• şənbə, 20 Aprel, 19:39
  • Baku Bakı 24°C

Neftin qiymətini artıran əsas səbəblər

11.05.18 09:00 693
Neftin qiymətini artıran əsas səbəblər
Bu günlərdə dünya birjalarında neftin qiyməti yenə artan xətlə davam edir. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 1,49 dollar və ya 2,16% artaraq 70,55 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri isə 1,77 dollar ya 2,36% artaraq 76,62 dollar təşkil edib. ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında isə "Brent” markalı xam neftin bir barrelinin bu il üçün orta qiyməti 71 dollar olacağı qeyd edilir. Belə ki, hesabata görə, "Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin bu il 71 dollar, 2019-cu ildə 66 dollar səviyyəsində olacağı nəzərdə tutulur. Qərbi Texas növü "Light” markalı xam neftin bir barrelinin orta qiyməti cari ildə 66 dollar, gələn il isə 61 dollar səviyyəsində olacaq. "Brent” və "Light”ın qiymətinə dair bu proqnozlar EIA-nın əvvəlki hesabatındakı proqnozlarla müqayisədə bu il üzrə 7 dollar/barrel, gələn il üzrə 3 dollar/barrel çoxdur. EIA-ya görə, "qara qızıl”ın qiymətinə dair proqnozun artması Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələri ilə 2017-ci ilin yanvarından bu yana tətbiq edilən neft hasilatının azaldılması üzrə razılaşma sayəsində, indiyədək qlobal neft ehtiyatlarının gündəlik orta hesabla 0,5 milyon barrel azalmasıdır. İrana qarşı yenidən sanksiyalar tətbiq olunacağı təqdirdə, bu ölkənin xam neft istehsalı azalacaq. Qlobal neft tələbatının artmağa başlaması isə "qara qızıl”ın qiyməti üzərində yuxarı istiqamətli təzyiq meydana gətirir.
Gəlirlərinin böyük hissəsinin neftdən asılı olan ölkələr üçün artım tempi hər zaman müsbət qiymətləndirilir. Bu ölkələr arasında Azərbaycan da daxildir. Bəs görəsən bu qiymət artımı nə qədər davam edəcək? Ümumiyyətlə, qiymət artımının səbəbləri nədir?
Mövzu ilə bağlı suallarımızı "Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri, enerji məsələləri üzrə ekspertİlham Şabana ünvanladıq. Ekspert qiymət artımı haqda bir sıra məqamları qeyd etdi: "Mayın 8-də Tramp gücləndirilmiş sanksiyaların tətbiqi ilə bağlı sənəd imzaladıqdan sonra neftin qiyməti 78 dollara qədər artıb. İki gün ərzində qiymətlərdə təqribən 2,5 dollar artım müşahidə olunub. Əslində bu, gözlənilən idi. Çünki İran kimi OPEC-də və neft bazarında özünəməxsus bir mövqeyi olan ölkə yenidən ABŞ kimi ölkənin sanksiyalarına tuş gəlirsə, bu fakt regiona və dünyaya ciddi təsir etməli idi. Bu məsələyə birjalar da hazırda adekvat reaksiya verməkdədir. Hələlik birjalarda qırmızı xəbərlər gözə dəyir. Ona görə də neftin qiyməti artıma doğru gedir. Hesab edirəm ki, qiymətlərdəki artım şoku bir müddət davam edəcək. Amma rəqəmlərin daha yüksək həddə, yəni 90 dollaradək artması üçün bu, yetərli deyil. Əgər İran da ABŞ-a qarşı kəskin reaksiya versə və ABŞ-ın sanksiyalarına digər ölkələr və Avropa da qatılsaydı, bu hal baş tutardı. Həmçinin, İsraillə İran arasında və ya Suriyada yenidən hərbi münaqişə davam etsəydi, qısa müddət ərzində neftin qiyməti 90 dollaradək arta bilərdi. Amma hələlik bunların heç birini müşahidə etmirik. Hazırda təkcə ABŞ və İran arasında gərginlik müşahidə olunur. İran isə özünü təmkinli aparır. Digər ölkələr də bu sazişdən çıxmadı. Proseslərin fonunda, İsrail də çox maraqlı gediş etdi. İranın faktiki müttəfiqi olan Rusiyadan regionda təhlükəsizliklə bağlı qarantiya istədi. Belə olan təqdirdə, düşünürəm ki, neftin qiymətinin kəskin şəkildə artması davam etsin. Ola bilsin ki, qiymətlər 70 dollardan da aşağı düşsün”.
Ekspert bildirdi ki, qiymətlərin 70-75 dollar həddini keçməsi üçün isə bu cür siyasi risklərin olacağı hələ apreldən bəlli idi: "Bu informasiyalar isə hələ aprel ayından başlayaraq qiymətləri getdikcə artırırdı. Səudiyyə Ərəbistanı ABŞ-ın bu addımını dəstəklədi və bu da anlaşılan idi. Çünki Səudiyyə ilə İran arasında əzəli qarşıdurma var və bu fakt regionda vəziyyəti gərginləşdirən amillərdən biridir. Qiymətlərə gəldikdə isə hələ ilin birinci rübündə neftin qiyməti 67 dollar idi. 4 ayın nəticələrinə əsasən, brent markalı neftin orta qiyməti 68,5 dollara qədər yüksəldi. May ayı başlayandan isə qiymətlər 70 dollar həddini keçdi. Bu ayın ilk ongünlüyünə əsasən qiymətlər kifayət qədər yüksək qiymətləndirilib. May ayı ərzində orta qiymətin 70 dollardan yuxarı olacağı gözlənilir. Belə olan təqdirdə, proseslər neftin orta qiymətinin artımına gətirib çıxaracaq. Ümumilikdə isə cari il üçün proqnozlara yenidən baxılmalıdır. Çünki ilin əvvəlində proqnozlar orta qiymətin 62-63 dollar olacağını söyləyirdi. Hətta ötən ilin sonunda bu rəqəmin 57 olacağı qeyd olunsa da, artıq qiymətlər iki dəfə korrektə edilib. Korrektədən sonra beynəlxalq enerji agentlikləri və maliyyə institutlarının qiymətləri 65-66 dollar proqnoz edəcəyi gözlənilir. Adətən ilin ikinci yarısı üçün proqnozlar qiymətlərin aşağı düşəcəyini göstərir. Bu, əslində bir neçə faktordan asılı olan məsələdir. Ona görə də əvvəlcədən dəqiq proqnoz vermək mümkün deyil. Məsələn, siyasi faktorların necə dəyişəcəyini və bunun qiymətlərə nə dərəcədə təsir edəcəyini bilmək olmur”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər