• cümə axşamı, 28 mart, 16:10
  • Baku Bakı 16°C

Nelli Kornienko: “Tənqid mənim son zamanlar imtina etmək istədiyim sənətlərimdən biridir”

19.11.14 12:19 1380
Nelli Kornienko: “Tənqid mənim son zamanlar imtina etmək istədiyim sənətlərimdən biridir”
Konfransda nəzəriyyəyə daha çox yer ayrılmasını gözləyirdim. Hər halda bu elmi-nəzəri konfransdır....
Bu sözləri III Bakı Beynəlxalq Teatr Konfransının iştirakçısı sənətşünas-alim Nelli Korniyenko söylədi. Və bununla da konfransın ümumi “devizi”nə sual işarəsi qoydu. Çox ciddi mövzunu - “Teatr sənətində multikulturalizm-universal dəyərlər sistemində yeri”-hədəfə alsa da, bu mövzunun dışında hər şeyə - aktual söhbətlərə, məzəli əhvalatlara, hətta amerikalı dostlarımızın çiçəklə olan eksperimetlərinə belə rast gəldik.
Qeyd edim ki, Bakının qonaqları həm şəhərimizdən, həm də konfransdan çox razı gediblər. Dünya mətbuatında konfransdan sonra çıxış edən mədəniyyət xadimləri Bakının gözəlliyinə və keçirtdikləri gözəl günlərə o qədər heyran qalıblar ki, tezliklə bir daha şəhərimizdə qonaq olmaq istəyirlər. Həmin qonaqlardan biri də bu günki qonagımız Nelli Kornienkodur.
- Sizi Bakıda salamlamaqdan məmnunluq duyuruq. Şəhərimiz haqqında təəsürratlarınızı bölüşərdiniz.
- Bakı möhtəşəm, işıqlı şəhərdi. Günü-gündən inkişaf edir. Avropalaşsa da, öz milli koloritini itirməyib. Müasirlik və ənənə sanki burada birləşib. İnsanlarınız istiqanlı, gülərüzdürlər. Özümü burada doğma hiss edirəm, desəm yalan olmaz.
- Özünüzü oxuculara təqdim edərdiniz?
-Mən tarixçi-filosof, sənətşünas, teatrşünas, sosioloq və kulturoloqam. Adını çəkdiyim elmlərin kəsişməsində fundamental elmlə məşğul oluram. Les Kurbas adına Milli Teatr Sənəti Mərkəzinin yaradıcısı və direktoruyam. Bu mərkəzdə həm nəzəriyyə, həm teatral eksperiment, dramaturqiya nümunələri, kino və videopraktika, kulturoloji materiallar ziyarətçilərə təqdim olunur. Bizim şüarımız belədir: “Əgər sənin “çılğın” ideyan varsa, buyur gəl”. Biz 27 ölkə ilə əməkdaşlıq edirik.
...
- Tənqid aləminə necə gəlmisiniz?
- Düzünü desəm, tənqid mənim son zamanlar imtina etmək istədiyim sənətlərimdən biridir. Düşünürəm ki, XXI əsrdə möhkəm fundamental nəzəriyyə olmadan tənqid zəif və gücsüzdür. Ən yaxşı anlamda bu, zövq sahiblərinin refleksiyasıdır. Və bu cür yanaşma həm etik, həm də intellektual mədəniyyəti məhv edir. Biz zamanı dinləməli, zamanla uyğunlaşmalıyıq.
- Teatr tənqidi nə üçün lazımdır?
- Tənqid metodologiyasına və mahiyyətinə görə müasir səslənməlidir. O teatr və tamaşaçı arasında mediator rolunu oynayır. Tənqid tək teatr sahəsində deyil, ümumilikdə mədəniyyət aləmində gedən proseslərə qarşı həssas və diqqətli olmalıdır.
- Sizin fikrinizcə, teatr sahəsində ictimaiyyətin diqqətini cəlb edən elə bir ciddi problem varmı?
-Problemlər həddən artıq çoxdur. Teatrın vəzifəsi yalnız cəmiyyəti güzgüləmək deyil. Bu gün postsovet məkanında teatr öz başlıca funksiyasını - cəmiyyətin sığorta agenti olmaq, onun inkişaf ssenarisini işləyib hazırlamaq funksiyasını yerinə yetirmir. Teatr yalnız cəmiyyətin deyil, həm də özünün yeni, müasir dilini tapmaq yolunda kifayət dərəcədə risk etmir. Belə dilin olmaması isə teatrın məhvinə, tamaşaçının itirilməsinə gətirib çıxarır. Heç bir fövqəladə texnologiya teatrı əvəzləyə bilməz. İstiqanlı, canlı insanlar teatrın ən böyük sərmayəsidir. Teatr strateji sənət növüdür və buna uyğun fəaliyyət göstərməlidir.
- Beynəlxalq teatr konfransından hansı nəticələri gözləyirdiniz?
-Bir nəzəriyyəçi olaraq bu konfransda nəzəriyyəyə daha çox yer ayrılmasını gözləyirdim. Hər halda bu elmi-nəzəri konfransdır.... Bu gün tənqidi nəzəriyyənin inkişaf meyarlarını gözdən keçirdikdə biz heç də ürəkaçan nəticələrlə qarşılaşmırıq. Biz təbii ki, bu cür konfranslarla dünyanı qlobal problemlərdən xilas etməyi hədəfləmirik, zatən buna gücümüz yetməz. Lakin düşünürəm ki, əgər istəsək teatr və ümumilikdə mədəniyyət sahəsində nələrsə edə bilərik.
- Azərbaycan və MDB ölkələrinin teatrları, teatrşünaslarının səviyyəsini necə qiymətləndirirsiniz?
- Bu çox ciddi bir sualdır. Və bir müsahibə vasitəsilə bu suala obyektiv, geniş cavab vermək olduqca çətindir. Ancaq onu təkrar edə bilərəm ki, təsviri teatrşünaslıq bu gün müasir çağırışlarla əlaqəsini itirmiş, keçmiş ənənələrlə yaşayan bir ixtisasdır.
- Necə düşünürsüz, Azərbaycan və Ukrayna teatrları multikultiralizmin inkişaf səviyyəsinə çatıblarmı?
- Multikulturalizmlə bağlı, əgər söhbət bütün mədəniyyətlərin universal dialoqundan deyil, multikulturalizmin siyasətindən gedirsə mənim çox böyük şübhələrim var. Bunun üçün istər Azərbaycan, istərsə də Ukrayna teatrları daxili-fundamental səviyyəni qaldırmalı, sosial aspekti gücləndirməlidir.
Teatrşünaslıq bir elm kimi mövcud deyil...
- Qeyd etmisiz ki, teatr tənqidi nəzəriyyənin dərinliyinə nüfuz etməlidir. Müasir teatrşünaslar bunun öhdəsindən gələ biliblərmi və bizə yazılı nümunə göstərə bilərsinizmi?
- XXI əsrdə tənqid fundamental nəzəriyyənin bazası üzərində inkişaf etməlidir. Əks halda biz etiraf etməli olacayıq ki, teatrşünaslıq bir elm kimi mövcud deyil. Və görünür ki, bu, həqiqətə yaxındır. Şüur məhz buna görə, təbiətə, həmçinin mədəniyyətin təbiətinə, onun daxili səsinə qulaq vermək, ona həssaslıqla, incəliklə yanaşmaq üçün mövcuddur. Düşünürəm ki, qanunları pozmadan sənətlə elmi bir-birinin içərisində əritmək mümkündür.
- Bizə son olaraq nə demək istərdiz?
- Bakıya və mədəniyyət xadimlərinin maraqlı görüşünü təşkil edənlərə dərin təşəkkürlərimi bildirirəm...
Aygün Süleymanova
teatrşünas
banner

Oxşar Xəbərlər