• cümə, 29 Mart, 10:21
  • Baku Bakı 5°C

“Nehrəsındıran”

24.05.14 12:52 1708
“Nehrəsındıran”
Bir neçə gün əvvəl facebook- da Faiq Balabəyli belə bir status yazmışdı:
“Nehrəpartladan nədir?” İnanca görə laləni nehrənin yanına gətirsən nehrə partlayar. Biz tərəflərdə nehrəpartladan yox, nehrəsındıran deyirlər. Bu inancın kökündə bəlkə də lalənin bağrındakı qara xal durur? Dəqiq bilmirəm.
Bu bircə cümləlik status məni uşaqlıq illərimə apardı. Onu, o balaca nehrəsındıranı xatırladım. Yox, lalədən söhbət getmir.
Əvvəlcə nehrə barədə. Ola bilsin ki, indiki nəslin bəzi nümayəndələri nehrəni heç təsəvvür də edə bilməsin. Nehrə - qatığı yağa çevirən bir ev əşyasıdır. Qarabağ zonasında bu tam başqa formada olur - taxta materialdan olur. Yüyrük kimi yırğalayırlar. Amma bizim zonada nehrəni dulusçular hazırlayırlar - küp materialından olur.
Hazır qatığı nehrəyə töküb çalxalayırlar. Nehrənin ağzına sələ (heyvan dərisindən hazırlanır ) bağlayırlar ki, qatıq dağılmasın. Nehrənin ortasında balaca bir deşik olur ki, ora da balaca bir qarğı taxırlar (buna düdük deyirlər) .Yağın hazır olub-olmadığını o qarğıdan bilirlər.
Nehrənin özünün xüsusi döşəkçəsi olur, çalxalayarkən onun üstünə qoyurlar. Sonra isə nehrəni yuyub gün dəyən bir yerə qoyurlar ki, içi nəm çəkməsin.
Birinci, ya da ikinci sinifdə oxuyurdum. Nehrə də eyvanın başında döşəkçənin üstündə «günəş şüaları qəbul edirdi».
Əlimdə mis dolça vardı. Necə oldusa ayağım sürüşdü, yıxıldım. Dizim zərblə eyvanın taxtasına, əlimdəki dolça isə nehrəyə zərblə dəydi. Dizim möhkəm əzildi, nehrə isə çartladı. Bu o demək idi ki, daha onu istifadə etmək olmazdı. O vaxtlar bizim rayonda nehrə satılmırdı, ya Göyçaydan ya da Ağcabədidən gedib alardılar. Qiyməti heç də ucuz deyildi.
Dizimin ağrısını unutdum, nehrənin dərdini çəkirdim. Nehrəni çevirdim, sınan tərəf altda qaldı. Dizimi bir köhnə şalla sarıyıb anamı gözlədim. Onu görən kimi ağladım. Əslində məni ağladan dizimin ağrısı yox, nehrəni sındırmağımın qorxusu idi. Heç nə demədim. Yəqin ki, qorxmuşam ki, danlayacaq məni.
Bir neçə gün keçdi, nehrə lazım olanda nehrənin sındığı məlum oldu. “Mən yox, dolça sındırdı nehrəni “- dedim.
Unutmuşam, çoxmu danlandım, ya azmı. Amma hər dəfə hardasa nehrə görəndə onu - o balaca məni xatırlayıram. Əzilmiş dizini köhnə şalla bağlayan, sınmış nehrəni güclə o biri üzü üstə çevirən balaca məni... Balaca nehrəsındıranı...
23 may, 2014
banner

Oxşar Xəbərlər