• cümə, 19 Aprel, 03:59
  • Baku Bakı 18°C

Neftin qiymətlərini proqnoz etmək müşkülə çevrilib

28.04.16 11:05 1383
Neftin qiymətlərini proqnoz etmək müşkülə çevrilib
Dünya Bankı 2016-cı ildə neftin qiyməti ilə bağlı proqnozunu artırıb. Qurum öz qərarını bazara çıxarılan neftin həcminin azaldılması ehtimalı, eləcə də dolların məzənnəsinin zəifləməsi ilə izah edib. Buna görə də, qurum "qara qızıl”ın 1 barelinin qiyməti üzrə proqnozunu 37 dollardan 41 dollara çatdırıb. Beynəlxalq Valyuta Fondunun isə bu il neftin qiyməti ilə bağlı proqnozu isə təxminən 35 dollardır. Qurum qiymətin 41 dollara gələn il çatacağını proqnozlaşdırır. Qeyd edək ki, hər iki qurum son proqnozlarını aprelin əvvəlində neft hasilatçılarının Doha görüşü ərəfəsində vermiş və neftin ucuzlaşacağına mesaj etmişdilər. İndi isə qısa müddət sonra öz proqnozlarını dəyişmək məcburiyyətində qalıblar.
Paralel olaraq dünən dünya bazarında neftin qiyməti 2015-ci ilin noyabrından bəri ilk dəfə 47 dolları keçib. Dünən Bakı vaxtı ilə saat 13:48-də London əmtəə birjasında iyun ayı üçün bağlanılan neft müqaviləsində qara qızılın 1 barelinin qiyməti 47,05 dollar götürülüb. Bu da 2,4% bahalaşma deməkdir. Kəskin qiymət artımı ABŞ-da neft ehtiyatlarının həcminin azalması fonunda baş verib.
Bəs görəsən neftin qiymətlərinə dair illik proqnoz dəyişikliyinin əsas səbəbləri nədir? Müxtəlif beynəlxalq təşkilatlar hansı səbəblərə əsasən qiymətlərə dair fərqli rəqəmlərlə çıxış edirlər? Mövzu ilə bağlı ekspertlərimiz də müxtəlif fikirlər səsləndirdi.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Nicat Hacızadə qəzetimizə açıqlamasında bildirdi ki, neftin qiymətində baş verən dəyişikliklər və buna uyğun verilən proqnozlar bazarda baş verən bir sıra gözlənilən və gözlənilməyən hadisələrin nəticələridir: "Aprel ayında OPEC ölkələrinin son iclası oldu. Rusiya və Səudiyyə Ərəbistanın görüşdən əvvəl də neft hasilatının dondurulması təşəbbüsünü göstərirdilər. Ancaq İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərə görə Doha görüşündə razılıq əldə olunmadı. Bu ərəfədə neftin qiyməti artıb-azalmağa məruz qaldı. Böyük əksəriyyətin verdiyi proqnoz neftin qiymətinin düşməsi ilə bağlı olsa da, bu, baş vermədi, əksinə Doha görüşündən sonra qiymətlər artmağa başladı”.
Ekspert bildirdi ki, hazırda dünya bazarında neftin qiymətinin daha da qalxmasını əngəlləyən səbəblərdən biri İranın neft ixracatını daha da artırmasıdır. İranın neft ixrac niyyəti 2,5-3 milyon barel səviyyəsindədir. Tehran hasilatı 4 milyon barelə gətirib çıxarmaq istəyir: "OPEC ölkələrinin əsas məqsədi neft hasilatını dondurmaqdır və Azərbaycan da buna razılıq verib. Ümumilikdə hasilatı dondurmağa qərar verən ölkələrin əsas məqsədi neftin qiymətini 55-60 dollaradək qaldırmaqdır. Çünki 60 dolardan yuxarı qalxan neftin qiyməti heç OPEC ölkələrinə də sərf etmir. Çünki belə olanda ABŞ şist neftinin hasilatını artırır və bazar daralır”.
N.Hacızadə deyir ki, qiymətlərin tez-tez dəyişməsi müəyyən qədər siyasi faktorlarla bağlıdır: "Bir çox ölkələrin hasilatı dondurmaması qiymətlərdə fərq yaradan səbəblərdən biridir. Bundan başqa, ABŞ-da istismara yarasız olan neft quyularının işini dayandırmasının da qiymət dəyişiminə təsiri var. Burada bilinməyən və qapalı şəkildə həyata keçirilən siyasi oyunlar da var”.
Ekspert onu da bildirdi ki, OPEC ölkələrinin iyun ayında keçirəcəyi görüşün qiymətlərə təsir etməsi ehtimal olunmur: "OPEC-in artıq neft qiymətlərinə təsir göstərə bilməməyi Dohadan əvvəlki görüşlərdə də dəfələrlə sübut olunub. Çünki Dohadan əvvəl də bir neçə dəfə bu kimi nəticəsiz görüşlər keçirilib və nəticə olmayıb. Bu baxımdan, OPEC artıq formal bir quruma çevrilib. OPEC-ə daxil olan ölkələr sırf siyasi sifariş yerinə yetirirlər və iqtisadi qanunauyğunluqlara əsaslanan təkliflər irəli sürmürlər. Ona görə iyunda keçirilməsi planlaşdırılan görüşün neftin qiymətinə hər hansı bir təsir göstərməsi ehtimal olunmur”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə qeyd etdi ki, ilin ikinci yarısına dair neft qiymətləri haqqında proqnozlar fərqlidir: "Hazırda neft bazarının gələcəyi ilə bağlı dumanlı bir vəziyyət müşahidə olunur. Verilən proqnozlara əsasən, ilin ikinci yarısında, xüsusilə də dördüncü rübdə neftin qiymətlərində artım olacaq və qiymətlər 50 dolları keçəcək. Belə yüksək qiymət isə neftə olan tələbatın artması ilə əlaqələndirilir. Belə ki, Çin, Hindistan kimi ölkələrdə olan dinamiklik bu artımı təmin etməlidir. Buna paralel olaraq, hasilat da getdikcə azalacaq. Bəzi maliyyə qurumları məhz bu faktordan çıxış edərək bildirir ki, bu il neftin ümumi qiyməti 40 dollardan yüksək olacaq. "Qoldman Saks” isə bunun əksinə olaraq bildirir ki, neftin qiyməti 35 dollardan yuxarı olmayacaq. Beynəlxalq Valyuta Fondunun verdiyi proqnozlarda da neftin qiyməti aşağı həddə dəyərləndirilir. Bu qurumlar deyirlər ki, neftin qiyməti arta bilər, lakin qiymətlər artan zaman Amerikada şist neftinin hasilatı bərpa olunacaq. Belə olan təqdirdə isə neftin qiyməti qısa zaman ərzində - maksimum bir ayadək, yenidən sürətlə aşağı düşəcək. Yəni qiymətlər yenidən 50 dollardan 35 dollara enəcək”.
İ.Şaban başqa bir səbəb kimi OPEC ölkələrinin hasilatı dondurmaq barədə gəldikləri razılığa əməl etmədiklərini qeyd etdi: "İyun ayının 2-də OPEC ölkələrinin öz aralarında neft hasilatının azaldılmasına dair qərar çıxarsalar belə, bu, yaxın 6 ay ərzində mümkün olmayacaq. Bu kvotaları tənzimləmək mexanizmi yoxdur. Tənzimlənmə mexanizmini real olaraq ortaya qoymaq isə təxminən 6 ay vaxt alacaq. Bu 6 ay isə ilin sonu deməkdir. Ona görə də, bəzi maliyyə qurumları neftin qiymətlərinin 50 dollardan yuxarı qalxmasını 2017-ci ilə proqnoz edirlər. Məhz bu səbəbdən müxtəlif təşkilatların verdiyi proqnozlarda fərqliliklər yaranıb. İstər Beynəlxalq Enerji Agentliyinə, istər Beynəlxalq Valyuta Fonduna, istərsə də Dünya Bankının verdiyi proqnozlara baxdıqda təyin edilən qiymətlərin arasında 10-20 faiz arasında fərq olduğunu görərik. Bu isə o deməkdir ki, artıq neftin qiymətlərini proqnoz etmək müşkül məsələyə çevrilib”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər