• cümə, 29 Mart, 01:49
  • Baku Bakı 7°C

Neft niyə ucuzlaşır?

04.05.17 10:30 1183
Neft niyə ucuzlaşır?
Ötən ilin noyabrında Vyana konqresində OPEK-ə üzv ölkələr neft hasilatını 1,2 milyon barrel azaltmaqla bağlı razılığa gəldilər. Uzun müzakirələrdən sonra əldə edilən bu razılıq, öz növbəsində neftin qiymətində müəyyən qədər artıma gətirib çıxardı.
Bu ilin birinci rübündə neftin qiymətində 56 dollara qədər müşahidə olunan artım, artıq azalmaqdadır. Dünya bazarında "AzəriLayt” markalı neftin bir barreli 53,04 dollara satılır. Qeyd edək ki, "Layt” markalı neftin bir barreli 48,62, "Brent” markalı neftin bir barrelinin qiyməti isə 51,36 dollar olub. Bəs neftin qiymətinin azalmasını şərtləndirən amillər hansılardır? Növbəti dövr üçün daha da azalma, yoxsa artım gözlənilir?
Mövzuyla bağlı qəzetimizə açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerjiməsələləri üzrə ekspertİlham Şaban bildirdi ki, bu ucuzlaşmanın olması gözlənilən idi: "Aprel ayının orta qiymətini mart, fevral və yanvarla müqayisə etsək, təbii ki, azalmanı müşahidə edəcəyik. Amma digər tərəfdən bu gözlənilən idi. Çünki ötən ilin 30 noyabrında OPEK-ə üzv ölkələrin neft hasilatının 1,2 milyon barrel azaldılması ilə bağlı qəbul etdiyi qərar və dekabrın 10-da qeyri OPEK ölkələrinin 558 min barrel neft hasilatının azaldılması ilə bağlı razılaşması bazar üçün kifayət qədər pozitiv siqnallar idi. Həmin qərar bu ilin yanvarından qüvvəyə minəcəkdi, amma buna baxmayaraq, artıq gözlətmədən dekabr ayından neftin qiyməti 50 dolları keçdi.Qeyd edim ki, noyabr ayında neftin orta qiyməti 44 dollar idi. Bu ilin birinci rübü ərzində "Brent” markalı neftin orta qiyməti 54,5 dollar oldu. Bu da ötən ilin birinci rübü ilə müqayisədə böyük artım idi. Bazar iştirakçıları bunu çox yüksək əhval-ruhiyyə ilə qarşıladılar. Ancaq analitiklər daim qeyd edirdilər ki, bazara verilən bu şans maksimum 3 ay çəkəcək. O enerji bazarın qızışdırılması üçün idi. Sonradan sönəcəkdi. O enerji davamlı olmalıydı ki, qiymət həmin 55-60 dollar arasındakı dəhlizdə saxlanılsın. Artıq martın 5-dən sonra neftin qiyməti 55-dən aşağı doğru hərəkət etməyə başladı”.
İ.Şaban deyir ki, indi müəyyən qiymət artımlarının olması üçün neft bazarı pozitiv siqnallar gözləyir: "Aprel ayında hətta neftin qiyməti 51 dollara qədər azalmışdı. Pozitiv siqnallar gəlmədikcə, neftin qiyməti azalmaqda davam edəcək. İndi 52 dollar ətrafında bərqərar olub. Ancaq bu 52 dollar ətrafında bərqərar olması da onunla əlaqədardır ki, müəyyən pozitiv siqnallar var. Bu isə onunla əlaqədardır ki, mayın 25-də OPEK-in Vyana konfransında hasilatın yenidən azaldılmasıyla bağlı qərarlar qəbul edilə bilər. Bu, qəti gələcək zamanda deyil, amma belə siqnallar gəlir. Bu, bazarda neftin qiymətinin 50 dollardan aşağı düşməsinin, yaxud 50-yə doğru irəliləməsinin hələ ki qarşısını alır”.
Ekspertin sözlərinə görə, OPEK-ə üzv olmayan ölkələrin hasilatı artırması qiymətin düşməsinə səbəb olur: "Qeyri OPEK ölkələrində neft hasilatı artır. Ən yüksək artım ABŞ-dadır. Gündəlik hasilat aprel ayının yekunlarına görə artıq 9 milyon 227 min barrelə çatıb. Ancaq faktiki olaraq ilin əvvəlindən bu, 270 min artımdır. Oktyabr ayına qədər Amerikada gündəlik hasilatın 9,4 milyon barrel olacağı proqnoz edilir. Bu da şist neft quyularının açılaraq yenidən istifadə edilməsi ilə əlaqədardır. Bundan əlavə, Qazaxıstanda hasilat getdikcə artır. Eləcə də Rusiya OPEK qarşısında hasilatın 300 min barrel azaldılması öhdəliyinin həyata keçirildiyini qeyd edir. Amma bunun hamısı oktyabr göstəricisi ilə bağlıydı. 2016-cı illə bağlı reallıq onu göstərir ki, hasilat 2017-ci ildə artacaq. O cümlədən də İran hasilatı artıracaq”.
OPEK-ə üzv ölkələrin hasilatı azaltmaqla bağlı yenidən razılığa gəlməsi mümkündürmü? Çünki ötən dəfə bu razılıq çox çətinliklə əldə olunmuşdu. İ.Şaban deyir ki, həmin razılıq ölkələr üçün xeyirli olub. Bu yenidən hasilatın azaldılması ilə bağlı qərar verərkən önəmli faktordur: "Hasilatı 1,2 milyon azaltmalarına baxmayaraq, noyabr ayındakı göstəricilərlə müqayisədə təqribən 20 faizə yaxın neftin qiyməti artdı. Nəticə etibarilə həmin ölkələrin gəlirləri artdı”.
Ekspert deyir ki, OPEK-ə üzv ölkələr qeyd etdikləri kimi, hasilatı azaltsalar, ədalətli qiymət 55-60 dəhlizidir. Bugünkü hasilat çərçivəsində neftin qiymətini ondan yuxarı qaldırmaq faktiki olaraq mümkün deyil: "Çünki buna bir çox amillər təsir edir. Biz görürük ki, birinci rüb ərzində Çin kimi enerjiyə böyük tələbatı olan bir ölkədə son 5 ildə ən yüksək iqtisadi aktivlik müşahidə olundu. 6,9 faiz ÜDM artımı olub. Ancaq bu, aprelin ikinci ongünlüyündə açıqlandı. Bazara isə hər hansı müsbət istiqamətdə təsir etmədi, əvəzində neftin qiyməti aşağı düşməyə başladı. O cümlədən Amerikada, Avropada artım oldu. O ölkələrdə, o iqtisadi zonalarda ki, onlar böyük həcmdə neftin istehlakçılarıdırlar. Əvvəllər statistikadakı hər 0,1 faiz artım o saat neftin birjalarda sıçrayışla qiymətinin artımına təsir edirdi. Biz bu gün bunu görmürüksə, bu o deməkdir ki, artıq bazar kifayət qədər neftlə zəngindir. Bu il üçün ortalama qiymət hələ ki 52 dollar proqnoz edilir. Bu, ötən ilki ilə müqayisədə pis rəqəm deyil. Faktiki olaraq 50 dollar dünyanı qane edəcək orta qiymətdir”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər