AZE | RUS | ENG |

Nəinki Qazaxıstan, bütövlükdə Orta Asiya turistləri yollarını Azərbaycandan sala bilərlər

Nəinki Qazaxıstan, bütövlükdə Orta Asiya turistləri yollarını Azərbaycandan sala bilərlər
Ekspertlər deyir ki, ölkəmizdəki turizm imkanları haqqında nə qədər çox məlumat versək, bir o qədər çox turist cəlb etmək şansımız olar

Son zamanlar qeyri-neft sektoruna diqqət artıb. Xüsusilə də, turizmin inkişafına həm dövlət, həm də özəl sektorun marağı böyükdür. Belə ki, turizm sahəsi hər bir ölkə üçün ən dinamik inkişaf edən sahələrdən biri sayılır və inkişafı istiqamətində ardıcıl olaraq addımlar atılır. Xüsusilə də turizm sahəsində beynəlxalq forumların, sərgilərin keçirilməsi bu sahənin kifayət qədər diqqət mərkəzində olduğunun göstəricisidir. Turizmlə bağlı sərgilər və forumlar həm ölkəmizdə, həm də xaricdə baş tutur. Keçirilən tədbirlərdə fəal iştirakımız, Azərbaycana turist axınını təmin edir. Aprelin 15-də Almatıdakı "Kazjol" otelində II Qazaxıstan-Azərbaycan turizm forumu keçirilib. Tədbir, Azərbaycanın Qazaxıstandakı səfirliyi və "Milli şirkət "Kazakh Tourism" Səhmdar Cəmiyyətinin dəstəyi ilə keçirilir. Forum çərçivəsində Qazaxıstan və Azərbaycanın turizm sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi, iki ölkənin turizm imkanlarının təqdimatının keçirilməsi planlaşdırılır. Forumda həmçinin iki ölkənin biznes dairələrinin qeyri-formal "B2B" formatında danışıqları nəzərdə tutulub. 
Qazaxıstanda keçirilən forumun Azərbaycan turizminin inkişafı üçün nələr vəd etdiyini, Qazaxıstanlı turistlərin hansı turizm sahəsinə maraq göstərdiklərini və onların ölkəmizə cəlb edilməsi üçün hansı addımların atıla biləcəyini öyrənməyə çalışdıq.
Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Əhməd Qurbanov qeyd etdi ki, Qazaxıstan və Azərbaycan arasında turizm sahəsində hər zaman qarşılıqlı əməkdaşlıqlar olub, indi də bu əlaqələr daha geniş səpkidə davam etdirilir: "Azərbaycan həmişə Qazaxıstanlı turistlərin maraq dairəsində olub. Hər ölkənin turistlərinin fərqli seçimi olur. Məsələn, ölkəmizə gələn ərəb turistləri daha çox şəhər həyatına maraq göstərirdilər, tarixi yerlərə getmək, abidələri ziyarət etmək onların istəkləri arasında yox idi. Qazaxıstanlı turistlərin də xüsusi seçimləri var. Onların müraciətlərinin əsas hissəsi sağlamlıq turizmi ilə bağlı olur. Ölkəmizdə fəaliyyət göstərən Naftalan, İstisu, Duzdağ və. s kimi müalicəvi yerlərə daha çox gedirlər. Yəni qazaxlar istər Azərbaycana gələndə, istər başqa ölkəyə gedəndə həmin yerin tibbi turizm ilə xüsusi olaraq maraqlanırlar. Azərbaycan Turizm Assosiasiyasının keçən il Qazaxıstanda sərgisi oldu. Həmin sərgidə də əyani şəkildə şahidi olduq ki, sağlamlıq turizmi onlara necə maraqlı gəlir. Daha çox bu sahə ilə bağlı suallar verir, ölkəmizin bu sahədəki fəaliyyətini araşdırırdılar. Ona görə, düşünürəm ki, Qazaxıstanlı turistləri cəlb etmək üçün böyük promo-kampaniyalar keçirmək, sərgilər təşkil etmək və həmin sərgilərdə aktiv iştirak etmək lazımdır. Ölkəmizdəki turizm imkanları haqqında nə qədər çox məlumat versək, bir o qədər çox turist cəlb etmək şansımız olar. Burada əsas iş, yerli turizm şirkətlərinin üzərinə düşür. Bundan başqa, aviabiletlərin satışında da müəyyən addımlar atmaqla, Qazaxıstanlı turistlərini yolunu ölkəmizdən salmaq olar. Belə ki, biletlərin satışını kompaniyalı şəkildə həyata keçirsək, düşünürəm ki, daha çox turist cəlb edə bilərik”.  
"Luna travel” turizm şirkətinin rəhbəri Rəhman Quliyev deyir ki, Azərbaycana turist axının mütəmadi olmasını istəyiriksə, bazarı və xidmətləri genişləndirməliyik: "Nəinki Qazaxıstan, Orta Asiya ölkələrini tək-tək fəth etmək lazımdır. Dünyada iqtisadi rəqabətin getdiyi dövrdə, bütün ölkələr iqtisadi artımın böyük hissəsini turizmdən əldə edir. Bu hal bizdə niyə baş verməsin? Xüsusilə də ölkəmizdə bunun üçün hər cür şərait var. Turizmin istənilən sahəsinin inkişafı üçün imkanlar yaradılıb. Sağlamlıq turizmindən tutmuş, ekoturizmə, çimərlik turizminə kimi bütün imkanlarımız var. Bu sahədə heç də qonşu ölkələrdən geri qalmırıq. Hətta deyərdim ki, bəzi sahələrdə üstünük. Azərbaycanın yerləşdiyi coğrafi mövqe, iqlimi, təbiəti bütün dünya turistləri üçün cəlbedici xarakter daşıyır. Bu sadaladıqlarım açıq şəkildə imkan verir ki, biz turizm bazarımızı genişləndirək. Qazaxıstan bizim üçün olduqca perspektivli bazardır. Qazaxıstan nüfuz sayı baxımından da digər Orta Asiya ölkələri ilə müqayisədə böyük dövlətdir. Qazaxıstanlı turistlərin seçimləri arasında Türkiyə daha çox yer alırdı. Lakin son dönəmlər turizm sahəsində atılan addımlar və müşahidə olunan inkişaf sayəsində Azərbaycan da seçimlər arasına daxil olub. İstənilən ölkədən turizm axınını təmin etmək istəyiriksə, təbliğat, təşviqat, tanıtım işinə önəm verməliyik. Xarici ölkələrdə keçirilən beynəlxalq sərgilərdə iştirak etməli, turizm potensialımızı maksimum dərəcədə ortaya qoymağa çalışmalıyıq”.
R. Quliyevdən Qazaxıstanlı turistlərin daha çox hansı turizm növünə üstünlük verdiklərini soruşduq: "Ölkəmizə fərqli ölkələrdən turistlər gəldiyi üçün seçimlər də müxtəlif olur. Məsələn, bu günə olan təcrübəyə əsasən deyə bilərəm ki, qazax turistləri dəniz turizminə daha çox üstünlük verirlər. Təbii ki, bunu yüzdə yüz bütün qazaxıstanlı turistlərə aid etmək olmaz. Turist hansı ölkəyə səyahət edirsə, çalışır ki, həmin ölkənin bir çox turizm növü ilə tanış olsun. Qazaxıstanlılar da həmçinin, onlar əsasən dəniz turizminə daha çox maraq göstərsələr də, bütün turizm növləri ilə tanış olurlar”. 
Günel Azadə
 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917