• çərşənbə axşamı, 16 aprel, 22:06
  • Baku Bakı 18°C

Nəqliyyat vasitələrini idarə edəcək peşəkarları haradan tapaq?

05.12.18 10:51 771
Nəqliyyat vasitələrini idarə edəcək peşəkarları haradan tapaq?
"Bakıda ictimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır”. Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistləri Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı deyib. İdarə Heyətinin sədri qeyd edib ki, hazırda çox ciddi sürücü problemi var: "Orta hesabla 1 sürücü 8 saat işləməlidir. Bu, hər avtobus üçün 2.5, 2.7 əmsalında dəyişir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər. Sürücü çatışmazlığı var".
V.Kərimli bildirib ki, sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur: "Onlar səhər saat 6-dan axşama qədər sükan arxasında olurlar. Sürücülər fiziki olaraq yorulurlar".
Əslində, sədrin dediklərində həqiqət var. Belə ki, hazırda nəqliyyatda sadəcə, sürücü deyil, ümumiyyətlə, peşəkar sürücü problemi olduqca aktualdır. Son dövrlər nəqliyyatda yaşanan bu və ya digər insidentləri nəzərə alaraq deyə bilərik ki, ölkədə peşəkar sürücü kadrına böyük ehtiyac var. "BakuBus” MMC-yə məxsus avtobuslarda kifayət qədər peşəkar kadrlar olsa da, digər xətlərdə vəziyyət heç də ürək açan deyil. Bəzi hallarda sürücülərin yuxusuz olmağı, sərnişinlərlə kobud davranışı problemlərin yaranmasına şərait yaradır. Bu isə onların psixoloji və fiziki yorğunluğu ilə izah edilir. Maraqlıdır, nəqliyyatda olan kadr çatışmazlığının səbəbi nədir, bu problemi aradan qaldırmaq üçün hansı addımlar atıla bilər?
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyir ki, çox təəssüf ki, sükan arxasında qeyri peşəkar, çox kobud sürücülər var: "Yaranan problemin bir çoxu sürücülərdə peşəkarlıq səviyyəsinin aşağı olmasından qaynaqlanır. Digər tərəfdən, kəmiyyət baxımından da göstəricilər o qədər də yüksək deyil. Çünki hazırda avtobus sürücüsü olmaq elə çətin və ağır iş hesab olunur ki, bu peşəyə az adam meyl edir. İş rejimlərinin və şəraitlərinin əlverişsiz olması, bu sahəyə maraq yaratmır. Ona görə də, sürücülük məktəblərini bitirənlərin çoxu "B” kateqoriyalı sürücülük vəsiqəsi almaqla kifayətlənir. Bu da avtobus sürücülərinin peşə səviyyəsinin aşağı olmasının ən bariz nümunəsidir. Bir digər səbəb isə avtobus sürücüsü hazırlayan təlim mərkəzlərinin, peşə məktəblərinin çoxunda məsələyə ciddi yanaşmanın olmamağıdır. Peşəkarlığın aşkar olunmasını şərtləndirən məsələlərdən biri də budur. Düşünürəm ki, problemi həll etmək üçün peşəkar kadr hazırlayan sürücülük məktəbləri yaratmaq və həmin məktəblərin də nəzəri, təcrübi bazasını gücləndirmək vacibdir. Həmçinin insanlarda da bu peşəyə maraq yaratmaq lazımdır. Bu marağı yaratmaq üçün də avtobus sürücülərinin əmək haqqı artmalı və iş şəraitləri yaxşılaşdırılmalıdır”.
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirdi ki, sürücülük məktəblərində irihəcmli maşınların, avtobusların idarə olunmasını tədris edən kurslar demək olar ki, yox dərəcəsindədir: "Əvvəllər peşə təhsil məktəbləri vardı. Həmin müəssisələrdə professional olaraq ixtisaslı sürücülərin hazırlanması ilə bağlı kifayət qədər ciddi işlər görülürdü. O dönəmdə müxtəlif şirkətlərdən, parklardan bu məktəblərə kadrla bağlı sifarişlər gəlirdi. Sürücülər daha peşəkar şəkildə xidmət göstərmək üçün təhsil alırdılar. Peşə təhsil mərkəzlərində bu sahə üzrə kadrların hazırlanmasında olan çatışmazlıqlar problemlərin yaranmasına səbəb olur. Ona görə də, nəqliyyat vasitələrini idarə etmək üçün daha çox "B”, "C” kateqoriyalı sürücüləri işə götürürlər. Hansı ki, həmin kateqoriyalar, sürücülərə çoxyerlik, qoşqulu, iritonajlı nəqliyyat vasitələrinin idarə olunmasına hüquq vermir. Yəni problemim əsas məğzi ondan ibarətdir ki, peşə məktəblərində kateqoriyaların verilməsi ilə bağlı texniki bazanın çatışmazlığı mövcuddur. Hər bir sürücülük məktəbində qeyd etdiyim həmin nəqliyyat vasitələrinin özü də olmalıdır. Ona görə ki, insanlar sürücülük peşəsinin sirlərinə yiyələnərkən, o vasitələri işlədib praktik olaraq biliklərə yiyələnə bilsin. Bunun üçün əvvəlki illərdə ən azı 1 il təhsil müddəti müəyyən olunurdu ki, sürücü o kateqoriyanı almaq hüququna sahib olsun”.
İ. Hüseynli təlim mərkəzləri məsələsinə də toxundu: "Təlim mərkəzləri bilavasitə sürücülük məktəbləri ilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir. O mərkəzlər həmçinin avtoparklarla təmin olunmalıdır. Tutaq ki, təlim mərkəzi var, amma 45 yerlik avtobus yoxdursa, təhsil alanlar praktiki baxımdan biliklərə yiyələnə bilmirsə, bu formallığa ehtiyac yoxdur. Bu problemin ən yaxşı həlli yolu sürücülük məktəblərinin texniki bazasını gücləndirməkdir. Yəni bu məktəbi bitirən hər bir şəxs professional şəkildə nəqliyyat vasitəsini idarə etməyi bacarmalıdır. Onu da qeyd edim ki, regionlarda sürücülük məktəbləri mərkəzləşmiş şəkildədir. Amma çox yaxşı olar ki, bu say artırılsın. Həmçinin insanların bu sahəyə marağını yüksəltmək üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Hazırda gənclərimizin böyük bir qismi minik avtomobillərinin, yəni taksilərin idarəsinə maraq göstərirlər. Çünki orada qazanc çoxdur və rahatdır. Yəni gəlin etiraf edək ki, bu gün avtobus sürücülərinə verilən əmək haqqı da yetərli səviyyədə deyil. Ona görə də, gənc kadrlar bu peşəyə maraq göstərmirlər”.
Ekspertin bu məsələ ilə bağlı bir təklifi də oldu: "Çox yaxşı olardı ki, sərnişindaşımanı və yükdaşımanı həyata keçirən şirkətlərin nəzdində sürücülük mərkəzləri yaradıb özləri kadr bazası formalaşdırsınlar. Yəni şirkətlərin nəzdində sürücülük məktəbi yaradıb gəncləri stimullaşdıraraq həmin müəssisələrə cəlb edə bilər. Müəyyən təqaüdlər, maddi yardımlar etməklə gənclərin həmin kurslarda iştirakını təmin etmək olar. Eyni zamanda həmin məktəbləri bitirənləri də müqavilə ilə işə götürə bilər. Yəni hər şeyi dövlətdən gözləməməliyik. Özəl şirkətlər də bu işdə maraqlı olmalıdırlar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər