AZE | RUS | ENG |

Nəqliyyatda limitsiz istifadə kartları olacaqmı?

Nəqliyyatda limitsiz istifadə kartları olacaqmı?
Ekspertin sözlərinə görə, turizmin inkişafında 4 sütundan biri nəqliyyatdırsa, bu haqda düşünmək və iş görmək lazımdır

Xarici ölkələrə səfər edənlər ayaq basdıqları şəhərdə ilk növbədə ictimai nəqliyyata minik kartı əldə etmək üçün ən ucuz variantlara nəzər salırlar. Aparatlar birdəfəlik gediş kartları ilə yanaşı, günlük, bir neçə günlük, həftəlik, aylıq və ya daha uzun müddətli kartlar təklif edir. Günlük kartlar gün ərzində bir neçə dəfə nəqliyyatdan istifadəyə xərclənən puldan daha ucuz başa gəldiyindən, sərnişinlər daha çox bu tip kartlara üstünlük verilər. Eləcə də, gedəcəyi ölkədə qaldığı günü hesablayan insanlar həmin günlər üçün nəqliyyatda istifadədə gediş-dönüşdə limitsiz kartlar əldə edirlər. 

Məsələn, Vyanada dəyəri 8 avroya olan kart vasitəsilə gün ərzində istədiyin qədər nəqliyyatın bütün növlərindən istifadə etmək mümkündür. Ancaq Avstriyanın paytaxtında metro-avtobus-tramvay və trolleybuslara kart olmadan, yalnız bir gediş üçün 2.50 avro ödəmək lazımdır. Bu baxımdan, istər turistlər, istərsə də nəqliyyatda hərəkətinin qədərini bilən yerli sakinlər limitsiz kartlara üstünlük verirlər. 

Düzdür, hələ bizim ölkəmizdə nəqliyyatda ödənişləri həyata keçirən vahid kart sistemi tamamilə tətbiq olunmayıb. Hələ bizim kimi sərnişinlər xarici ölkələrin bu təcrübəsinə həsədlə baxırıq. Bununla belə, ölkədə turizmin inkişafından danışmaq istədiyimiz bir vaxtda bu tip tətbiqlərin də olmasını arzulayırıq. Bəs nəqliyyat sektoruna aid olan qurumlar necə? Nə vaxtsa ölkədə bu tip kartların istifadəyə verilməsi haqqında düşünürlərmi? 
 
Nağdsız ödənişə tam keçid olandan sonra
 
Bakı Nəqliyyat Agentliyinin İctimai Əlaqələr və Maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev sorğumuza cavab olaraq qeyd etdi ki, hazırda qarşıda duran əsas məsələ nağdsız ödənişin əhatəsini genişləndirməkdir: "Bu gün ictimai nəqliyyatda yalnız metroda və 500 ədədə yaxın avtobusda gediş haqqlarının ödənişi «BakıKart»la edilir. Bu il bütün xətlərin nağdsız ödənişə keçidi planlaşdırılır. Tam keçid olandan sonra qeyd etdiyiniz məsələlərə baxmaq olar”.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Bilirsiniz ki, gedişhaqqı «BakıKart»la ödənilir. Bu sualı onlara yönəldin”- deyə sualımıza qısaca cavab verdi. 

Qeyd edək ki, Bakı şəhərinin ictimai nəqliyyatında vahid kart («BakıKart») sistemi tətbiq edilib. «BakıKart» beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən yeni elektron ödəniş kartı kimi təqdim olunur. Kart özündə ümumi nəqliyyat ödənişlərini birləşdirir. "Bakı Metropoliteni” QSC-yə aid metro və "BakuBus” MMC-yə aid bir sıra avtobus nəqliyyat vasitələrində gedişhaqqının ödənişi «BakıKart» vasitəsilə həyata keçirilir. Bundan əlavə, vahid sistemdə 2 növ kartdan - «BakıKart» (Plastik kart) və «BakıKart» - məhdud istifadə üçün (Kağız kart) istifadə edilir. 

Hər iki növ kart «BakıKart» terminallarından, mətbuat köşklərindən və «BakıKart» loqolu digər satış nöqtələrindən əldə edilir. Layihənin sonrakı mərhələlərində «BakıKart»dan digər nəqliyyat vasitələrində ödəniş vasitəsi kimi istifadə edilməsi planlaşdırılır. Vahid «BakıKart» sistemi özündə ictimai nəqliyyat ödənişlərini birləşdirir, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini və rahatlığını təmin edir. 

Gələcəkdə günlük, həftəlik və ya aylıq limitsiz ödənişləri özündə birləşdirən kartın tətbiqi ilə bağlı sualımıza isə layihəni həyata keçirən qurumdan cavab ala bilmədik. «BakıKart» sualımızı cavablandırmağı vəd etsə də, günün sonunda eşitdiyimiz "sualınız aidiyyatı ünvana yönəldilib, sizə cavab veriləcək” – cümləsi oldu. 
 
Dörd sütundan biri
 
Turizmçilərin məsələyə münasibətində isə az da olsa işıq ucu görünür.

Turizmin bir çox sahələri, o cümlədən nəqliyyatı əhatə etdiyini deyən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, təmsil etdiyi qurum bu kimi təkliflərlə çıxış edir: "Amma nəqliyyat qurumları bu cür təklifləri ön plana çəkməli, xüsusən turistlər üçün müvəqqəti şərait yaratmağa çalışmalıdırlar. Yəni turist 5 və ya 10 günlük gələndə, müddətli kartlardan istifadə etsin. Çünki turistə qısa müddət üçün «BakıKart» almaq sərf etmir və onlar ölkəyə uzun müddətə gəlmirlər. Bu baxımdan, nəqliyyat qurumları təkcə mövcud nəqliyyatın təkmilləşdirilməsi ilə bağlı deyil, eyni zamanda turizmin prioritet istiqamətlərinə hesablanan işlər görməlidirlər. Belə ki, turizmin inkişafında 4 sütundan biri nəqliyyatdırsa, bu haqda düşünmək və iş görmək lazımdır”. M.Ağakərimovun fikrincə, həmçinin turistlərin daha çox getdikləri rayonlara nəqliyyatlar müntəzəm işləməlidir: "Yol infrastrukturu və nəqliyyatı təşkil olunmalıdır. Çox təəssüf ki, biz bu məsələdə geri qalırıq».     

Turizm eksperti Ceyhun Aşurov dünya ölkələrinin nəqliyyat sistemində bu cür kartların işlək olduğunu bildirir. Belə ki, gündəlik, həftəlik, aylıq, hətta daha çox müddətli olan kartlar var ki, onlar ucuz olur: "Həmin kartlar ictimai nəqliyyatın bütün növlərində – metroda, tramvayda, avtobusda, bəzən də qatarda keçərlidir. Bu cür mexanizmin olması həmin ölkəyə gələn turistlər, orada oxuyan tələbələr üçün müddətinə görə sərfəlidir. Onlar da bu kartlardan rahatlıqla istifadə edirlər. Bizim ölkəmizdə də əksər avtobuslar kart sisteminə keçirilib. Həmin kartdan həm avtobuslarda, həm metroda istifadə etmək olur. Sadəcə, bu kartların əldə olunma imkanlarını genişləndirmək lazımdır”. 

Ekspertin fikrincə, əslində bizdə Avropa ölkələri ilə müqayisədə gedişhaqqı ucuz olduğundan bu xidmətin olması o qədər də aktual deyil: "Metro və avtobusda gediş haqqı 30 qəpikdir. Ona görə düşünmürəm ki, müddətli xüsusi kartlar bizim üçün aktualdır. Dayanacaqlarda yerləşdirilən avtomatlardan «BakıKart» əldə etmək mümkündür. Həmçinin orda gündəlik gediş qəbzi də əldə etmək olur. Eləcə də istifadə üçün çoxdəfəlik kartlar əldə etmək olur. Bu kartlardan da həm avtobusda, həm də metroda istifadə etmək mümkündür”. Turizmçinin fikrincə, sadəcə, kartlar haqqında gələn qonaqlara otellərdə, aeroportların çıxışında məlumat verilməsi yaxşı olar: "Yəni taksi xidmətləri insanları aldatmasın və onlar istədikləri ünvana rahat gedib çıxa bilsinlər. Ona görə bununla bağlı qonaqlara daha çox məlumat verilsə və kartlardan daha çox istifadə olunsa, yaxşı olar. Bundan əlavə, nəqliyyat vasitələrinin gedə biləcəyi standartların da olması önəmlidir. Çünki sıxlıq saatlarında bəzən özümüz də avtobusa minməyə çətinlik çəkirik. Düzdür, son vaxtlar avtobuslar xidmət keyfiyyətlərini artırıblar. Təmizlik işlərinə də riayət olunur. Amma bəzən pik saatlarda elə sıxlıq olur ki, öz vətəndaşlarımız da nəqliyyata güclə minirlər. Belə məqamlarda nəqliyyatda gediş-gəlişi tənzimləmək daha yaxşı olardı».
 
Daşıyıcıların marağı
 
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, belə limitsiz kartların bizim nəqliyyat sistemində olmamasının əsas səbəbi hələ nəqliyyat sistemimizin kartlarla bütövlükdə təmin olunmamasıdır: «Şəhərdaxili avtobuslarda ödəniş tam olaraq kart sisteminə keçirilməyib. Ən yaxşı sistem hələ Bakıdadır. Rayonlarda ümumiyyətlə, nəqliyyatda kart sistemi tətbiq olunmayıb. Paytaxtda da avtobusların təxminən 30 faizi kart sisteminə keçib. Ona görə də o sistem Bakıda işləməyəcək. Digər tərəfdən, belə kartlar olarsa, nə yerli sakinlər, nə də gələn turistlər nəqliyyatın hamısında onlardan istifadə edə bilməyəcəklər. Bundan ötrü avtobuslarda ödəniş tamamilə kart sisteminə keçirilməlidir. Bəlkə ondan sonra bu, mümkün olar”. 

Ekspertin fikrincə, digər səbəb daşıyıcıların bəzilərinin bu xidməti göstərməyə hazır olmamasıdır. Bəziləri də ümumiyyətlə, maraqlı deyillər: "Metroda bu cür sistemə keçirilməsi mümkündür. Bununla belə, metro da şəhərin bütün hissələrini əhatə etməyib. Xarici ölkələrdə bu kartların müxtəlif növləri var. Məsələn, bəzisi yalnız bir nəqliyyat növü üçün keçərlidir. O baxımdan, gələcəkdə bizdə də tətbiq oluna bilər».

Hərçənd ki, bəzən ekspertlərin ideya və təklifləri rəsmi və ya məsələyə səlahiyyətli qurumların baxışları ilə üst-üstə düşmür, amma ictimai təşəbbüslər irəli sürməkdə də bir fayda var. Xüsusən bir gün onların gerçəkləşəcəyinə inananda...
 
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8859
GEL 1 1 Gürcüstan larisi 0.5804
GBP 1 1 İngiltərə funt sterlinqi 2.066
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1755
CHF 1 1 İsveçrə frankı 1.736
KWD 1 1 Küveyt dinarı 5.5894
TRY 1 1 Türkiyə lirəsi 0.2965