• şənbə, 20 Aprel, 08:51
  • Baku Bakı 14°C

Neftin qiymətində sıçrayışlı dəyişiklik gözlənilmir

16.03.18 10:30 716
Neftin qiymətində sıçrayışlı dəyişiklik gözlənilmir
Ötən həftə ABŞ-ın Hyuston şəhərində keçirilən "CERAWeek" forumu çərçivəsində Neft İxrac Edən Ölkələri Birliyi (OPEC) üzvlərinin neft nazirləri və digər qlobal neft hasilatçısı şirkətlərinin rəhbərləri arasında görüş keçirilib. Neft qiymətlərini tarazlaşdırmaq məqsədilə keçirilən bu görüşdə istənilən nəticə əldə olunmayıb. İranın neft naziri Bijan Namdar Zangene "The Wall Street Journal” qəzetinə verdiyi açıqlamada görüşün nəticəsiz qaldığını bildirib. O qeyd edib ki, ABŞ-da şist neft sektoru minlərlə şirkətdən ibarətdir. Bu baxımdan praktik olaraq razılaşma əldə etmək mümkün deyil.

Neftin dünya bazarındakı qiymətinə ABŞ-ın böyük təsiri aydın məsələdir. Bu baxımdan, OPEC-lə ABŞ arasında hər hansı bir razılaşma bazarda müsbət dəyişikliklərə səbəb ola bilərdi. Amma görüşün nəticəsiz qalması müxtəlif suallar yaradır. Görəsən bu amil neftin dünya bazarındakı qiymətinə necə təsir göstərəcək? Ciddi sıçrayışlar mümkündürmü?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspertİlham Şaban"Kaspi”yə açıqlamasında bildirdi ki, qiymətlərdə enmələr ola bilər: "Neftin həftəlik qiymətlərinə baxsaq, onun 65 dollar ətrafında var-gəl etdiyini görə bilərik. Hələlik qiymətlərdə ciddi bir dəyişiklik yoxdur. Ötən həftənin sonunda qiymət 65 dollardan bir qədər yuxarı qalxması isə Amerikada neft ehtiyatları ilə bağlı açıqlanan hesablama ilə əlaqədar idi. İndi yeni həftə başlayıb. Yaxın 3 gün ərzində Amerikanın neft administrasiyasının həftəlik proqnozları və ekspertlərin verdiyi məlumatlar açıqlanacaq. Məhz bu proqnozlara əsasən, bazarda müəyyən mülahizələr irəli sürülür. Cümə axşamı hesabatlar açıqlanandan sonra isə qiymətlərdə korrektələr edilir. Açıqlanan hesabatda ehtiyatlar azalırsa, qiymət artır. Düzdür, qiymət dəyişmələri böyük intervalda olmasa da, müəyyən təsir göstərir. İl başlayandan bəri neftin qiyməti ümumilikdə orta hesabla 65-70 dollar dəhlizində olub. Növbəti dövrlər üçün də qiymətlərdə böyük sıçrayışlar gözlənilmir. Enmə proqnozu daha çoxdur. Bunun isə özlüyündə üç səbəbi var. İlk növbədə Amerikada neft hasilatı getdikcə artır. Digər tərəfdən, aprel ayının üçüncü ongünlüyündə artıq 2018-ci il ilə bağlı verilən iqtisadi proqnozların özünü nə qədər doğrultması və ilkin nəticələri açıqlanacaq. Neftə olan tələbat məhz bu nəticələrə görə korrektə ediləcək. Əgər dünyada olan əsas enerji istehlakçılarının iqtisadi artım tempi proqnozdan geri qalarsa, azalmaya olan meyl bir qədər sürətlənəcək”.

Ekspert bildirdi ki, əgər həm Avropa, həm ABŞ-da proqnoz göstəriciləri yaxın olarsa, onda enerjiyə olan tələbat da artacaq: "Nəticə etibarı ilə ötən ilin sonunda neftin qiymətinin cari il üçün 56-57 dollar olacağı proqnoz edilirdi. İndi isə qiymətlər 60 dollardan yuxarıdır. Düzdür, bəzi təsirlər qiymətlərin 60-dan aşağı düşməsinə şərait yarada bilər. Amma istənilən halda, brent markalı neftin ötən il üçün qiyməti 54 dollar idi və bu baxımdan cari göstərici kifayət qədər yüksəkdir. Əvvəl 50-55 dollar dəhlizi Vyana sazişinin tərəfdarları üçün ədalətli bir rəqəm idi. Daha sonra qiymətlərin 55-60 dollara qədər qalxması tərəfləri arxayınlaşdırdı. İndi hətta qiymətlərin 65-70 dollar olması belə, onları qane etmir. Ona görə də bəzi ölkələr daha çox qazanc əldə etməyə meyllidir”.

İqtisadçı-alim Vüqar Bayramov deyir ki, ABŞ neftin qiymətinə təsir imkanlarını praktiki olaraq qoruyub saxlayır: "Nəzərə alsaq ki, ABŞ dünyada ən çox neft hasil edən 3 ölkədən biridir və eyni zamanda xam neftlə yanaşı, şist nefti də istehsal edir. Bu da onun bütövlükdə neft bazarına təsir imkanlarını daha da artırır. ABŞ həm də dünyanın ən böyük neft idxal edən ölkələrindəndir. Ona görə də OPEC-lə ABŞ arasında anlaşmanın əldə edilməsi neft bazarının gələcəyi və neftin dünya bazar qiymətindəki stabilliyinin qorunub saxlanılması baxımından vacibdir. Bu gün neft bazarında tarazlığın əldə olunmasına baxmayaraq, anlaşmanın əldə olunmaması və gələn son açıqlamalar və eyni zamanda, ABŞ-la digər inkişaf etmiş ölkələr arasında olan ticarət müharibəsi bu tarazlığı poza bilər. Neftin hazırkı qiyməti həssasdır. Bu isə onun istənilən vaxt aşağı düşmə ehtimalını daha da artırır. Yaxın gələcəkdə qiymətlərin mövcud interval arasında dəyişəcəyi gözlənilir. Çünki hazırda neftə olan tələb yüksəkdir. OPEC hasilatı tənzimləndiyinə görə qiymətlərdə kəskin enmələr gözlənilmir. Amma əgər ABŞ tərəfindən siyasi addımlar atılarsa, ucuzlaşma qaçılmaz olacaq. Tələb və təklifi nəzərə alarsaq, bu azalmalar 50 dollara qədər ola bilər. Amma bütün hallarda OPEC-in mövqeyi çox önəmlidir. ABŞ-da və Kanadada şist neft hasilatının necə dəyişməsi də proseslərə ciddi təsir göstərəcək”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər