• cümə, 19 Aprel, 03:26
  • Baku Bakı 18°C

Neftin qiyməti sabitləşir, yoxsa...

22.01.19 09:00 641
Neftin qiyməti sabitləşir, yoxsa...
Neftin dünya qiymətləri OPEC+ ölkələrinin hasilatı azaltması və ABŞ buruqlarında fəallığa dair statistikanın gözləntiləri fonunda təqribən3 faizartıb.

Cümə günü Bakı vaxtı ilə saat 23.11-ə olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının mart fyuçerslərinin dəyəri2,47 faizartaraq bir barelə görə,62,69 dollartəşkil edib.

Kəskin enmələrdən sonra qiymətlərdə yavaş-yavaş artım və stabillik tendensiyası müşahidə olunur. Bəs görəsən qiymət artımı nə qədər davam də bilər? Ümumiyyətlə, qiymətlərdə stabilləşmə proqnozlaşdırılırmı?
İqtisadçı-alim Vüqar Bayramovun fikrincə, hazırda neftin dünya bazarında qiymət artımının üç səbəbi var: "İlk növbədə qeyd edim ki, OPEC-in gündəlik hasilatın 1,2 milyon barel azaldılması ilə bağlı qərarı praktiki olaraq tətbiq edilməkdədir. Dekabr ayı və yanvarın ilk iki həftəsi ərzində OPEC tərəfindən dünya bazarına çıxarılan neftin həcmində azalma müşahidə olunur. Bu da öz növbəsində dünya bazarındakı qiymətlərə ciddi təsir edir. Digər bir səbəb isə Çinlə ABŞ arasındakı "ticarət müharibəsi”nin xeyli dərəcədə səngiməsi ilə bağlıdır. "Böyük iyirmilik” ölkələrinin Argentinada keçirilən sammitində ABŞ və Çin arasındakı "ticarət müharibələri” ilə bağlı ilkin yol xəritəsi razılaşdırıldı. Ötən həftə Çinin verdiyi açıqlamalar da öz növbəsində "ticarət müharibəsi”nin xeyli dərəcədə səngiməsindən xəbər verir. Çinin neftə olan tələbatı və iqtisadi böyüməsi qiyməti müəyyənləşdirən əsas faktorlardan biridir. Başqa bir səbəb isə yanvar ayında ABŞ-ın neft hasilat edən quyularında sayın azalmasının müşahidə olunması ilə bağlıdır. Şist neft hasilatının həcmi qiymətlərə müəyyən qədər təsir göstərir. Nəticədə dünya bazarında neftin qiyməti yavaş-yavaş artır”.

İqtisadçı bildirdi ki, neftin qiyməti ilə bağlı proqnozlar 65 dollar hədəfini göstərir: "Amma qeyd etmək lazımdır ki, neftin qiymətinə iqtisadi amillərlə yanaşı, siyasi faktorlar da kifayət qədər təsir göstərir. Hətta deyərdim ki, siyasi səbəblər neftin dünya bazarındakı qiymətinə daha çox təsir göstərir. Bütövlükdə götürdükdə, qlobal iqtisadi artım səviyyəsi və digər amilləri nəzərə alsaq, 2019-cu ildə neftin qiymətində kəskin artımlar gözlənilmir. OPEC və BP şirkəti də qiymətlərin 60-65 dollar intervalında olmasında maraqlıdır. Növbəti mərhələdə qiymətlərdə müəyyən qədər stabilləşmə ola bilər. Cari rübdə istehsalçı və istehlakçı ölkələrin əsas məqsədi qiymətlərin 65 dollar ətrafında stabilləşməsinə nail olmaqdır. Düzdür, Səudiyyə Ərəbistanı daha böyük qiymətlərə ümid edir. OPEC+ ölkələr arasında Rusiyanın verdiyi açıqlamalar və ABŞ-ın mövqeyi bu qiyməti daha məqbul hesab edir. Bu mənada da birinci rübdə bu qiymət ABŞ-dan başqa bütün tərəflərə sərf edir. Birləşmiş Ştatlar üçün qiymətlərin 60 dollardan aşağı olması daha cəlbedicidir. İstənilən halda, OPEC-in hasilatı azaltması ilə bağlı qərarı birbaşa təklifə təsir göstərdiyi üçün qiymətlərin 65 dollar olmasını daha real edir”.
"Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şabansöylədi ki, qiymət artımın əsas səbəblərindən biri ABŞ-la Çin arasında ticarət danışıqlarına dair xəbərlərin yayılması və bu "ticarət müharibəsi”nin nisbətən yumşaldılması ilə bağlıdır: "Bu proseslərin fonunda treyderlər iki ölkə arasında, o cümlədən digər dövlətlərdə iqtisadi aktivliyin artmasını gözləyir. Bu isə enerjiyə olan tələbatı bir qədər yüksəldir. Nəticədə qiymətlərdə artım tendensiyası müşahidə olunur. Həmçinin, həftənin ortasında ABŞ-ın həftəlik hesabatı açıqlanacaq. Bu hesabatın, dərc olunduqdan sonra bazara necə təsir edəcəyi bəlli deyil. Bu mənada, qiymətlər 62 dollardan yuxarı qalxa və ya enə bilər. Ümumiyyətlə götürdükdə, proqnozlara görə, qiymətlərin cari il üçün 60-80 dollar arasında dəyişəcəyi gözlənilir”.
Enerji məsələləri üzər ekspert Zəfər Vəliyev bizimlə söhbətində bəzi məqamlara toxundu: "Qiymətlərin artımına təsir edən əsas səbəblərdən biri Vyana sazişi ilə bağlıdır. Artıq iki həftəyə yaxındır ki, ABŞ-da qazma aktivliyi aşağı düşüb. Yəni qurğuların sayı get-gedə azalır. Belə ki, qurğuların sayı 20 ədəd azalaraq 853 olub. Bu isə onu deməyə əsas verir ki, ABŞ-da şist neft hasil edən şirkətlərin, indiki qiymətlər fonunda hasilat həcmlərini genişləndirmək imkanları məhduddur. Başqa bir səbəb isə Çinin 2018-ci ildə neft idxalı ilə bağlı açıqladığı statistik göstəricilərdir. Bu səbəblər qiymətlərin artmasına ciddi təsir göstərir. Burada digər spekulyativ amillər də var. Bu mənada neftin növbəti aylar üçün qiymətinə dair proqnoz vermək xeyli çətinləşib. Aparıcı enerji şirkətləri, OPEC və beynəlxalq enerji agentliklərinin verdiyi proqnozlar bir müddətdən sonra öz doğruluq payını təsdiq etmir. Ona görə də, qiymətlərlə bağlı hər hansı bir proqnoz vermək çətin məsələdir. Əgər qiymətlərdəki artımlar bu həftə ərzində davam edəcəksə, adekvat olaraq ABŞ qazma aktivliyini yüksəldəcək və öz hasilatını yenidən artıracaq. Əgər bu, baş verərsə, qiymətlərin yenidən azalacağı qaçılmazdır. Bazarda tələbatdan artıq neft həcmləri mövcud olarsa, qiymətlər yenidən aşağı düşəcək. Yox, əgər tarazlıq bərqərar olarsa, qiymətlər stabilləşəcək. Əsas məsələ isə pakta imza atan hasilatçı ölkələrin bazarda tarazlığın bərqərar olması üçün kəsintiləri azaltmasıdır. Onlar öz ixrac həcmlərinə diqqətlə fikir verməlidirlər. Burada söhbət qısa müddətli qiymət artımlarından getmir. Əsas məqsəd qiymət dalğalanmasının qarşısını almaq və stabilliyə nail olmaqdır. Bu şərtlərə həmin dövlətlər tərəfindən əməl edilərsə, ilin ilk 6 ayı ərzində tarazlıq davam edəcək”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər