• çərşənbə axşamı, 19 mart, 12:51
  • Baku Bakı 8°C

Nəğməkar bəstəkar

17.04.18 10:00 4951
Nəğməkar bəstəkar
«Mahnı onun yaradıcılığında əsas yer tutur. Ancaq o, professional bəstəkardır. Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib. Ona görə də onun yaradıcılığında demək olar ki, musiqinin bütün janrlarına – səhnə əsərlərindən tutmuş simfonik, kamera instrumental, xor əsərləri və s.-dək müraciət olunub» - deyə musiqişünaslar onun haqqında yazsalar da, Ramiz Mirişlinı daha çox tanıdan və sevdirən mahnı janrı idi. Onun mahnıları haqqında danışanda deyirlər ki, Ramiz Mirişli xalq ruhunda, xalq dilində yazan bəstəkardır. Mahnılarının uzunömürlü olmasının, daim dillərdə, könüllərdə səslənməsinin sirri də elə bundadır.
"Bir könül sındırmışam”, "Dalğalar”, "Könül verdim”, "Sənsən ürəyim”, "Səndən danışdı”, "Mən sənə neyləmişəm”, "Oxu, tar”, "Səadət”, "Səni sevən baxışlar”ı eşitməyən insan varmı? Bu mahnıları dinlədikcə şirin bir məlhəm kimi dodaqdan qəlbə süzülür...

"Mən sevməsəm, heç vaxt yaza bilmərəm. Mahnı da sevgi kimi azaddır” - deyirdi Ramiz Mirişli. Yaradıcılığına münasibəti də bu fikirlərdən güc alırdı. Bəstəkar mahnılarının sevilməsini belə izah edirdi: "Mahnı xalq tərəfindən sevilən janrdır. Yəqin bu, muğamatı yaxşı bilməyimdən irəli gəlir. Muğamat elə bir xəzinədir ki, bəstəkarlar ondan nə qədər götürsə də azalmır, əksinə, artır”.
Ramiz Mirişlinin yaradıcılığına nəzər salanda, folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə xeyli zənginləşdirən sənətkar əməyi ilə üz-üzə qalırsan. O, ən müxtəlif janrlara müraciət edib, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələyib. Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə üzə çıxıb.
"Azərbaycan bəstəkarları arasında Ramiz Mirişlinin yaradıcılığı özünün təkrarsızlığı, bənzərsizliyi ilə seçilir. Onun musiqisi əsrarəngizdi, həyatsevərliklə doludu, ana laylasıdı, bayatıdı, oxşamadır. Onun musiqi inciləri dağlarımız qədər qürurludu, müdrikdi. Bulaqlarımızın zümzüməsidir, nəğməsidir. Gözəllərimiz tək həyalıdı, kövrəkdi. Güclü təsirə malik, çalarlı, çeşidli musiqi gözəgörünməyən parıltıyla doludu, nurdu, işıqdı. Gül-çiçək ətirlidi, təravətlidi. Ruhi qidadı, cana məlhəmdi, xəstəyə şəfa paylayandı” - deyə akademik Teymur Bünyadov özüməməxsus yaradıcılığı olan bəstəkarın mahnı dünyasını vəsf edir: "Ramiz Mirişli haqq dünyasına qovuşub. Ancaq o, dodaqlarda dolaşan mahnılarında, canlı musiqisində yaşayır. Ustad musiqiçinin yaradıcılığı ölməzdir, çünki o, sevginin dilində, ruhunda musiqi yaradan, sevgini dilləndirən bəstəkardır. Onun əsərləri sevginin dilində yaşayır. Sevgi isə daim gəncdir, həmişəyaşardır. Onun mahnıları dillərdə əzbərdir, ürəklərin, sevgilərin pıçıltısıdır, qulaqların xoş ahəngidir. Ramiz Mirişlinin musiqi dünyasını hərtərəfli, tamam-kamal təhlil və şərh etmək çətindir. O, bir sirli-sehrli aləmdir”.

Milli bəstəkar
Elə təkcə 100-dən çox mahnını xalq şairi Fikrət Qoca ilə birlikdə yazıb. Şairin ürəyəyatan sözlərinə elə ürəyəyatan da musiqi bəstələyib. «Hamı bilir ki, Ramizə populyarlığı qazandıran mahnı janrı olub. Bu da əbəs yerə deyil. Mən ilk mahnıları onunla 45 il bundan əvvəl yazmışam” - deyə dostunun ölümünə hələ də inanmayan Fikrət Qoca danışır: "Yeni nəsillər gəlir və hamısı da Ramiz Mirişlinin mahnılarını oxuyur. Bu, ancaq ona görədir ki, Ramiz çox milli bəstəkardır. Onun mahnılarında milli elementlər, milli folklor var. Bu da ondan qaynaqlanır ki, Ramiz musiqiyə kamança aləti ilə gəlib. O, kamança məktəbini qurtarıb. Sonra konservatoriyada bəstəkarlıq sinfində oxuyub. Kamança həmişə onun ürəyinin yanında qalıb. Bu kamançanınyanğısı da, milliliyi də həmişə onun ürəyində yaşayıb. Kamança onun bütün musiqilərində iştirak edib, Ramizi kənara qaçmağa qoymayıb. Ona görə də bütün yaradıcılığı boyu onu başqa yollar azdırmadı. O, milli bəstəkar olaraq qaldı. Hansı səpkidə yazmasından asılı olmayaraq, ilk xallardan bilinir ki, bu, Ramizin musiqisidir». F.Qoca ilə bəstəkarın birlikdə yazdığı «Bir xumar baxışla», «Günayım», «Əlvida» və s. mahnılar dillər əzbərinə çevrilib. Hər musiqi albomunda birgə əməkdaşlığın bəhrəsi olan 18-20 mahnı yer alıb: "Əksər mahnılarımızı Şövkət Ələkbərova oxuyub. Zəngləşəndə də, görüşəndə də, bir-birimizdən hal-əhval tutanda da yenidən bir mahnı işləyirdik. O mahnılar hamısı sevilir, dillər əzbərinə çevrilirdi. Bu gün də o mahnılar müğənnilərin repertuarının bəzəyidir». Biz xoşbəxtik ki...

Tanınan və sevilən müğənnilərin əksəriyyəti Ramiz Mirişlinin yaradıcılığına müraciət edib. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rəşid Behbudov, Flora Kərimova, İlhamə Quliyeva, Yaşar Səfərov, Elmira Rəhimova və sonrakı illər sənətə gələn müğənnilər bəstəkarın həzin, ürəkoxşayan mahnıları ilə şöhrətləniblər. Böyük bir nəsil onun mahnıları ilə yetişib. Böyük bir nəslin mahnı zövqünü təmin edib bu mahnılar.
Əməkdar artist Gülüstan Əliyeva Ramiz Mirişlini yaxın dost kimi xatırlayır: «Mən həmişə onunla söhbət edəndə elə bilirdim ki, mənim tay-tuşumdur. Çünki Ramiz Mirişli bütün insanlara elə münasibət bəsləyirdi ki, sən onunla söhbətdə yaş sərhədini itirirdin. Yaradıcılıq həyatımda onun həmişə önəmli rolu olub. Mən Ramiz Mirişlinin bir çox mahnılarının ilk ifaçısı olmuşam. Hələ 90-cı illərdə akademik Teymur Bünyadovun sözlərinə «Gəlmədin», Fikrət Qocanın sözlərinə «Məhəbbət yaşadır» mahnılarını ifa etmişəm. Mərhum həkim Sərdar Kərimovun sözlərinə «Mələk» mahnısını isə Ramiz müəllim məhz mənim üçün yazmışdı. Mən tələbə olduğum vaxt o, Konservatoriyada müəllim idi. Mən Ramiz Mirişlinin oğlu Yusiflə bir kursda oxuyurdum. Onların evlərində də tez-tez qonaq olurdum. Biz onun evində yaradıcılıq görüşləri keçirirdik. Son 15 ildə isə mən özüm də Konservatoriyada müəllim kimi çalışırdım”. G.Əliyeva bəstəkarı zarafatcıl, həyatsevər insan kimi yada salaraq ölümündən iki gün əvvəl onunla görüşdüyünü deyir: "Ramiz müəllimlə bir toy mərasimində bir yerdə idik. Hamı ilə zarafatlaşır, gülürdü. İki gün sonra isə ölüm xəbərini eşidincə, sanki donub qaldım. Musiqi ictimaiyyəti Ramiz Mirişlinin simasında təkcə gözəl mahnıların bəstəkarını deyil, həmçinin gözəl insanı itirdi. Onun ölümünə hamı təəssüfləndi. Amma böyük bəstəkarların xoşbəxtliyi odur ki, onlar həyatdan köçsələr də, mahnıları yaşayır. Biz bu gün də Ramiz Mirişlinin mahnılarını oxuyuruq, insanlar da sevə-sevə dinləyir».

Müğənni Bilal Əliyev Ramiz Mirişlini Azərbaycanın görkəmli bəstəkarı kimi dəyərləndirir: «Ramiz Mirişlinin mahnılarını ifa etməmişdən əvvəl onun yazdığı nəğmələrə heyran olmuşdum. Mən onun mahnılarına böyük sənətkarların ifasında qulaq asır və sevirdim. Həmişə də həsrətlə «görəsən elə bir gün gələrmi, mən də Ramiz Mirişlinin özü ilə ünsiyyətdə olum və onun heç olmasa bir mahnısını oxuyum» deyə düşünürdüm. İndi isə fəxrlə deyə bilərəm ki, xalqımızın o böyük bəstəkarı ilə neçə illər birlikdə işlədiyim üçün xoşbəxt müğənnilərdən biriyəm”. Müğənni indiyə qədər bəstəkarın 25-dən çox mahnısını ifa etdiyini deyir: "İlk mahnısını oxuduqdan sonra ifam bəstəkarın xoşuna gəldi. O mənə yeni mahnılar verməyə başladı. Bu illər ərzində onun 25-dən çox mahnısını oxumuşam. «Mavi dəniz», «Yeddi qızdan biri gözəl» kimi mahnılar həmişə dinləyicilərin qulağındadır. Eyni zamanda, köhnə sənətkarlara oxumaq üçün verdiyi mahnıları da yenidən ifa etməyi məndən xahiş edirdi. «İstəyirəm ki, bu mahnıları yenidən oxuyasan, onlara yeni can verəsən» - deyirdi. Xalq artisti Zeynəb Xanlarovanın repertuarından olan «Bəri bax» mahnısını yeni aranjemanda oxudum. Bundan sonra Rəşid Behbudovla hansı ölkədə olurdumsa, o mahnı ilə Azərbaycanı təbliğ edirdim. Sonradan sənətə gələn bir çox gənclər də mənim ifamda bu mahnını eşidib və ifa ediblər. Ramiz Mirişlinin «Naxçıvan» mahnısı da mənim ifamda sevildi”.
B.Əliyev bəstəkarla aralarında dostluq münasibətinin yarandığını deyir: "Bizim aramızda çox gözəl münasibət vardı. O, Azərbaycan Televiziyasında musiqi redaksiyasının rəhbəri işlədiyi vaxtlarda daim mənim ifamda olan mahnılarını efirdə səsləndirərdi. O, böyük ürəkli bəstəkar idi. Biz onun mahnılarını ifa edərkən ondan güc alırdıq».


Xalq artisti Gülyanaq Məmmədova Ramiz Mirişli ilə işbirliyində olduğunu, onun mahnılarını sevərək ifa etdiyini söyləyir: "Mən Ramiz Mirişlinin mahnılarını ifa etdiyim üçün özümü xoşbəxt sayıram. Açığını deyim ki, hər müğənniyə Ramiz Mirişli kimi bir bəstəkarın mahnılarını ifa etmək qismət olmur. O özü də hər müğənni ilə işləməyi sevmirdi. Mən onun hətta ən son yazdığı mahnılarını da ifa etmişəm. Bəstəkarın Fikrət Qocanın sözlərinə yazdığı «Bəri bax» mahnısı mənə sənət taleyimdə uğur gətirən mahnı olub. İlk dəfə bu mahnını ulu öndər Heydər Əliyevin qarşısında ifa etdim. Ulu öndər də məni konsertdən sonra dəvət edərək xoş sözlər söylədi. Təbii ki, mən o mahnıya görə Ramiz Mirişlinin ruhuna duaçıyam. İllər keçəcək, Ramiz Mirişlinin mahnıları dəyərini itirməyəcək, yeni nəsillər tərəfindən ifa olunacaq».

Müğənni Ramiz Mirişlinin insan kimi səmimi, mehriban, xeyirxah xüsusiyyətlərini dəyərləndirir: «Ramiz müəllim insanın sevincinə, kədərinə şərik olan, onun ağrı-acısını bölüşən insan idi. Xoşbəxtəm ki, həyatda o insanı görmüşəm, onunla dost olmuşam. O, böyüklə böyük, kiçiklə kiçik kimi davranırdı».
Aprelin 16-sı Ramiz Mirişlinin doğum günüdür - nəğməkar bəstəkarın ömrünü və ruhunu həsr etdiyi musiqinin yarandığı gün.
Aprelin 17-si Ramiz Mirişlinin vəfatı günüdür - neçə-neçə dillər əzbəri olan mahnıları xalq üçün yadigar qoyub dünyaya vida etdiyi gün...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər