• çərşənbə axşamı, 23 aprel, 11:39
  • Baku Bakı 20°C

Nəriman Əbdülrəhmanlı AYB üzvlüyündən çıxdı - İstefa

12.06.14 11:18 1296
Nəriman Əbdülrəhmanlı AYB üzvlüyündən çıxdı - İstefa
Yazıçı bununla bağlı qurultay iştirakçılarına ünvanladığı müraciəti Kulis.az-a göndərib.
Müraciətdə deyilir ki, 2004-cü ildə keçirilən XI qurultayda AYB İdarə Heyətinin üzvü seçilsə də, aradan ötən 10 il ərzində bir dəfə də olsun, təşkilatın nizamnaməsi ilə İH-nin səlahiyyətinə daxil olan hər hansı məsələnin müzakirəsinə, AYB-nin yubileylərinə və rəsmi tədbirlərinə dəvət olunmayıb: “Bu vaxtacan bir əsərim belə AYB xətti ilə buraxılan toplulara salınmayıb. Ən axırda da naməlum səbəblər üzündən XII qurultayın iştirakçıları sırasında deyiləm. Amma Azərbaycan yazıçılarının doğma ocağı sayılan təşkilatdakı yarınma, dostbazlıq, yerlibazlıq, regionçuluq mühitinin dərin kök saldığını ürək ağrısı ilə müşahidə etmişəm. Doğma saydığın təşkilatın “ögey övladı” olduğunu dərk etmək, dövlətin qayğısının ancaq bir qrup qələm adamına şamil edildiyini görmək məndən ötrü ağırdır. Buna görə də artıq AYB sıralarında qalmaq üçün mənəvi haqqım olmadığını dərk edir, təşkilatın üzvlüyündən çıxdığımı bildirirəm”.
AYB sədri, xalq yazıçısı Anar isə APA-ya bildirib ki, birliyə üzv olmaq könüllüdür: “Biz heç kimi məcbur üzv etmirik. Kim istəyir üzv olur, kim istəyir istefa verir. Biz heç kəsi nə dəvət edirik, nə də çıxarırıq. Əgər Nəriman Əbdülrəhmanlı bu cür çıxmağı lazım bilirsə, xoş gəldi, lap yaxşı”.
Anar əlavə edib ki, N.Əbdürrəhmanlının qurultay nümayəndəsi seçilməməsi texniki yanlışlıq ola bilər: “İdarə Heyətinin üzvləri birbaşa nümayəndə olurlar. Görünür, bu texniki məsələdir. Mən zəng edib deyəcəyəm ki, onun adını daxil etsinlər. Sonra çıxar, özü bilər”.
Birlik sədri N.Əbdülrəhmanlının AYB-nin tədbirlərinə dəvət almamasına da münasibət bildirib. O qeyd edib ki, Yazıçılar Birliyindəki tədbirlər üçün heç kimə ayrıca dəvət göndərilmir: “Tədbirlərin elanı “Ədəbiyyat qəzeti”ndə çap olunur. Qəzeti alsınlar, buyurub gəlsinlər. 1600 üzvə bir-bir dəvət göndərə bilmərik”./apa/
Qeyd edək ki, iyunun 17-də AYB-nin qurultayı keçiriləcək.
banner

Oxşar Xəbərlər