlif seçimlər olur. Keçən
il Təhsil Nazirliyinin qərarı ilə uşaqlar yay tətilində onlara verilən ev tapşırıqları əsasında, gəlib kitablardan istifadə edirlər. Siyahı
məktəbdən, müəllimlər tərəfindən verilir. Yəni bu cür siyahı ilə müraciət
edənlərimiz çoxluq təşkil edir. Uşaqlar bilməyərəkdən seçim etmirlər. Məktəbin
verdiyi siyahıya uyğun olaraq kitabları oxuyurlar. Həmin siyahıda müxtəlif
janrlar olur. Həm öz ədəbiyyatımızın, həm də xarici ədəbiyyat nümayəndələrinin
əsərləri həmin siyahıda yer alır. Uşaqların özü də bu məsələdə çox maraqlıdırlar.
Böyük həvəs və istəklə kitabları götürür, mütaliə edirlər. Zövqləri də çox müxtəlifdir”.
V. Ağamirzəyeva qeyd edir ki, kitabxanada fiziki
məhdudiyyətli şəxslər üçün də layihələr həyat keçirilir: "Bizə görmə
məhdudiyyəti olan uşaqlar da müraciət edir. Oxu zalında bizim iki kompüterimiz və brayl əlifbası ilə olan bir neçə
kitablarımız var. Həmçinin kompüterlərdə də onlar üçün xüsusi proqramlardan
istifadə edirik. Həmin uşaqlar çox rahatlıqla həm kitablarımızdan, həm də
kompüterlərimizdən yararlana bilərlər. Əməkdaşlarımız da həmin uşaqlarla
işləmək üçün xüsusi kurslar keçiblər”.
Günel Azadə