• cümə, 29 Mart, 19:17
  • Baku Bakı 14°C

Neofaşizm Avropanı ağuşuna alır

31.03.15 06:49 1265
Neofaşizm Avropanı ağuşuna alır
Neofaşizm, miqrantlara qarşı dözümsüzlülük, millətçi əhval-ruhiyyənin artması Avropanın başlıca problemlərindən birinə çevrilməkdədir. Bəlli olduğu kimi, insan hüquqlarının qorunması hər bir demokratik dövlətin əməl etməyə çalışdığı prioritet məsələlərdən biridir. Artıq sağçı qüvvələr, millətçi partiyalar Avropada zəfər qazanmaqdadırlar.
Ultra sağçılar iqtisadi böhran, Avropanın bəzi ölkələrindəki durğunluq və böyük işsizlik problemi dönəmində getdikcə xalqdan daha çox dəstək almağa başlayırlar. Keçən əsrin 30-cu illərində milli-sosialistlərin (faşistlərin) Almaniyada hakimiyyətə gəlməsinin əsas səbəblərindən biri də məhz ölkədəki 15%-lik işsizlik problemi idi. Müqayisə etsək, 2013-cü ilin may ayına olan statistik göstəricilərə əsasən, İspaniyada işsizlik 26%, Portuqaliyada 17%, Yunanıstanda isə 27%-ə qədər yüksəlib. Təbii haldır ki, son 4 ildə göstəricilərin belə yüksək olması avropalıların davranış və əhval-ruhiyyəsinə təsirsiz ötüşməyə bilməzdi. Əgər Avropanın heç də firavan yaşamayan cənubunda radikallar iqtisadi böhran nəticəsində hakimiyyətə gəlirlərsə, Avropanın iqtisadi cəhətdən problemi olmayan şimalında isə hakimiyyətə getdikcə daha çox nüfuza malik olan ultrasağçılar yiyələnirlər.
Artıq neofaşizm deyilən bir xəstəlik alman cəmiyyətinə güclü şəkildə sirayət etməkdədir. Bunun qarşısını almaq və cəmiyyətdə digər xalqlara qarşı nifrət hissini azaltmaq əvəzinə isə rəsmi Berlin digər dövlətlərə demokratiya dərsi keçməyə üstünlük verir. Yəni əgər Almaniya digər dövlətləri insan hüquq və azadlıqlarının pozulmasına görə ittiham edirsə, ilk növbədə buna onun mənəvi haqqı çatmalıdır. Heç kimə sirr deyil ki, bu gün Almaniyada neofaşistlər çox açıq şəkildə özlərinin yürüşlərini keçirirlər. Bu gün Almaniyada elə bir proses gedir ki, əgər bunun qarşısı alınmasa və bu proses öz məntiqli sonluğuna gəlib çatsa, Üçüncü dünya müharibəsi labüdləşə bilər.
Elə korrupsiya məsələsi də belədir. Məsələn, Almaniya prezidenti Kristian Vulf bununla bağlı ittiham olundu və bu, sübuta yetirildiyindən istefaya getməyə məcbur oldu. Əgər Almaniya prezidenti yüksək səviyyəli korrupsiya ilə məşğul olubsa, indi görün digər yerlərdə vəziyyət nə yerdədir. Eləcə də Almaniyanın keçmiş kansleri Helmut Kol həbs olunmaq təhlükəsi ilə üz-üzə idi. Əsas səbəb də o idi ki, H.Kol seçki prosesində qeyri-qanuni yollarla pullar mənimsəyib və qara kassalardan istifadə edib. Nəticədə isə bu da sübuta yetirildi. Heç kimin ağlına belə gəlmirdi ki, 1982-ci ildən 1998-ci ilə qədər, yəni 16 il dörd dəfə kansler seçilmiş və Almaniyanın birləşdirilməsinə nail olmuş bir şəxs həbs olunsun. Sadəcə olaraq onun xidmətləri nəzərə alınaraq, istisna hal kimi bildirildi ki, 2006-cı ildə vəzifəli şəxslərin rüşvət alması faktı 9 min 563 dəfə qeydə alınıb. Bunlar hələ aysberqin görünən hissəsidir. Almaniyanın Köln şəhərində zibilin utilizasiyası zavodu ilə bağlı məsələlərdə xeyli pul mənisəmələri faktı ortaya çıxıb. Hətta iş o yerə çatıb ki, BMT-nin müvafiq qurumu Almaniyada korrupsiya, insan hüquqları ilə bağlı məsələlərdə ciddi pozuntuların olması haqqında məlumatlar yayıb. Antiqlobalistlərin Frankfurt şəhərində Avropa İttifaqının Mərkəzi Bankını əhatəyə alması və burada polisin insanlara qarşı kobud rəftarı da yaddaşlardan silinməyib.
Yeri gəlmişkən, Avropada baş verən hadisələrin kökündə islamafobiya elementlərinin durması da heç kimə sirr deyil. Qeyd edək ki, Avropada müsəlmanlarla avropalılar arasında parçalanmanı dərinləşdirən və Avropada islamafobiyanın getdikcə yayılmasına kömək edən hadisələr Danimarkadan başlayıb. Bu ölkədə dəfələrlə Məhəmməd peyğəmbərin karikaturalarının dərc olunmasını yaranan qarşıdurmaların mənbəyi hesab etmək olar. Bir neçə il əvvəl bütün dünyada kütləvi etiraz aksiyalarına səbəb olmuş Məhəmməd peyğəmbərin karikaturalarının təkrar nəşr olunduğu kitablar Danimarkanın kitab mağazalarının piştaxtalarında yenidən peyda olmaqdadır. Karikaturaları ilk dəfə çap edən "Jyllands-Posten" qəzetinin redaktoru Fleminq Rossenin "Sükutun istibdadı" (Tyranny of Silence) adlı kitabının nəşri karikatura qalmaqalının beş illiyinə həsr olunmuşdu. O zaman Danimarka hökuməti müsəlmanların hisslərini təhqir etdiyinə görə üzr istəməkdən qətiyyətlə imtina etmiş və “Məhəmmədin sifətləri” adı altında çap olunan karikaturaları ölkədəki söz azadlığının təzahürü adlandırmışdı.
Bundan sonra daha bir təxribat İspaniyanın “El Jueves” jurnalından gəldi. Jurnal Məhəmməd peyğəmbərin karikaturasını dərc etməklə 12 jurnalistini qurban verən Fransanın “Şarli Hebdo” jurnalı ilə həmrəylik nümayiş etdirdiyini açıqladı. Jurnalın peyğəmbərlə bağlı karikaturası guya polisin axtarış apardığını əks etdirir. Şəklin altında isə yazılır: “Kimsə bilir, Məhəmməd necə biridir?” Ən maraqlısı isə jurnalın redaksiya heyəti üzvlərindən biri Xose Luis Martin İspaniya mətbuatına verdiyi açıqlamada bu karikaturaların dərc olunmasının onların peşə borcu olduğunu deməsidir.
2011-ci ilin aprel ayında Detroyt yaxınlığındakı məsciddə Quran yandırılmasına cəhd, sonra ABŞ-da keşiş Terri Consun analoji hərəkəti, 2012-ci ilin aprelində ABŞ əsgərlərinin Əfqanıstanda Quranı və Məhəmməd peyğəmbərin şəklini yandırması müsəlmanları hiddətləndirməyə bilməzdi. 2012-ci ilin avqustunda Berlin məhkəməsinin ultrasağlara Məhəmməd peyğəmbər barədə karikatura nümayiş etdirməyə icazə verməsi hadisələrin bugünkü ssenarisinin başlanğıcı sayıla bilər. Məhkəmənin qərarına görə, ultrasağ Almaniya Uğrunda Hərəkatın nümayəndələri Berlində Məhəmməd peyğəmbərin karikaturalarını nümayiş etdirə biləcəklər. Bu qərardan sonra Berlin və Brandenburq federal torpaqlarının ali inzibati məhkəməsi də müvafiq qərar verib.
Kamran
banner

Oxşar Xəbərlər