• çərşənbə, 24 Aprel, 06:09
  • Baku Bakı 13°C

Nəqliyyat sahəsinin inkişafı üçün yeni addım

01.03.19 09:00 650
Nəqliyyat sahəsinin inkişafı üçün yeni addım
Heç şübhəsiz, təyyarə ilə səfər edənlər aeroport ərazisində fəaliyyət göstərən taksilərin xidmətindən razılıq etmirdilər. Hava limanında taksi fəaliyyəti göstərənlərin əsas məqsədi "yağlı müşətri” tutmaq idi ki, bunun da ziyanı sərnişinlərin çiyninə düşürdü. Gedəcəkləri məsafə üçün dəyərindən qat-qat artıq vəsait ödəmək bir tərəfə qalsın, üstəlik, aşağı xidmət səviyyəsi ilə də üzləşirdilər. Bu məsələdə ən ciddi problemlə isə şübhəsiz ki, turistlər üzləşirdilər. Ölkəmizə gələn qonaqlar üçün hava limanı ilkin təəssürat yeridir. Ancaq əgər bu turist elə hava limanındaca hansısa taksi sürücüsü tərəfindən aldadılırsa, burda bir nəfərin yox, bütöv bir ölkənin imicinə zərər dəyirdi. Amma deyəsən, bu sahədəki problem həll olunmaq üzrədir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakı Taksi Xidməti” MMC Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhərin istənilən nöqtəsinə təhlükəsiz, komfortlu və taksometrlə təyin edilən standart qiymətlərlə sərnişindaşıma xidməti təşkil edir. Nazirlikdən verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyin təmin edilməsi üçün aparılan bir sıra islahatların nəticəsi olaraq Hava Limanı ərazisində yerli sakinlərə və turistlərə yalnız "Bakı Taksi Xidməti” MMC taksi fəaliyyəti göstərəcək. Müştərilərin sifarişinin rahat qəbul olunması üçün aeroport daxilində məlumat stendi quraşdırılıb. Taksilərin fəaliyyətinə nəzarət daha da gücləndirilib. Taxometer cihazı vasitəsilə müştəri yalnız qət etdiyi məsafəyə uyğun ödəniş edir. Taksi xidməti sahəsində ilk dəfə olaraq "Bakı Taksi Xidməti” MMC-nin sürücüləri xüsusi uniforma ilə təmin olunub. Eyni zamanda, işə, xüsusi təlim keçmiş və əcnəbi qonaqlarla rahat ünsiyyət qurmaq üçün dil bilgisi olan şəxslər qəbul olunur. Yeni fəaliyyətə başlayan "1848” Çağrı mərkəzi taksi xidmətindən istifadəni daha da rahatlaşacaq.
Fəaliyyətə başlayacaq taksi xidmətinin növbəti mərhələdə həm turizm, həm də nəqliyyat sahəsində hansı üstünlüklərə səbəb olacağını öyrənməyə çalışdıq.
Məsələ ilə bağlı daha geniş məlumat əldə etmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə yaratdıq. Nazirliyin mətbuat xidmətindən bu kimi taksilərin avtovağzalda, dəmiryol vağzalında da yaradılıb-yaradılmayacağını, qiymətin necə müəyyənləşəcəyini soruşduq. Nazirlikdən, hələ ki mexanizm üzərində iş getdiyini və daha geniş məlumatın sonra veriləcəyini dedilər.
"New ERA Travel” turizm agentliyinin rəhbəri Elçin Rüstəmov qeyd etdi ki, təhlükəsizlik məsələsi turistlərin önəm verdiyi ilk vacib məsələlərdən biridir: "İkinci məsələ isə aldadılma faktlarının aradan qaldırılmasıdır. Təbii ki, bu təşəbbüsü dəstəkləyirəm. Mövzu ilə bağlı çoxdan müzakirələr gedirdi. Sadəcə, təsdiq olunmasını gözləyirdik. Zənnimcə, "Bakı Taksi Xidməti” MMC-nin yaradılması bu sahədə atılacaq çox yaxşı addımdır. Mexanizmin necə işləyəcəyi isə qurumun rəsmilərinin verəcəyi bir qərardır. Məncə, turistlərin özünü təhlükəsiz hiss etməsi, ödəmələrin şəffaf şəkildə həyata keçirilməsi üçün vacib addımlardan biridir. İstənilən taksi sürücüsü artıq başqa bir qiymət uydurub deyə bilməyəcək. Bu tip şeylər ölkənin imicinə mənfi zərər vurur. Təyyarədən düşən turist aldadılma faktı ilə üzləşir. Belə ki, 10-15 manatlıq yola 50 manat tələb olunur. Həmin turistin artıq istənilən halda, ölkə haqqında təəssüratı mənfi olur. İlk aldandığı yerdən sonra turizmlə bağlı digər xidmət sahələrində də aldadılacağını düşünür və bütün yerlərə tərəddüdlə yanaşır. Əsas budur ki, "Bakı Taksi Xidməti” MMC yaradılmasa belə, aeroportda qonaqların daşınmasına xidmət edən taksilərə nəzarət sistemi gücləndirilməlidir. Yəni hər bir taksiyə taxometer qoyulmalıdır ki, ödəniş konkret olaraq gedilən məsafəyə görə edilsin”.
E.Rüstəmov bu kimi problemlərin dünyanın bir çox ölkələrində yaşandığını deyir: "Bu problemlər qonşu Türkiyədə də səs-küyə səbəb olmuşdu. Sürücülər turistlərdən dəyərindən qat-qat artıq məbləğdə pul alırdılar. Son nəticədə dövlət bu məsələyə qarışdı, yəni əlavə ödəmələrin alınması üçün cərimə təyin olundu. Ondan sonra belə halların qarşısı alındı. Turistlər arasında sorğu keçirilən zaman da sırf onu vurğulayırlar ki, bizdən taksidə çox pul aldılar. Ona görə, bu iş nəzarətə götürülməlidir. Digər tərəfdən taksi sürücülərinin müəyyən dil biliklərinə yiyələnməsi də vacibdir. Beynəlxalq dil olaraq ingilis dilini müəyyən dərəcədə bilmələri kifayətdir. Buna görə də, onlar üçün xüsusi təlimlər təşkil edilməlidir”.
Turizm üzrə ekspert Ceyhun Aşurov deyir ki, hava limanı hər bir ölkənin giriş qapısıdır, orada göstərilən xidmət və çalışan insanlar dünya standartlarına cavab verməlidir: "Taksi xidməti ilə bağlı bir çox ölkələr problem yaşayır. Hətta bəzi Avropa ölkələrində bu məsələ hələ də problem olaraq qalır. Amma bunun qarşısının alınması, problemlərin aradan qaldırılması daha məqsədəuyğundur. Hava limanı hər bir ölkənin giriş qapısıdır. Orada göstərilən xidmət və çalışan insanlar da dünya standartlarına cavab verməlidir. Belə ki, aeroportda və onun ərazisində fəaliyyət göstərənlər xarici qonaqlarda həmin ölkə haqqında ilkin rəyi formalaşdırırlar. Təbii ki, ilk təəssürat pis olarsa, bu, digər proseslərə də öz təsirini göstərəcək. Bu da danılmaz faktdır ki, son dövrlər taksi xidmətləri ilə bağlı ciddi şikayətlər vardı. Məsələn, sürücünün artıq pul alması, turistlə nəzakətsiz olması və s. kimi problemlər sadalanırdı. Bunlar da ölkəmizin turizm imicinə birmənalı şəkildə mənfi təsir edirdi. Hətta bu problemlər mediada da işıqlandırılırdı. Problemlərin həlli istiqamətində bu kimi addımların atılması, müasir standartlara cavab verən taksi xidmətinin göstərilməsi təqdirəlayiqdir. Yəni təkcə avadanlıqların yenilənməsi ilə kifayətlənməyib, xidmət sektorunda çalışan insanlar da müasir dövrə uyğun, müəyyən təlimlər keçməlidirlər. Düşünürəm ki, bu addımın atılması ilə turizm sahəsində və ölkəmizin imicinin daha da yüksəldilməsi baxımından müsbət nəticələr əldə olunacaq”.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bu sahədə ciddi pərakəndəliyin olduğunu düşünür: "Ölkənin bütün girişlərində, avtovağzalda, dəmiryolu vağzalında, o cümlədən bütün nəqliyyat qovşaqlarında xidmətlərin müasir və keyfiyyətli, təhlükəsizlik şəkildə göstərilməsi təmin edilməlidir. Bu sahədə ciddi pərakəndəlik vardı. Fikir versəniz, bu sferada istifadəyə yararsız olan bir çox avtomobilləri, həmçinin işini qeyri-peşəkar şəkildə yerinə yetirən sürücüləri görmək olar. Bütün bunlar ölkənin nəqliyyat sisteminə mənfi təsir edən amillərdir. Hətta müştərilərlə davranışda belə ciddi problemlər mövcuddur. Bu kimi nüansları sivil qaydada, mədəni şəkildə tənzimləmək lazımdır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər