• cümə, 19 Aprel, 19:55
  • Baku Bakı 24°C

Neftin qiymətinin artması hansı iqtisadi perspektiv vəd edir?

06.01.18 10:00 1148
Neftin qiymətinin artması hansı iqtisadi perspektiv vəd edir?
Neftin qiymətində olan artım tendensiyası davam etməkdədir. Təbii ki, bu artım, iqtisadiyyatı və gəlirlərinin böyük hissəsi neftdən asılı olan ölkələr üçün sevindirici məqamdır. Bu mənada, ölkəmiz də neft ölkəsi kimi proseslərdən kənarda qalmır. Artıq Azərbaycan neftinin qiyməti 70 dolları keçib."AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,65 dollar və ya 0,93% artaraq 70,54 dollar təşkil edib. Neft gəlirlərinin artdığı bir məqamda, bu gəlirlərin düzgün istiqamətə yönləndirilməsi çox mühümdür. Necə deyərlər, pulu xərclənmək qazanmaqdan daha çətindir. Çünki post-neft dövründə bunun nə qədər önəmli olduğunu bir daha dərk elədik. Bəs görəsən indiki məqamda bu gəlirləri necə idarə etmək lazımdır? Neftdən gələn pullar iqtisadiyyatın hansı sahəsinə yatırılmalıdır ki, daha faydalı olsun? Ümumiyyətlə, neftin qiymətinin artmasının iqtisadiyyatımıza hansı faydaları ola bilər?

Millət vəkili Azər Badamov bizimlə söhbətində bəzi məqamları qeyd etdi: "İndiki məqamda neftin qiymətinin artmasının Azərbaycan iqtisadiyyatına böyük faydası var. Ölkəyə böyük valyuta daxil olur. Düzdür, dövlət büdcəsində neftin qiyməti aşağı qiymətlə, 40 dollarla hesablanmışdı. Büdcə tərtib olunduqdan sonra dünya bazarlarında qiymətlər artdı. Əlavə gəlirlər Azərbaycanın valyuta ehtiyatlarının saxlandığı Dövlət Neft Fondunda yığılır. Bu gəlirlər lazım olan istiqamətlərə - investisiya layihələrinin həyata keçirilməsinə sərf olunacaq. Bu gün iqtisadiyyatımız daha da inkişaf edir. Ölkədə böyük iqtisadi layihələr icra olunmaqdadır. Təbii ki, həm sosial, həm də iqtisadi sahədə icra olunacaq hər bir layihə müəyyən vəsait tələb edir. Bu mənada ölkəyə daxil olan hər bir manat, bu layihələrin daha uğurla icra olunmasına gətirib çıxaracaq. Düşünürəm ki, indi neft gəlirləri xüsusi olaraq iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması və qeyri-neft sektorunun inkişafı istiqamətində sərf olunmalıdır. Qeyri-neft sektorunda icra olunacaq layihələr artıq bəllidir. Burada əsas yatırımlar ölkənin sənayeləşməsi, kənd təsərrüfatının inkişafı istiqamətində olacaq. Amma təbii ki, gələn gəlirlərin hamısı xərclənməyəcək. Əlavə gələn gəlirlər Azərbaycanın valyuta ehtiyatlarını artırır və lazım olan vaxtda ondan istifadə imkanlarımız genişlənir”.


İqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, neftin qiymətinin qalxması bizim üçün çox önəmlidir: "Çünki Azərbaycan neft ölkəsidir. Hətta qeyri-neft sektorunun inkişafı üçün də neft gəlirlərinin artması vacibdir. Neftin dünya bazarında qiymətinin qalxması dövlət gəlirlərimizin və ölkəyə daxil olan valyutanın ümumi həcminin artmasına imkan yaradır. Əvvəlki dövrdə neft gəlirləri daha çox infrastrukturun formalaşdırılması üçün istifadə olunmuşdu. Hesab edirəm ki, indiki məqamda birbaşa iş yerləri yaradan sektorların maliyyələşməsi, gəlirlərin bu istiqamətə yönəldilməsi daha məqsədəuyğundur. Çünki Azərbaycanda infrastrukturun 90 faizi, eləcə də büdcə gəlirlərinin 60 faizi neftin payına düşür. Nəzərə alsaq ki, neft sektoru məşğulluğun 7 faizini təmin edir, məşğulluqda payı olan sektorların neft pulları hesabına dəstəklənməsi faydalı olardı. Bu baxımdan qida, sənaye və xüsusilə də qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar davam etdirilməlidir. Bu islahatların fonunda, neftin dünya bazarında qiymətinin artması, həmin islahatların dəstəklənməsi və həyata keçirilməsi üçün maliyyə bazası formalaşdırır. Bu da nəticə etibarı ilə imkan verir ki, daha çox vəsaitin qeyri-neft sektorunun inkişafına istiqamətlənsin, islahatların aparılması mümkün olsun. Bu baxımdan, neft gəlirlərinin iş yerləri yaradan sektorlara yönəldilməsinin vacib olduğunu düşünürəm. Gəlirlərin bir hissəsi sahibkarların, xüsusilə orta və kiçik sahibkarların layihələrinin və biznes planlarının reallaşdırılmasına yönəldilə bilər. Bununla bağlı sosial komissiya formalaşdırmaq da olar. Vəsaitlərin şəffaf və səmərəli bölüşdürülməsi üçün beynəlxalq və yerli ekspertlərin iştirakı ilə komissiyanın yaradılması və bu komissiya vasitəsilə təkliflərin və layihələrin qiymətləndirilməsinə ehtiyac var. Məşğulluğu təmin edən sektorlara daha çox vəsaitin ayrılması da məqsədəuyğundur”.


V.Bayramov deyir ki, Azərbaycan Norveç modelini seçmiş ölkədir: "Strateji yol xəritəsində nəzərdə tutulduğu kimi, Dövlət Neft Fondundan büdcəyə transferlərlə bağlı qızıl ortanın müəyyənləşdirilməsi çox vacibdir. Bu, imkan verəcək ki, vəsaitlərin və transfer həcmlərinin balanslanması mümkün olsun. Post-neft dövründə neft pullarının idarə edilməsinin daha da təkmilləşdirilməsi üçün baza formalaşdı. Güman edirəm ki, yeni dövrdə məhz bu islahatların nəticəsi olaraq, neft gəlirlərinin idarə edilməsində şəffaflığın və səmərəliliyin artırılması istiqamətində addımların atılması mümkün olacaq”.

Millət vəkili Aydın Hüseynov bildirdi ki, bu gəlirlər iqtisadiyyatın ən mühüm sahələrinə xərclənməlidir: "Neftdən gələn gəlirlər Neft Fondunda toplanır. Büdcəmiz ümumilikdə sosial büdcə olduğu üçün sosial xərclərin maliyyələşməsinə yönəlir. Burada təqaüdlərin artırılması, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli əsas məqamlardandır. Bütün bunlarla yanaşı, neft gəlirlərinin real sektora yönləndirilməsi çox vacibdir. Sosial layihələrlə yanaşı, investisiya layihələrinə diqqət ayrılmalıdır. Bildiyiniz kimi, investisiya xərcləri və real sektora ayrılan xərclər gələcəkdə ölkə iqtisadiyyatına gəlir gətirən sahələrə çevrilərək, ümumdaxili məhsulun artımına gətirib çıxarır. Bu isə son nəticədə ölkə iqtisadiyyatının canlanmasına fayda verir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər