• cümə, 29 Mart, 16:08
  • Baku Bakı 14°C

Neftin qiymətini bu dəfə siyasi şərtlər artırır?

15.09.18 12:00 598
Neftin qiymətini bu dəfə siyasi şərtlər artırır?
Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 12-də 1,21 dollar bahalaşaraq, 81,5 dollar/barel təşkil edib. Xatırladaq ki, Azərbaycan neftinin bir barrelinin qiyməti sonuncu dəfə mayın 23-də 81,31 dollar olub.

Amma son günlərdə neftin qiymətlərində yenidən artımlar qeydə alınmağa başlayıb. Təbii, belə məqamda neftin artımını şərtləndirən səbəblərlə bağlı suallar yaranır. Qiymət artımına təsir edən amillər hansılardır? Ümumiyyətlə, artım tendensiyası davam edəcək, yoxsa azalma müşahidə olunacaq? Bu kimi suallara cavab almaq üçün mütəxəssislərə müraciət etdik.

İqtisadçı-alim Vüqar Bayramovdeyir ki, qiymət artımı, ilk növbədə İrana tətbiq edilən sanksiyalardan sonra İranın neft bazarına çıxardığı neft həcmlərinin azalması ilə bağlıdır: "İran tərəfindən qlobal neft bazarına çıxarılan məhsulun həcmində 1,1 milyon barelədək azalma olub. Bu da nəticə etibarı ilə neftin təkliflərinə təsir göstərdi. Hal-hazırda təkliflərdə azalmalar müşahidə edilir. Yəni bazarda tələb tam olaraq ödənilmir. Bu proseslərin fonunda isə qiymətlərdə yenidən artımlar qeydə alınır. OPEC-ə üzv olan və olmayan ölkələr hasilatın əlavə olaraq bir milyon barel artırılması ilə bağlı qərar qəbul edib. Amma hələlik qeyri-OPEC ölkələri bu qədər qısa zaman ərzində bir milyon barel əlavə neft həcmlərini bazara çıxarmaq iqtidarında deyil. İlin sonunadək OPEC-in neft hasilatını artırması ilə bağlı öhdəliyinə əməl edəcəyinə inam var. Bütün bunlar ümumilikdə neftin dünya bazarındakı qiymətinə təsir edən faktorlardır. İndiki məqamda güman olunur ki, 70-80 dollar intervalındakı qiymət bir müddət davam edəcək. Növbəti dövrlərdə qiymətlərə müxtəlif faktorlar təsir edəcək. Qeyd edim ki, ABŞ noyabr ayınadək qarşısına, İranın neft idxalının tam dayandırılması ilə bağlı şərt qoyub. Digər ölkələr də bu sanksiyalara qoşularsa, bu amil qiymətlərin indiki səviyyədə qalmasına və hətta artmasına səbəb ola bilər. Amma əgər OPEC hasilatı bir milyon barelədək artırarsa, qiymətlərin 70 dollar ətrafında stabilləşəcəyi gözlənilir. Ümumilikdə götürsək, bütün hallarda ilin sonunadək neftin qiymətinin yüksək olacağı proqnozlaşdırılır”.

İqtisadçı-ekspert Pərviz Heydərov qeyd etdi ki, neft elə bir məhsul növüdür ki, təkcə iqtisadi deyil, siyasi səbəblər üzündən də qiymət dəyişikliyinə uğraya bilir: "Son dövrlərdə neftin qiymətinə bir sıra amillər təsir edir. Belə ki, qiymətlərin bahalaşmasının özlüyündə həm iqtisadi, həm də siyasi səbəbləri var. Ümumiyyətlə, bu tendensiya bir müddətdir ki, müşahidə edilir. Bununla bağlı verdiyim açıqlamada qeyd etmişdim ki, neftin bahalaşması üçün bir sıra ciddi əsaslar var. Məlum olduğu kimi, artıq, xeyli müddətdir vəziyyət onsuz da stabil xarakter daşıyırdı. Hazırkı qiymət bütün hasilatçı ölkələr üçün məqsədəuyğun idi. Amma ümumilikdə götürsək, təsirlər arasında siyasi faktorlar üstünlük təşkil edir. Yəni qiymətlərdəki dəyişmələr sırf iqtisadi amillərlə bağlı deyil. Siyasi sferada baş verən hadisələr, xüsusən də ABŞ-la İran arasında münasibətlərin gərginləşməsi fonunda tətbiq olunan sanksiyalar, qiymətləri yenidən artırır. İranın bazardan çıxarılması psixoloji olaraq bazarda uzun müddətdir ki, hiss olunmaqdadır. Bundan əlavə ABŞ-ın neft ehtiyatlarına dair son açıqlamaları bazara müsbət təsir göstərdi. Belə ki, ABŞ-ın neft ehtiyatlarında azalmalar qeydə alınıb. Bu amil də qiymətlərə təsir edən əsas faktorlardandır. Qiymətlərə təsir edən iqtisadi amillər gəlincə, hazırda AB, Asiya ölkələri, Çin və ətraf ölkələrdə iqtisadi artım müşahidə olunmaqdadır. Bu isə dünya iqtisadiyyatında ümumi artım deməkdir. İqtisadi artım neftə olan tələbatı artıran şərtlərdən, amillərdəndir. Hesab edirəm ki, neftin qiymətinin artmasının həm siyasi, həm də iqtisadi səbəbləri var. Hazırkı proseslər isə ilin sonunadək qiymətlərin 80 dollar psixoloji həddini keçəcəyinə zəmin yaradır”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər