• şənbə, 20 Aprel, 07:36
  • Baku Bakı 14°C

Neftin qiyməti qalxacaq?

30.09.16 11:49 1620
Neftin qiyməti qalxacaq?
Əlcəzairdə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və olmayan ölkələrin toplantısında neft hasilatının məhdudlaşdırılması barədə razılığa gəlinib. Fins.az xəbər verir ki, bu barədə mənbələrinə istinadən Reuters agentliyi məlumat yayıb. Məlumata görə, OPEC ölkələri neft hasilatının gündəlik 33,24 milyon barreldən 32,5 milyon barrel səviyyəsinə qədər məhdudlaşdırılması (azaldılması) barədə razılığa gəliblər.Bu qərar, neft hasilatının gündəlik 740,000 barel azaldılması anlamına gəlir. OPEC ölkələri razılığa qoşulmaq təklifi ilə digər ölkələrə müraciət etmək niyyətindədirlər. Yeni saziş noyabr ayında qüvvəyə minməlidir. Bu fonda, Brent markalı neftin qiyməti 6%-ə yaxın artaraq 48,64 dollara çatıb. Qərar hələ ictimaiyyətə rəsmən elan edilməyib. Neft hasilatının məhdudlaşdırılması barədə qərar Əlcəzairdə qapalı görüşdə qəbul olunub. OPEC son səkkiz ildə ilk dəfə istehsalı azaltmağa gedir. Beləliklə, Səudiyyə Ərəbistanı və İranın 2014-ci ildən bu yana davam etdirilən "istədiyin qədər istehsal et" yanaşmasının davam edəcəyini düşünən investorlar pis vəziyyətdə qaldılar.Qeyri-rəsmi də olsa əldə olunan bu razılıq neftin qiymətinə dərhal öz müsbət təsirini göstərmiş oldu. Bəs görəsən. bu qərar rəsmi olaraq öz təsdiqini tapacaqmı? Noyabr ayında keçiriləcək Vyana görüşü nələri vəd edir?

İqtisadçı ekspert Pərviz Heydərovunfikrincə, qərar qəbul olunsa belə, onun icrası yalnız gələn ildən həyata keçirilə bilər: "Hasilatın dondurulması və yaxud azaldılması haqda söhbətlər bununla bir neçənci dəfədir ki, dövriyyəyə buraxılır. Ancaq məlum olduğu kimi, hələ ki real heç bir addım atılmayıb və müvafiq qərar qəbul olunmayıb. Bu dəfə isə məsələ nisbətən real görünür. Lakin qərar qəbul edilmiş olsa belə, bunun icrası gələn ildən tez baş tutmayacaq. Çünki burada razılaşdırılası bir çox məqamlar var. Belə ki, neftin dünya bazarlarındakı bu günki qiymətlərindən hər bir hasilatçı ölkə zərər çəksə də, onların hər birinin öz iqtisadi və siyasi maraq, mənafe və məqsədləri var. Məsələn, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər elədir ki, onların ortaq məxrəcə gəlmələri heç bir halda mümkün görünmür. Bunu OPEC-in sözügedən qərarına Tehranın nümayiş etdirdiyi reaksiya da sübut edir. Odur ki, konkret nəsə fikir irəli sürmək və proqnoz vermək hələ tezdir. Digər bir məsələ isə ondan ibarətdir ki, lap tutaq ki, OPEC üzvləri nəhayət ki, yekun bir qərara, vahid bir mövqeyə gəldilər, hasilatın azalması ilə təklif məhdudlaşacaqmı? Fikrimcə yox. Çünki qiymət bahalaşan kimi, ABŞ-da şist neft hasilatı sənayesi dirçələcək. Artıq orada bunun ilkin simptomları nəzərə çarpmaqdadır. Belə ki, bir ara qiymətlər üzü aşağı doğru gedərkən, ABŞ-da aktiv neft quyularının sayı sürətlə azalırdı. Amma neçə müddətdir dünya bazarlarında neftin 1 barelinin qiyməti 40-45 dollar ətrafındadır. Və ABŞ-da aktiv neft quyularının sayının azalması prosesi də dayanıb”.

İqtisadçının fikrincə, hələlik söhbət bazara olan psixoloji təzyiqlərdən gedir və hasilatla bağlı qəbul edilən heç bir qərar qiymətlərə ciddi təsir göstərə bilməyəcək: "Ümumiyyətlə, qiymətlər 50 dollardan yuxarı qalxarsa, neft hasilatı genişlənəcək. Bu isə təklifin daralmasının qarşısını alacaq. Bundan əlavə, unutmaq lazım deyil ki, neftin dünya bazar qiymətlərinə təsir etmək üçün ABŞ-ın əlində başqa alət də var. Bu da dolların kursudur. Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini artırsa, dollar möhkəmlənəcək. Bu isə avtomotik olaraq neftin qiymətini aşağı salacaq. Təsadüfi deyil ki, hər dəfə neft hasilatçısı olan ölkələr bir yerə yığışıb hasilatı aşağı salmaq və yaxud da dondurmaq haqda bu və ya digər müzakirələr aparmaq istəyərkən, Canet Yellen (FED-in rəhbəri – red.) dərhal uçot dərəcəsinin artırılacağı haqda çıxışlar edir. Ona görə də mənim fikrim belədir ki, neft bazarında hələlik yalnız psixoloji təsirlərdən söhbət gedə bilər. Real olaraq, hasilatla bağlı heç bir qərar qiymətlərə ciddi şəkildə təsir etməyəcək”.
"Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban deyir ki, OPEC hasilatın azaldılması ilə bağlı yekun qərarını və ölkələr üzrə yeni kvotaların bölüşdürülməsi cədvəlini cari il noyabrın 30-da Vyanada keçiriləcək rəsmi sessiyasında təsdiqləməlidir: "Qərar isə gələn ilin əvvəlindən qüvvəyə minməlidir. Əlcəzairdə əldə edilən razılaşma əslində bazarın bu müddətdə "qızdırılması" üçün atılan yaxşı bir addımdır. Qarşıdakı iki ay birjalara təsiredici amil kimi OPEC ölkələrinin aparıcı neft hasilatçılarının kvotalarını nə qədər aşağı salması ilə bağlı müzakirələrə sərf olunacaq və hər bir yeni açıqlanan rəqəm neft qiymətlərinin artıb-azalması və sonra korreksiyası ilə müşahidə olunacaq”.

İ.Şaban deyir ki, bundan ən çox qazanc götürən treyderlər olacaq: "Çünki bazarda dəyişkənlik amplitudası nə qədər yüksək olarsa, bir o qədər çox qazanca ümid etmək olar. Bir sözlə, neft bazarı qızışma dövrü ərəfəsindədir, ancaq bu qızışmanın məqsədi hələ ki 50 dollar baryerini aşmaq və mövqeləri bu diapazonda bərkitməkdir. 55 həddi bu günün prizmasından baxanda, horizontda tutqun havadakı yanıb-sönən mayaka bənzəyir. Çünki 2017-ci il üçün dünya iqtisadiyyatının real vəziyyəti ilə bağlı mənzərə heç də ürəkaçan proqnozlarla ifadə olunmur”.

Ekspert qeyd etdi ki, Əlcəzair görüşündə əldə olunan razılaşma artıq həm Səudiyyə Ərəbistanı, həm də İranın OPEC ölkəsi olaraq bu razılaşmanın tərkib hissəsi kimi çıxış etməsi deməkdir: "Yəni hər iki tərəf kvotanın azaldılmasında iştirak edəcək. Noyabr ayının 9-da OPEC ölkələrinin Vyana görüşündə 2017-ci ildən hər bir ölkənin hansı kvota ilə neft hasil edəcəyi bəlli olacaq. Bu razılaşma müsbət istiqamətdə olduğuna görə, bazara da pozitiv siqnallar göndərmiş oldu. Nəticədə bir gün ərzində neftin qiyməti 46 dollardan 48.5-49 dollara qədər qalxdı. Əks təqdirdə, belə bir artımdan söhbət gedə bilməzdi.
Qərarın rəsmi olaraq öz təsdiqini tapması və reallaşması zamana bağlı olan bir şeydir. İlin sonuna kimi müxtəlif bəyanatlar səsləndiriləcək. Bazar iştirakçılarının əsas marağı kvotanın azalmasında hansı ölkəyə nə qədər payın düşməsi məsələsidir. Mühüm məqamlardan biri də kvotanın azalmasında əsas yükü hansı ölkənin öz üzərinə götürməsidir. Bundan başqa, bəzi ölkələr götürdüyü öhdəlikdən də boyun qaçıra bilərlər ki,bu kimi amillər mütəmadi olaraq mətbuatda yayıldıqca, bazarda qiymətlər artıb-azalacaq. Ancaq əsas məsələ odur ki, gələn il hasilat haqqında hesabatdakı rəqəmlər reallıqla üst-üstə düşməsə, neftin qiyməti ucuzlaşa bilər”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər