• cümə, 29 Mart, 12:36
  • Baku Bakı 14°C

Neftsiz iqtisadiyyatın 12 “yol xəritəsi”

10.12.16 12:45 2620
Neftsiz iqtisadiyyatın 12 “yol xəritəsi”
Prezident İlham Əliyev bir neçə gün öncə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalayıb.Fərmanla 12 strateji "yol xəritəsi” təsdiq edilib. 2025-ci ilə qədər müddəti əhatə edən "yol xəritəsi” ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri fikirlərini "Kaspi” ilə bölüşdülər.
"Hər kəs öz potensialını səfərbər etməlidir”
Millət vəkili Aydın Hüseynov bildirdi ki, ölkə başçısının təsdiq etdiyi 12 istiqamət milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsidir. O deyir ki, söhbət 2025-ci ilə qədər olan dövrə qədər şaxələndirilmiş qeyri-neft iqtisadiyyatının əsas istiqamətlərinin müəyyənləşdirilməsindən gedir: "Burada birinci növbədə böyük bir beyin mərkəzinin yaradılması nəzərdə tutulub. Yəni, həm ölkə daxilində, həm Azərbaycandan kənarda iqtisadi sahə ilə məşğul olan qurumların, institutların, ümumilikdə beyin mərkəzi olacaq. Bu mərkəz ölkənin potensiallarının sahələr üzrə təhlillərini aparıb, əsas istiqamətləri müəyyənləşdirəcək”.
A.Hüseynov deyir ki, "yol xəritəsi”nin hazırlanmasında əsas məqsəd ixrac yönümlü, rəqabət qabiliyyətli məhsulların istehsal olunmasıdır: "Azərbaycanın sənaye potensialının genişləndirilməsi, kənd təsərrüfatının daha intensiv inkişaf etdirilməsi, turizm, rabitə, kommunikasiya sisteminin, ümumilikdə bütün sahələrin inkişaf etdirilməsi ilə bağlı təhlillər ortaya qoyulmalı, mənbələr müəyyənləşdirilməlidir. Digər bütün potensialların ortaya çıxarılması, elmi əsaslarla təhlilləri aparılıb, hər bir sahə üzrə konkret dövlət proqramlarının müəyyənləşdirilməsi qarşıya hədəf olaraq qoyulub”.
Millət vəkili bildirdi ki, bəzən 2017-ci ilin çətin olacağı ilə bağlı proqnozlar deyilir. O, bunun yanlış fikir olduğunu bildirdi: "Bu, əsla belə deyil. Sadəcə, 2016-cı il bizdə islahatlar ili kimi yadda qaldı, qanunvericilikdə, struktur bazasında bir sıra dəyişikliklər edildi. 2017-ci il isə səfərbərlik ili olacaq. O mənada ki, biz bütün potensialımızı, zəhmətimizi səfərbər etməliyik. Hər kəs öz potensialını səfərbər etməlidir. 2017-ci ili biz belə səciyyələndirə bilərik. Digər tərəfdən, gələn il dövlət tərəfindən həm sosial tədbirlərin keçirilməsi, həm əmək haqlarının artırılması ilə bağlı büdcədə kifayət qədər vəsait nəzərdə tutulub. Eləcə də həm ölkə daxilində, həm xaricdə prioritet layihələrin həyata keçirilməsi üçün vəsait də ayrılıb. Bununla belə, vəsaitin qənaətlə və məqsədyönlü şəkildə xərclənməsi üçün tədbirlər də görüləcək. 2017-ci ilin çətin olacağı ilə bağlı pessimizmə qapılmaq lazım deyil. Zəhmətimizin maksimal həddini həmin ildə sınamalıyıq”.
A.Hüseynov onu da bildirdi ki, 2017-ci ildə görüləcək işlərin nəzəri hissəsi daha sürətlə həyata keçiriləcək: "Hesab edirəm ki, perspektivin elmi əsasları ilin yarısına qədər ortaya qoyulacaq. Elmi əsaslandırmadan sonrakı mərhələlərdə dövlət proqramları üzrə qarşıya qoyulan işlərin həyata keçirilməsi real üçün addımlar atılacaq”.
"Bu islahatlar imkan verəcək ki, müəyyən problemlər öz həllini tapsın”
Millət vəkili Vahid Əhmədov deyir ki, "yol xəritəsi”nin qəbulu uzun müddət idi ki, gözlənilirdi: "Prezidentin İqtisadi İslahatlar üzrə köməkçisi Natiq Əmirovun rəhbərliyi altında bu işlər gedir. Fərmanın hazırlanmasında həm xarici, həm də yerli mütəxəssislər yaxından iştirak edib, öz təkliflərini səsləndiriblər. Qeyd edim ki, sənəddə 12 "yol xəritəsi” var və bu xəritələr iqtisadiyyatın əksər sahələrini əhatə edir. Yəni, kənd təsərrüfatından tutmuş, maliyyə sabitliyinin tənzimlənməsi ilə əlaqədar hər şey bu layihədə öz əksini tapıb. Fərman 2016-2020-cilləri və 2020-2025-ci illərdən sonrakı dövrləri əhatə edir. "Yol xəritəsi”nin əsas məqsədi Azərbaycan iqtisadiyyatının postneft dövründə inkişafını təmin etməkdir. Bundan başqa, işlərin hansı səviyyədə aparılması, inkişaf etdirilməli sahələrin müəyyənləşdirilməsi, sərmayə qoyulması kimi məsələlər baxımından da sənəd çox əhəmiyyətlidir. Belə hesab edirəm ki, yaxın 10 il ərzində bu, ən vacib iqtisadi layihələrdən biri hesab oluna bilər”.
Millət vəkili bildirdi ki, mühüm olan bu layihənin icrasına nəzarət mexanizmini həyata keçirməkdir. Çünki nəzarət mexanizmi "yol xəritəsi”nin tamamilə icra olunması baxımından çox vacibdir: "Bu sənədin icrasını dövlət başçısı prezident administrasiyasına həvalə edib və nəzarət mexanizmi həmin qurumda olacaq. Amma indi əsas məsələ xəritələrin çap olunmasıdır. Hər bir xəritə ayrılıqda çap olunmalıdır ki, biz xəritəyə baxaraq, nələrin olub-olmadığını, hansı problemlərin öz əksini tapdığını bilək. Hələlik bu haqda nə isə demək üçün tezdir. Xəritələr çap olunduqdan sonra bu haqda tam geniş danışmaq olar. Hesab edirəm k, indiki iqtisadi şəraitdə bu layihənin əhəmiyyəti çox böyükdür”.
Millət vəkili 2017-c ili əhatə edəcək islahatlardan da söz açdı: "2017-ci üçün qısa vaxt ərzində nəzərdə tutulan iqtisadi proqram var. Bu proqramın əsas məqsədi Azərbaycanda qeyri-neft sektorunun ciddi gəlir gətirə bilən sahələrini inkişaf etdirməkdir. Bizdə qeyri-neft sektorunun əsas istiqaməti kənd təsərrüfatı hesab olunur. Bu sahəyə ayrılan diqqətə dövlət başçısı şəxsən özü nəzarət edir. Ona görə də, 2017-ci ildə kənd təsərrüfatı sahəsindən müəyyən qədər gəlir əldə etməklə ixracı çoxaldıb, ölkəyə daxil olan valyuta axınını artırmaq olar. Bunun üçün İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən işlər görülür və sənaye müəssisələri, parkları tikilir. Lakin həmin müəssisələr 2017-ci ildən sonra üçün hesablanıb. 2017-ci il üçün ölkə əsasən turizm, kənd təsərrüfatının inkişafından müəyyən gəlirlər əldə edə bilər. Aparılan islahatların nəticəsi 2018-ci ildən sonra öz bəhrəsini verəcək. Bu islahatlar imkan verəcək ki, müəyyən problemlər öz həllini tapsın. Həm kənd təsərrüfatı, həm sənaye sahələrinin, xüsusi iqtisadi zonaların bir neçə il sonra faydasını görəcəyik. Əgər 2017-ci il üçün də qarşıya qoyduğumuz məqsədlərimizə nail ola bilsək xeyli gəlir əldə edə bilərik”.
Aygün
banner

Oxşar Xəbərlər