• cümə axşamı, 18 aprel, 23:42
  • Baku Bakı 21°C

“Nəhəng” atanın “kölgə”sində əzilməyən oğul - Portret

23.12.17 12:00 2153
“Nəhəng” atanın “kölgə”sində əzilməyən oğul - Portret
1992-ci ildə İsveçdə keçirilmiş Avropa çempionatı uzun müddətdir futbol azarkeşlərinin yaddaşından silinmir. Məhz həmin ildə top oyununun həvəskarları bir daha əmin oldular ki, futbolda adlar əsas deyil. Qələbə bir çox halda, meydanda ürək qoyanın olur. İsveçdə keçirilən qitə birinciliyində bu, bir daha sübut olundu. Həmin turnirin favoritləri arasında Avropanın ən güclülərindən olan Yuqoslaviya millisi də var idi. Ancaq Balkan təmsilçisi qitə birinciliyinə az müddət qalmış, ölkədə siyasi vəziyyət pisləşdi. Belə olan halda, UEFA bu millinin Avropa çempionatında çıxışına qadağa qoydu. Qitə birinciliyinin favoritlərindən sayılan yuqoslavları Avropa çempionatının seçmə mərhələsində "ilişən” Danimarka əvəz etdi. Hamı skandinaviyalılara "asan yem” kimi baxırdı. Zarafat deyil, başqaları Avropa çempionatına böyük əzmlə, xüsusi təlim-məşq toplanışı ilə hazırlaşdığı bir zamanda, danimarkalı futbolçular seçmə mərhələdəki uğursuzluğun stressini çimərlikdə çıxarmaqla məşğul idi. Ancaq qəflətən onlara qitə birinciliyində iştirak edəcəkləri barədə xəbər gəlir. Hekayənin bundan sonrakı hissəsi bir çoxlarına məlumdur.
UEFA-nın məlum qərarından sonra "asan yem” kimi görünən Danimarka, qitə birinciliyində rəqiblərinin boğazında "kal armud”a çevrildi. Bütün rəqiblərini bir-bir sıradan çıxaran Danimarka millisi tarixi ərzində ilk və hələ ki, son titulunu qazandı. Onlar Avropa futbolunda möcüzəyə imza atdılar. Adları isə tarixə əbədi olaraq "Çimərlikdən gələn çempionlar” olaraq yazıldı. Artıq həmin uğurun üzərindən 25 il keçir. Danimarkalı futbol azarkeşləri hələ də, həmin uğurun həsrətindədirlər. AÇ-1992-də çempion olan heyət vətənlərində əfsanəyə çevrildi. Bu əfsanəvi adlardan biri də Peter Şmeyxeldir. Çempionatda öz qapısında "nəhəng”ə çevrilən Şmeyxel çempionluqda heç də az rol oynamadı. Danimarkalılar gələn il baş tutacaq dünya çempionatında da Şmeyxelin inamlı oyununa ümid bəsləyir. Ancaq bu Şmeyxel, başqa Şmeyxeldir. Bu dəfə əfsanəvi Peter yox, onun oğlu Danimarkanı möcüzəyə daşımalıdır.

Atanın izi ilə "düşmən cəbhə”yə

Futbolda ata-oğullar çox olub. Onlardan bəziləri atalarının yolu ilə davam edib, bəziləri atasının kölgəsində itib-batıb, bəziləri isə "buynuz qulağı ötər” məsəlini futbol meydanlarında sübuta yetiriblər.

Kasper Şmeyxel 1986-cı il, noyabrın 5-də Danimarkanın paytaxtı Kopenhagendə dünyaya gəlib. Onun top oyununa marağının necə yaranması barədə yazmağa ehtiyac yoxdur. Kasperdə nəinki futbola, hətta çıxış etdiyi qapıçı mövqeyinə həvəs atasından keçib. Hələ çox kiçik olduğu vaxtlarda ata Şmeyxel oğlunu məşq etdirir, ona qolkiperliyin kiçik sirlərini öyrədirdi. O, artıq 2000-ci ildə, cəmi 14 yaşı olduğu zaman legioner karyerası yaşayır. Belə ki, ata Şmeyxel Lissabon "Sportinq”inə transfer olduğundan, onun ailəsi də Portuqaliyaya yollanır. Kasper isə bu ölkədə "Eştoril”in üzvü olur. 2002-ci ildə isə vaxtilə atasının əfsanəyə çevrildiyi, uzun müddət (1991-1999) şərəfini qoruduğu, "Mançester Yunayted”in əzəli rəqibi "Mançester Siti”yə keçir. Ancaq Kasperi buna görə "xain” adlandırmaq olmaz. Çünki həmin vaxt ata Şmeyxel də həmin addımı atmışdı. Peşəkar karyerasının son ilini doğma klubunun əzəli rəqibində keçirmək qərarı verən danimarkalı əlcək sahibi, oğlunu da özü ilə aparmaq qərarına gəlir. Beləcə, Kasperin Mançester macərası başlayır.

"Sürgün”də keçən illər
Artıq 2005-ci ildə o, klub akademiyasından peşəkar futbola ayaq basır. Lakin Kasperə futbolun sirlərinə yiyələndiyi komandada debüt etmək nəsib olmur. Həmin vaxt "Mançester Siti”də İngiltərə futbolunun gələcəyi sayılan Co Hart da çıxış edirdi. Məşqçilər korpusu Şmeyxellə müqayisədə üstünlüyü Harta verir və Kasperi icarəyə göndərirlər. Oğul Şmeyxel "Siti” karyerasının böyük hissəsini "sürgün”də keçirir. O, növbə ilə "Darlinqton”, "Byuri”, "Falkrik”, "Kardiff Siti”, "Koventri” kimi klublara icarəyə verilir. Kasper peşəkar karyerasında ilk oyununu da ikinci liqa təmsilçisi "Darlinqton”da keçirir. Şmeyxel doğma "Mançester Siti”də yalnız qısa müddətdə, 2007/08 (8 oyun) və 2008/09 (3 oyun) mövsümlərində görünür.
"Oğlun heç vaxt sənin kimi olmayacaq”
23 yaşına çatmış Kasper əfsanəvi Şmeyxelin zəif kölgəsini xatırladırdı. Gənc qolkiper bu cür tanınmış simanın oğlu olmanın üstünlük, yoxsa bədbəxtlik olduğunu ayırd edə bilmirdi. O, hər addımda atası ilə müqayisə edilir, əfsanəvi qolkiperdən aşkar geridə qalması üzünə vurulurdu.
Gənc Şmeyxel müsahibələrindən birində belə demişdi: "Niyə hamı mənim atam kimi olmayacağımı düşünür?”

Bir dəfə atası ilə yemək yediyi vaxt, onlara yaxınlaşan bir nəfər Peter Şmeyxelə "Sən əfsanəsən, sənin oğlun da yaxşıdır, lakin heç vaxt sənin kimi olmayacaq” deyir. Təbii ki, bu cür vəziyyətlərdə ata Şmeyxel həmişə oğlunun qarşısında "qalxan” rolunu oynayıb.

Lakin ata Şmeyxelin uğurlarına baxdıqda, həmin insanların sözlərinə haqq qazandırmamaq olmur. Peter Şmeyxel Danimarkada "Brondbü” ilə ölkə çempionluğunu qazandıqdan sonra 1991-ci ildə "Mançester Yunayted”ə transfer olunub. "Qırmızı şeytanlar”ın heyətində 5 dəfə Premyer Liqanın qalibi olan sabiq qolkiper, 4 dəfə Avropada ilin qapıçısı seçilib. 1999-cu ildə isə mankunianlarla Çempionlar Liqasının qalibi adını qazanıb. Lakin onu əfsanəyə çevirən əsas uğuru yuxarıda vurğuladığımız kimi Danimarka millisinin heyətində 1992-ci ildə Avropa çempionu olarkən qazanıb. Bu cür uğurları olan atanın "kölgə”sindən çıxmaq heç də asan deyil...

"Lester”ə gedən yol
Artıq 2009-cu ildə "şəhərlilər”in rəhbərliyi illərini icarədə keçirən Şmeyxelin xidmətində maraqlı olmadıqları barədə qərara gəlir və onu 2-ci liqa klubu "Nots Kaunti”yə göndərirlər. Aşağı liqa təmsilçisi əfsanəvi Şmeyxelin zəif kölgəsini xatırladan Kasper üçün 1 milyon funt-sterlinq ödəyir ki, bu da, klub tarixində rekord məbləğ idi. "Nots”da özünü sübut edən Şmeyxel, burda əsas heyətin üzvünə çevrilir. 2-ci liqadakı inamlı çıxışı isə Çempionşip təmsilçisi "Lids”in diqqətindən yayınmır. Daha bir mövsümdə bu klubda çıxış edən danimarkalı əlcək sahibi, 2011-ci ildə karyerasında dönüş nöqtəsi olacaq bir addım atır və bu liqada çıxış edən digər kluba - "Lester”ə transfer olur.
Mümkünsüzü bacaran komandanın "dirəyi”
Şmeyxel "Lester”ə transfer olunarkən, bəlkə də, bu komanda ilə karyerasının ən böyük uğuruna imza atacağı ağlına belə gəlməzdi. O, karyerası ərzində ilk ciddi uğuruna 2014-cü ildə nail oldu. Bir müddətdir Premyer Liqadan kənarda qalan "tülkülər”, məhz 2013/14 mövsümündə bu həsrətə son qoydu. Özü də, Çempionşipin çempionu kimi. Kasper çempion heyətin əsas üzvlərindən idi. Oğul Şmeyxel həmin mövsümdə 51 oyunda komandasına kömək etmişdi. "Lester”lə Premyer Liqaya qayıdan danimarkalı qapıçı, karyerası ərzində ilk dəfə yüksək liqa klubunun əsas qapıçısı olmağın ləzzətini dadır. 2015/16 mövsümü isə nəinki Kasperin, hətta Premyer Liqa həvəskarı olan bütün azarkeşlərin yaddaşından silinməyəcək. Klaudio Ranyerinin çalışdırdığı "Lester” həmin mövsümdə inamlı çıxışı ilə diqqət çəkirdi. Lakin hamı "tülkülər”in bu çıxışının müvəqqəti xarakter daşıdığını, onların tezliklə aşağı pillələrə enəcəyini düşünürdülər. Lakin Ranyeri və yetirmələri mümkünsüzü bacarır və Premyer Liqanın qalibi olur. Bu, klubun tarixində ilk belə uğur idi. Möcüzəni reallaşdıranlardan biri isə komandanın "çərçivə”sində nəhəngə çevrilən Kasper Şmeyxel olur. İllər öncə atasının qucağında, onun İngiltərə çempionluğuna sevinən balaca Kasper, bu dəfə eyni uğuru yaşıl meydanda, futbolçu kimi qeyd edirdi.
Atası ilə eyni gündə, eyni yaşda
"Lester”in çempionluğunun ardından statistika həvəskarları maraqlı faktı üzə çıxardılar. Kasper 29 yaşında ilk İngiltərə çempionluğunu qazandı. Onun atası Peter də ilk dəfə 29 yaşında bu uğura sevinmişdi. Ən maraqlı olan isə həm ata, həm də oğul Şmeyxelin bu sevincinin eyni gündə - mayın 2-də rəsmiləşdirməsi idi. Bu uğurdan sonra bütün İngiltərə yenə Şmeyxeldən danışırdı. Bu dəfə Peter yox, Kasperdən. Vaxtilə onu atasının "zəif kölgəsi” adlandıranların, onun heç vaxt atası kimi olmayacağını düşünənlərin bu uğurdan sonra nə düşündükləri maraqlıdır.

Gec baş tutan debüt
Şmeyxel Danimarka millisində bir qədər gec debüt edib. O, yığmada ilk oyununu 2013-cü ildə, 27 yaşı olarkən keçirib. Bunun da əsas səbəblərindən biri uzun müddət çıxış etdiyi klubların əsas qolkiperinə çevrilə bilməməyi olub. 2011-ci ildən milliyə dəvət alan Kasper, yığmada debütünü 2013-cü ilin fevralında, Makedoniya millisinə qarşı yoxlama oyununda (3:0) reallaşdırır. O, millidə gec debüt etsə də, artıq yığmanın əsas üzvlərindən birinə çevrilib.
31 yaşlı "uşaq”
Kasper həmişə qalmaqallardan uzaq olub. Belə ki, futbolçuların gecə həyatından yazmağı sevən İngiltərə mətbuatında onun adına demək olar, rast gəlinmir. Çox tez ailə həyatı quran Kasperin 2 övladı - Maks adlı oğlu və İzabella adlı qızı var.
Artıq 31 yaşı olsa da, insanlar hələ də onu uşaq kimi görürlər. Bəlkə də, bu, 1992-ci ildə tarix yazan komandanın qolkiperi Peter Şmeyxelin hələ də, azarkeşlərin gözündə qocalmaması ilə bağlıdır. İnsanlar möcüzəni gerçəkləşdirən qəhrəmanlardan biri olan qolkiperin qocaldığını, onun övladının artıq "30”-u haqladığını qəbul etmək istəmir.
Portret
Danimarkalı futbol azarkeşləri bu ölkənin millisinin gələn il Rusiyada keçiriləcək mundialda sensasiya edəcəyinə inanırlar. Skandinaviyalıların heç də dünyanın nəhəng millilərindən olmadığını nəzərə alsaq, bu mənada Kasperin üzərinə böyük yük düşəcək. 25 il öncə, soyuq İsveçdə "çərçivə”də əsas ümid Şmeyxelə idi. Gələn il, başqa şimal ölkəsi - Rusiyada keçiriləcək mundialda da eyni soyada ümid bağlanacaq.

Oğul Şmeyxel artıq klub karyerasında azarkeşlərin ümidini doğruldub. Onun özünü göstərməsində xarakterində olan əzmkarlıq, heç vaxt həvəsdən düşməmək, öz gücünə inanmaq xüsusiyyəti böyük rol oynadı. Hamı danışır, o isə oyunlara köklənir, bütün gücünü meydanda, komandasının uğuruna istiqamətləndirirdi. Klub karyerasında atasının uğurlarını təkrarlaya biləcəyini göstərən Kasper, indi eyni nəticəni Danimarka millisində də göstərməlidir.
Elnur

banner

Oxşar Xəbərlər