• cümə, 29 Mart, 17:31
  • Baku Bakı 14°C

Neftin qiymətində tarazlığı qorumaq üçün hasilat azaldılmalıdır

12.11.18 19:20 553
Neftin qiymətində tarazlığı qorumaq üçün hasilat azaldılmalıdır
Bu günlərdə BƏƏ-nin energetika naziri Süheyl əl-Məzrui monitorinq komitəsinin iclasının yekunu əsasında keçirilən mətbuat konfransında deyib ki, OPEC+ 2019-cu ildə neft hasilatını artırmayacaq. "Biz OPEC+ ölkələri ilə danışıqları hələ davam etdiririk. Ancaq mütləq deyə bilərəm ki, 2019-cu ildə yeni strategiyamızda hasilatı artırmayacağıq”, - nazir deyib.
Bəs görəsən bu qərar neft bazarına necə təsir edəcək? Qərarın fonunda neftin qiymətləri hansı intervalda dəyişəcək?
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, hal-hazırda qlobal neft bazarında əlavə neft həcmləri var: "Bunun qarşılığında dünyanın 28-dən yuxarı dövlətinin kommersiya ehtiyatlarında proqnozlardan əlavə artımlar müşahidə olunur. OPEC-in hal-hazırda gündəlik hasilat həcmi 33 milyon barreli keçib. Bu bizə 2016-cı ili xatırladır. Aydın məsələdir ki, OPEC-in dekabrdakı toplantısında hasilatı bir milyon barrelədək azaltmaq məsələsi müzakirə olunacaq. OPEC və OPEC+ ölkələrinin hazırda iki seçimi var. Tərəflər ya hasilatı indiki səviyyədə saxlamaq və müştəri bazarlarının əldə tutmaqla qiymətləri aşağı endirməli, ya da hasilat həcmlərini azaltmaqla müştəri bazarlarının bir hissəsini əldən verməlidirlər. İndiki halda ikinci şərt daha məqbul hesab olunur. Amma istənilən halda nəticələr qeyri-qənaətbəxş olacaq. Ona görə də OPEC və qeyri-OPEC ölkələri bazarlarda qiymət dalğalanmalarının qarşısını almaq üçün bazardakı əlavə həcmləri geri çəkməlidirlər. Misal olaraq, Səudiyyə Ərəbistanı bəyan etdi ki, dekabr ayında ixracatı 500 min barel azaldacaq. Noyabr ayının ilk on günlüyündə Səudiyyə Ərəbistanının ixrac həcmləri gündəlik 7,2 milyon bareldir. Əgər gündəlik hasilat həcmi 500 min barrel azaldılsa, bazarda olan əlavə həcmlərin miqdarı aşağı düşəcək. Bu mənada OPEC-in 2018-ci ilin iyun ayında hasilatın artırılması ilə bağlı qəbul etdiyi qərar kökündən yanlış idi. Həmin vaxt tərəflər fikirləşirdi ki, noyabr ayında ABŞ-ın İrana tətbiq etdiyi ikinci sanksiya paketindən sonra İranın bütün müştəri bazarları əldən çıxacaq və bazarda əlavə həcmlərə ehtiyac yaranacaq. Amma bu, müşahidə olunmadı. Çünki ABŞ 8 dövlətə güzəştə getdi. Qərara əsasən, onlar 6 ay müddətində İranla neft ixracını davam etdirə bilər. Bu qərar bazarda qeyri-müəyyən vəziyyət yaratdı və OPEC və qeyri-OPEC ölkələrinin iyun ayında hasilatın bir milyon barel artırılması ilə bağlı qəbul etdiyi qərarın yanlış olduğunu göstərdi. Avqust ayında neftin qiymətinin sürətlə artması qısa müddətli idi. Növbəti mərhələdə qiymətlər mütləq aşağı düşməli idi. Çünki bazar iştirakçıları bazarda tələbatdan artıq neft həcmlərinin mövcud olduğunu bilirdi. Eyni zamanda, dünyanın aparıcı dövlətlərinin kommersiya ehtiyatlarında neft həcmləri durmadan artırdı. Əgər qarşıdakı aylarda OPEC və qeyri-OPEC ölkələri bazarın tələbatına uyğun addım atacaqsa, qiymətlərdə sabitlik yaranacaq. Əgər bu olmazsa, qiymətlərdə artıb-azalma tendensiyası davam edəcək. Hazırda ilin sonuncu rübündəyik. Gələn ilin ilk rübünə qədər neftə olan tələbat yüksək olmayacaq. Çünki ilin əvvəlində bütün dövlətlər öz enerji balansını təsdiq edir, neft hasilatı ilə bağlı müqavilələr yenilənir. Bu müqavilələrin həyata keçirilməsi üçün kifayət qədər vaxt lazımdır. Hesab edirəm ki, gələn ilin ilk 3 ayında ənənəvi olaraq neftə olan tələbat aşağı olacaq. Bu fonda neftin qiymətinin tarazlığını qorumaq üçün OPEC və qeyri-OPEC ölkələri hasilat rəqəmini aşağı salmalıdır”.
İqtisadçı-alim Vüqar Bayramov bildirdi ki, son günlərdə neftin qiymətinin aşağı düşməsi bazar iştirakçılarında müəyyən narahatlıqlara səbəb olub: "Səudiyyə Ərəbistanının dekabr ayında gündəlik hasilat həcmini 500 min barelədək azaltması da məhz bununla bağlıdır. Bu, Səudiyyə Ərəbistanının bazardakı qiymətləri tənzimləməyə çalışdığını göstərir. Çünki qiymətlərdə balansın qorunub saxlanması OPEC üçün çox önəmlidir. Amma bu tarazlığın saxlanılmasında OPEC-in mövqeyi ilə yanaşı, digər faktorlar da rol oynayır. Çünki ABŞ və Kanadanın şist neft istehsalı qiymətlərə birbaşa təsir edir. ABŞ şist neft istehsalı ilə dünyada ən böyük neft istehsal edən ölkəyə çevrilib. Bu mənada Rusiya və Səudiyyə Ərəbistanı ilə müqayisədə ABŞ daha çox neft hasil edir. Ona görə də OPEC hazırda artan istehsalı balanslaşdırmağa çalışır. 2019-cu ildə neftin qiymətlərinə gəldikdə isə, proqnozlar onu göstərir ki, gələn il üçün kəskin qiymət artımları olmayacaq. Çünki böyük qiymət artımları dünya iqtisadiyyatında yeni böhranın yaranmasına səbəb ola bilər. Bu isə istehsalçı və istehlakçı ölkələr üçün arzuolunan deyil. Bazar iştirakçıları neftin dünya bazarındakı qiymətinin 80 dollarda qorunub saxlanılmasına çalışır. Amma qiymətlərin 60-65 dollaradək düşmə ehtimalı da nəzərə alınmalıdır. Xüsusilə Çində neftə olan tələbin aşağı düşməsi fonunda əgər ABŞ da daxil olmaqla digər ölkələrdə neft hasilatı artarsa, qiymətlər aşağı düşə bilər. OPEC-in hasilatın azaldılması ilə bağlı qərar qəbul edəcəyi təqdirdə, 2019-cu ildə kəskin qiymət artımları proqnoz edilmir. Hasilatçı ölkələr üçün indiki vəziyyətdə 65 dollar da məqbul rəqəm hesab olunur. Dünyanın aparıcı neft şirkəti olan BP-nin rəhbəri də 65 dolların onlar üçün məqbul olduğunu söyləyir. OPEC üçün isə məqbul qiymət 70 dollardır. Qurum qiymətlərin 80 dollara qədər qalxmasında maraqlıdır. Əgər siyasi gərginlik olmazsa və İrana qarşı sanksiyalar 8 ölkəyə aid edilməzsə, həmçinin Venesueladakı böhran daha da dərinləşməzsə, 2019-cu ildə orta qiymətin 70 dollar ətrafında dəyişəcəyi proqnoz edilir. Amma neft elə bir məhsuldur ki, onun qiymətinə siyasi amillər də təsir göstərir. Qeyd etdiyim proqnozlar mövcud şərtlərə aiddir. Əgər siyasi arenada dəyişiklik baş verərsə, qiymətlərdə artım və azalma qaçılmazdır”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər