• çərşənbə, 24 Aprel, 11:24
  • Baku Bakı 13°C

Neftin qiymətindəki sabitliyin və artım tendensiyasının səbəbləri

26.12.17 17:57 800
Neftin qiymətindəki sabitliyin və artım tendensiyasının səbəbləri
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətdə dəyişir. Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,12% azalaraq 58,29 dollar təşkil edib.ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar və ya 0,05% artaraq 64,93 dollar olub.Ümumiyyətlə, uzun müddətdir ki, neftin qiyməti 65 dollar civarında dövr edir. Mövcud tendensiya gələn il də davam edə bilərmi?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspertİlham Şaban"Kaspi”yə açıqlamasında bildirdi ki, qiymət artımına müxtəlif amillər təsir edir: "Əgər biz ötən həftənin trendinə baxsaq, neftin qiymətinin 63-65 dollar arasında var-gəl etdiyini görə bilərik. Bu da müxtəlif səbəblərdən irəli gəlir. Belə ki, ötən həftənin ortasında Amerikada neft ehtiyatları ilə bağlı məlumat dərc edildi. Məlumatın dərc edilməsindən dərhal sonra qiymətlər 65 dollar həddinə çatdı. Hazırda bazarda müxtəlif tendensiyalar baş verir. Qiymətlərdə gah bir dollardan artıq enmələr, gah da artımlar olur. Nəticə etibarilə isə dekabr ayı üzrə orta qiymət 63 dollar hesab olunur. Bu, dördüncü rüb ərzində və cari il üçün ən yüksək orta qiymət hesab olunur. Əgər dördüncü rübün ilk ayı olan oktyabrda Brent markalı neftin orta qiyməti 57 dollar idisə, artıq ilin sonuncu ayında 6 dollar artım müşahidə edilir. İlin əvvəlinə nəzər salsaq, görərik ki, yanvar ayında orta qiymət cəmi 53 dollar olub. İlin əvvəli ilə sonundakı orta qiyməti müqayisə etsək, 10 dollar artım var. Bu, kifayət qədər yüksək bir nəticədir. Hesab edirəm ki, bu artımda əsas rol oynayan fakt, sözsüz ki, OPEC və onu dəstəkləyən ölkələrin atdığı addımlar - dünya bazarında hasilatın 1,8 milyon barrel aşağı salınması oldu. Bunun nəticəsində ehtiyatlar azalır, tələb-təklif arasında olan münasibətlərdə tarazlıq yaranır. İndiyə kimi bu tarazlıq yox idi. Məhz 2017-ci ildə OPEC və qeyri-OPEC ölkələri arasında olan razılaşma və onların ortaya qoyduğu mövqe bazarda tənzimləmə rolunu oynadı. Hesab etmirəm ki, yaxın dövr üçün bazarda hər hansı bir yeni sıçrayış - artım və ya azalma tendensiyasına keçid olsun. Vyana konqresində qəbul edilən qərara əsasən, 2018-ci ilin sonuna qədər bu tendensiya davamlı olacaq. Əvvəlki dövrlərdən fərqli olaraq, 2018-ci ildə monitorinq komitəsi fəallığını daha da artıracaq. Hər bir ölkənin üzərinə qoyulan öhdəliyə necə əməl etməsi, həm hasilat, həm də ixrac məsələləri ilə bağlı kvotaların yerinə yetirilməsi çox mühümdür. OPEC-in əsas məqsədi həmin ölkələri bu kvotalardan yayınmamağa və bunun çərçivəsində öz hasilat və ixracatını davam etdirməyinə sövq etməkdir. İqtisadiyyatı neftdən asılı olan ölkələr gördülər ki, əlbir olub öz mövqelərini ortaya qoyandan sonra gəlir əldə edirlər. Çünki bazara gündəlik hasilatı milyonlarla barrel artırmaq və bir-birinin bəhsinə girmək heç kimin xeyrinə deyil. Təkcə Rusiya hasilatın azaldılmasından sonra 2016-cı illə müqayisədə 50 milyard dollar əlavə gəlir qazanıb. Ədalətli neft qiymətlərinin bərqərar olması üçün Azərbaycan da maraqlı olduğunu bildirdi. Bəziləri bu addımı hətta qınasa da, ədalətli qiymət bərqərar olduqdan sonra Azərbaycan da bunun faydasını görür. Baxmayaraq ki, bizdə neft hasilatı faiz etibarilə digər ölkələrlə müqayisədə kifayət qədər azalıb. Ancaq Azərbaycanın qazandığı mənfəət bir milyarddan artıq oldu. Bunları da mütləq nəzərə almaq lazımdır”

Ekspert bəzi məqamları da qeyd etdi: "İŞİD faktoru beş ildən çoxdur ki, gündəmdədir. Terror təşkilatının fəaliyyət göstərdiyi coğrafi ərazi əsasən Yaxı Şərqdir. Amma biz gördük bu beş il ərzində qiymətlərin 100 dollardan yuxarı qalxması və aşağı düşməsi, sıçrayışlar etməsi İŞİD-in fəallığı ilə bağlı olmayıb. Məsələn, cari ilin oktyabr ayında qiymətlərdə də sıçrayış oldu və bu amil iki həftədən artıq davam etdi. Ancaq burada əsas səbəb Kürdüstanın öz müstəqilliyini elan etdikdən sonra Kərkük-Ceyhan boru kəmərinin dayandırılması idi. Yəni orada İŞİD faktoru rol oynamırdı. Hətta bu beş ildə İŞİD-lə bağlı informasiyalar birjaların qaynar xəttinə gəldikdə belə, bazar heç bir təsiri olmurdu. Olsa belə, bu, çox qısa müddətli təsir idi”.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov isə deyir ki, Yaxın Şərqdə baş verən proseslər neftin qiymət artımına kəskin təsir göstərən faktorlardandır: "Bu günə kimi İŞİD-in təsiri altında olan bölgələrə neft çox ucuz qiymətə çıxarılıb satılırdı. İndi isə artıq sözügedən zonada stabilləşmə gedir. Yəni ümumilikdə götürsək, Yaxın Şərqdə gedən tendensiyalar neftin qiymətinə birbaşa təsir göstərir. Artıq orada stabilləşmə gedir deyə, bu da qiymət artımına təsir edir. Eyni zamanda OPEC artıq dünya bazarında neftin qiymətinin balanslaşmasında maraqlı tərəf kimi, qiymətlərə öz təsirini göstərir. OPEC-in balanslaşdırma siyasəti və Yaxın Şərqdə gedən proseslər qiymət artımının əsas faktorlarıdır. Hələ qiymətlər kəskin ucuzlaşanda da iqtisadçılar deyirdi ki, bu, neftin real dəyərindən dəfələrlə aşağıdır. Bütün proqnozlar onu göstərir ki, bir barrelin qiyməti 70 dollar ətrafında müəyyənləşməlidir. Yəni gələn il də bu tendensiya davam də bilər”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər