• şənbə, 20 Aprel, 13:02
  • Baku Bakı 23°C

Nelson Mandela – öz azadlığını xalqının azadlığı yolunda qurban verən dahi

07.12.13 08:19 2322
Nelson Mandela – öz azadlığını xalqının azadlığı yolunda qurban verən dahi
“Bir nəfər mənim haqqımda demişdi ki: “Doğulanda o Rolihlahla adı almışdı – yəni, titrəyən ağac, sonra isə Nelson Mandela oldu və bütün dünyanı titrətdi”. Bu sözlərin müəllifi dünyanın ən məşhur azadlıq carçısı kimi tarixə düşmüş Nelson Mandelanın uzun sürən xəstəlikdən sonra dünyasını dəyişməsi, tək Afrika qitəsini deyil, dünyanı kədərə bürüdü. Ölümü ilə həqiqətən dünyanı titrədən Mandela “Məni allahın yarısı etmək cəhdləri xoşuma gəlmir. İstəyirəm ki, məni Mandela kimi tanısınlar, zəiflikləri olan bir insan kimi” sözlərini təkrar etməyi xoşlardı. Mandela Cənubi Afrikada aparteid rejim əleyhinə hərəkata rəhbərlik etməsi və buna görə ömrünün 30 ilini həbsxanalarda keçirməsi ilə hələ sağlığında əfsanəyə çevrilmişdi. “Mənim ölkəmdə siz birinci türməyə göndərilirsiniz, sonra prezident olursunuz” deyən Mandela insan haqları, diskriminasiyaya qarşı mübarizədə böyük tarix yazmış, insan xalqının haqqı uğrunda mübarizə aparan bu şəxs kimi dünyada məşhurlaşmışdı. “Mən tam olaraq qavradım ki, cəsarət – qorxunun yoxluğudur. Cəsarətli insan qorxu keçirməyən insan deyil, onunla mübarizə aparan insandır” sözlərini tez-tez deməyi xoşlayan Mandela son aylarda səhhətində ciddi problemlərlə üzləşmişdi. Onun ağ ciyərində baş verən infeksiyalar tez-tez xəstəxanaya aparılması ilə nəticələnirdi. Yaşlaşmadan və xəstəlikdən zəifləyən Mandela doğma Şərqi Keyp vilayətində uşaqlığının keçdiyi evdə sakit həyat keçirməyə üstünlük verirdi. Və buranın onun üçün ən rahat yer olduğunu deyərdi. İctimaiyyət arasına nadir hallarda çıxmasına baxmayaraq, o, millətin ürəyində xüsusi yerə sahib idi. Aparteidin yaralarından sağalmağa çalışan millət üçün Nelson Mandela bir növ mənəvi kompasa çevrilmişdi.
“Xalqımız öz böyük oğlunu itirdi”
Nelson Mandela Yohannesburqda öz evində ailə üzvlərinin əhatəsində dünyasını dəyişib. İki gün bundan əvvəl onun qızı Makazive Mandela atasının can üstündə olduğunu bildirmişdi. Cənubi Afrikanın milli televiziyası ilə çıxışında CAR prezidenti Zuma deyib ki, Mandela “yola düşüb” və sakitlikdə uyuyur. ”Xalqımız öz böyük oğlunu itirdi”- deyən Zuma Mandelanın dövlət törənilə dəfn olunacağını və bayraqların yarıyadək endiriləcəyini bildirib. Nobel sülh mükafatı laureatı dünyanın ən hörmətli dövlət adamlarından olan Mandelanın xarizması, özünü lağa qoyan yumor hissi, ona qarşı pis rəftar haqqında acılıq göstərməməsi, heyranedici həyatı - onun bütün dünyaya maraqlı olduğunu qismən aydınlaşdırır. O, İİV/QİÇS-ə qarşı kampaniya aparmış və ölkəsinin 2010-cu il futbol üzrə Dünya Çempionata ev sahibliyini təmin etmişdi. 2004-cü ildə, 85 yaşında ailəsi və dostları ilə daha çox vaxt keçirmək və “sakitcə fikirləşmək” üçün ictimai həyatdan getmək qərarını vermişdi.
“Admiral Nelson” Mandela
O, 1918-ci ildə Rolihlahla Dalibhunga adı ilə Cənubi Afrikanın kiçik kəndində Madiba klanında doğulub. Cənubi Afrikada çox vaxt onu klanının adı - Madiba ilə çağırırdılar. Orta məktəb müəllimi ona daha asan tələffüz olunan Nelson adını verib. Onun atası Thembu kral ailəsinin məsləhətçisi olub və Nelson Mandelanın doqquz yaşı olanda ölmüşdü. O, Afrika Milli Konqresinə (ANC) 1943-cü ildə fəal kimi qoşulub, daha sonra isə ANC-nin Gənclər Liqasının təsisçisi və prezidenti olub. Həbsdən çıxandan sonra Nelson Mandela ANC-nin prezidenti olub. 1944-cü ildə birinci həyat yoldaşı Evelyn Maselə evlənib, dünyaya dörd uşaq gətirəndən sonra onlar 1958-ci ildə boşanırlar. Mandela az keçmir vəkil olur və şəriki Oliver Tambo ilə birlikdə 1952-ci ildə İohannesburq hüquq məsləhətxanası açdı. Mandela və Tambo bütövlükdə ağdərili Milli Partiya tərəfindən icad edilən, qaradərili çoxluğu əzən aparteid sisteminə qarşı birgə kampaniya aparıblar. 1956-cı ildə Mandela 155 digər fəalla birlikdə dövlətə xəyanətdə ittiham olunur, amma dörd il davam edən istintaqdan sonra ittihamlar ləğv edilir. Aparteidə qarşı müqavimət, əsasən yeni Keçid Qanunlarına görə gücləndi. Bu qanunlar qaradərililərin harada işləyə və yaşaya biləcəklərini diktə edirdilər. 1958-ci ildə Mandela Vinnie Madikizela ilə evlənir. Daha sonra xanım Madikizela həyat yoldaşının həbsdən çıxarılması üçün aktiv olaraq kampaniya aparıb. ANC 1960-cı ildə qanundankənar elan edildi və Mandela təşkilatın digər aparıcı üzvləri ilə birlikdə gizli fəaliyyətə başlayır. 1960-cı ildə, polis Şarpeville şəhərciyində keçirilən aksiyada 69 qaradərili adamı güllələyərək öldürəndə, aparteid rejiminə qarşı müxalifət böyüməyə başladı. Bu, dinc müqavimətin sonuna çevrildi və ANC-nin vitse prezidenti olan Mandela iqtisadi sabotaj kampaniyasını başladı.
Mandelanın ilham mənbəyi - Qandi
Mandela ilham mənbəyi kimi gördüyü Mahatma Qandinin ideyalarına tez-tez müraciət edərdi və 20 il onun izi ilə hərəkət etdi. Lakin 1960-cı illərin əvvəllərində Mandela və yoldaşları başa düşürlər ki, bu hərəkat bir nəticə əldə edə bilməyəcək. Hökumət fövqəladə vəziyyət elan edəndə, fərqli düşüncə zorakılıqla təqib olunanda və antiapateid nümayişləri dağıdılanda AMK Mandelanın təbirincə deyilsə, öz seçimini etdi: “zora zorla cavab verməli”. Lakin AMK başqa Afrika ölkələrində olduğu kimi partizan hərəkatına başlamadı və insan həyatını hədəfləmədi.
Dövlət mülkiyyətinə qarşı təxribatlar əsas taktika oldu. Poçt idarələri və telefon qurğuları partladıldı.
“Cəsarətin çatırsa, məni asdır”
Bir müddətdən sonra o, sabotaj və zorakı dövlət çevrilişi törətməyə cəhd etməkdə ittiham olunur. Müttəhimlərin bir çoxunun həbs olduğu yerin adı olan Rivonia məhkəməsi kimi tanınan istintaqda Mandela demokratiya, azadlıq və bərabərlik haqqında fikirlərini müttəhimlər kürüsündən söylədi. “Mən hamının mehriban, bərabər imkanlarla yaşaya bildiyi demokratik və azad cəmiyyətin idealını həmişə üstün tutmuşam. Mən bu ideal üçün yaşamaq, onu əldə etmək istəyirəm. Amma lazım olsa, bu ideal üçün ölməyə də hazıram” deyən Mandelaya 1964-cü ilin qış aylarında ona ömürlük həbs cəzası kəsildi. Məhz bu məhkəmə dinləməsində Mandela öz hərəkətlərinə bəraət qazandıran dörd saatlıq parlaq çıxışını etdi. O AMK-nın ağ rejimə qarşı taktikasını əsaslandırdı və hərəkatın tələblərini açıqladı. Onların arasında ən əsası qaradərili çoxluğa siyasi bərabərliyin verilməsi idi. Həmin çıxışında hakimə “cəsarətin çatırsa, məni asdır” dedi: “Mən ağların hegemonluğuna qarşı mübarizə aparmışam. Bu mənim uğrunda yaşamaq istədiyim idealdır. Lakin, milord, əgər lazım gələrsə, bu, uğrunda ölməyə hazır olduğum idealdır”. 1968-69-cu illər arasında, 12 ay ərzində onun anası öldü, oğlu isə yol qəzasında öldürüldü, Mandelaya isə onların dəfn mərasiminə getməyə belə icazə verilmədi. 1980-ci ildə mühacirətdə olan Tambo Mandelanı azad etmək üçün beynəlxalq kampaniyaya başladı. Nəhayət dünya birliyi Cənubi Afrikanın aparteid rejiminə qarşı 1967-ci ildə tətbiq olunan sanksiyaları gücləndirdi. Təzyiqə görə nəticələr əldə olundu və 1990-cı ildə prezident Klerk ANC-ə qarşı qadağanı ləğv etdi. Mandela həbsdən buraxıldı və Cənubi Afrikada yeni, çoxirqli demokratiyanın yaradılmasına başlandı.
Son illər verdiyi açıqlamalarda isə Mandela İraq müharibəsini pisləyirdi: “Buşun törətdikləri faciədir. Onun istədiyi İraq neftidir. Heç bir şübhə yoxdur ki, ABŞ pis addım atır. Axı niyə öz müttəfiqi İsraildən kütləvi qırğın silahını almır? Hətta diqqətsiz bir insana belə məlumdur ki, ABŞ – bütün dünya üçün təhlükədir”.
Nobel Sülh Mükafatçısı
1992-ci ildə Mandela həyat yoldaşı Vinnienin xəyanətindən sonra ondan ayrılır. Vinnie həmçinin adam oğurlamaq və hücumda kömək etməkdə günahkar hesab edilmişdi. 1993-cü ilin dekabr ayında Mandela və Klerkə Nobel Sülh Mükafatı verilir. Beş ay bundan sonra Cənubi Afrikanın tarixində ilk dəfə olaraq bütün irqlər demokratik seçkilərdə iştirak etdilər və Mandela prezident seçildi. Onun üzləşdiyi birinci problem - kasıblar üçün mənzillərin qıtlığı idi və xarabalıq şəhərcikləri əsas şəhərləri korlamağa davam edirdi. Müavini Thabo Mbeki hökuməti idarə etməklə məşğul olarkən Mandela rəhbərin tam rəsmi vəzifələrini yerinə yetirərək Cənubi Afrika üçün yeni beynəlxalq imic yaradırdı. Bu baxımdan o, ölkənin çoxmillətli şirkətlərini Cənubi Afrikada qalıb oraya pul buraxmağa razı sala bildi. 1998-ci ildə, 80-ci ad günündə Mozambikin keçmiş prezidentinin dul xanımı Qraça Maçel ilə evlənir. Mandela üç dəfə evli olub. 1999-cu ildə prezidentlikdən gedəndən sonra onun ictimai çıxışlarının əksəriyyəti onun yaratdığı Mandela Fondu ilə bağlı idi, amma o dünyanı gəzməyə, liderlərlə görüşməyə və konfranslarda iştirak etməyə davam edirdi. Son illərdə aldığı ən böyük zərbə isə 2005-ci ildə oğlu Maqatonun ölümü oldu. QİÇS epidemiyası haqqında danışmaq tabu olan vaxtda Mandela elan etdi ki, onun oğlu QİÇŞ-dən ölüb və onun “normal xəstəlik kimi görünməsi üçün” Cənubi Afrikalıları epidemiya haqqında danışmağa çağır etdi.
Mandela: Dünyanı dəyişdirən ən güclü silah təhsildir
İbrətamiz fikirləri ilə məşhur olan Mandela deyirdi ki, “Mən tam olaraq dərk etmişəm ki, cəsarət qorxunun yoxluğudur. Cəsarətli insan qorxu hissi olmayan insan deyil, onunla mübarizə aparan insandır”. Eləcə də “çox işlər yarımçıq görsənə bilər, ta ki, onları tamamlayana qədər” və insan kasıb ola bilər, qutudan hazırlanmış evdə yaşaya bilər, işini itirə bilər, lakin musiqi həmişə insanda ümid yeri saxlayır” kəlmələri də on məxsusdur. Azadlıq aşiqi deyirdi k, “cəmiyyəti dəyişmək çətin deyil – çətini özünü dəyişməkdir” deyən Mandela həbsxanada keçirdiyi illərə borclu olduğunu deyirdi. “Çünki o, mənə fikrimi bir yerə cəmləməyə yardım etdi. Azadlığa çıxandan sonra isə bu imkanı itirdim” deyirdi. Ən maraqlısı isə onun aşağıdakı fikirləridir. “Həbsxanada zibillikdə eşələnməyi sevirdim. Aradabir orda qəzet parçalarına rast gəlmək olurdu. Həbsxanada bizə qəzet oxumaq qadağan idi, ona görə də, bu qəzet parçalarını yığıb, öz kameramda oxuyurdum” deyən Mandela hesab edirdi ki, “heç kəsin başqa birinin dərisinin rənginə, mənşəyinə və dininə qarşı nifrətlə doğulmur. İnsanlar nifrət etməyi öyrənirlər. Əgər onlar nifrət etməyi öyrənirlərsə, o zaman onlara sevməyi də öyrətmək lazımdır, çünki sevgi insanın qəlbinə daha yaxındır”. Özünün əsas şüarı kimi isə “Heç vaxt yıxılmamaq böyük nailiyyət deyil. Vacib olan hər dəfə yıxılandan sonra ayağa qalxmağı bacarmaqdır. Unutmağı bacarmıram, lakin bağışlaya bilirəm” sözləri idi. Mandela hesab edirdi ki, əgər dünyanı dəyişdirmək istəyirsənsə, istifadə edə biləcəyin ən güclü silah təhsil olmalıdır.
Hazırladı:
Azər NURİYEV
banner

Oxşar Xəbərlər