AZE | RUS | ENG |

Neftin qiyməti Doha görüşünün nəticələrindən asılı olacaq

Neftin qiyməti Doha görüşünün nəticələrindən asılı olacaq
Bazar ertəsindən qiymətlərdə nəzərəçarpacaq dəyişikliklər ola bilər


Rusiya və Səudiyyə Ərəbistanının nümayəndələri neft hasilatının həcminin dondurulmasına dair konsensusa nail olublar. APA- nın xəbərinə görə, bunu “İnterfaks”a diplomatik mənbə bildirib. “Səudiyyə Ərəbistanı və Rusiya nümayəndələri arasında baş tutan görüş zamanı tərəflər arasında neft hasilatının dondurulmasına dair konsensus əldə olunub”, - deyə mənbə qeyd edib. Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanı ilk dəfə olaraq İranın iştirakı olmadan neft hasilatının dondurulmasına razılıq verib. Bundan əvvəl Səudiyyə Ərəbistanı İranın neft hasilatının dondurulması sazişinə qoşulmaq istəmədiyini əsas gətirərək sövdələşməyə hazır olmadığını bildirirdi. Qeyd edək ki, İran neft hasilatının həcmini əvvəlki səviyyəyə (sanksiyalar tətbiq olunandan əvvəlki) çatdıranadək neft hasilatının dondurulması sazişinə qoşulmaq niyyətində olmadığını bildirib.
Bütün bunların fonunda dünya bazarında neftin qiyməti yenidən bahalaşmağa başlayıb. Bəs ümumilikdə bu proseslər yaxın gələcəkdə neftin qiyməti ilə bağlı hansı proqnozları vəd edir?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd etdi ki, qiymətlərdəki artım aprelin 17-də keçiriləcək Doha görüşünün hazırlıqları ilə bağlıdır: “Görüş ərəfəsində tərəflər, əsasən də Səudiyyə Ərəbistan vurğulayıb ki, hasilatın dondurulması təklifini dəstəkləyir və bu məsələni İrana məhəl qoymadan həll etməyə razıdır. İran 2012-ci ildən izolyasiyadadır. Nəticədə bir milyon bareldən artıq hasilatını bazardan çıxarmışdı və onun yerini Səudiyyə Ərəbistanı tutmuşdu. Məhz buna görə iki ölkə arasındakı münasibətlərdə gərginlik müşahidə olunur. İndi İran rəsmiləri qeyd edirlər ki, görüşdə o şərtlə iştirak edəcəklər ki, bazardakı mövqelərini bərpa etmədən hasilatı dondurmaq öhdəliyi götürülməsin. Səudiyyə Ərəbistanı tərəfi də bildirirdi ki, əgər İran tərəfi ipə-sapa yatmasa, biz də öz fikirlərimizdə və addımlarımızda buna uyğun korrektə edəcəyik”.
İ.Şaban bildirdi ki, artıq Səudiyyə Ərəbistan və Rusiya öz niyyətlərini açıq şəkildə ifadə etmiş oldular: “Belə görünür ki, hər iki ölkə bundan sonra da neftin qiymətinin daha da artması üçün ortaq məxrəcə gəlmək niyyətini ortaya qoyur. Baxmayaraq ki, Səudiyyə Ərəbistanı rəsmi olaraq açıqlamır, Moskva onun dilindən mesaj göndərir ki, Ər-Riyad Doha görüşündə İranın mövqeyini nəzərə almadan öz addımlarını atacaq”.

Ekspert bildirdi ki, Azərbaycan tərəfi məsələ ilə bağlı öz niyyətini hələ ötən ilin sonlarından açıq şəkildə bəlli edib: “Faktiki olaraq hökumətimiz 2016-cı ilin büdcəsi təsdiqlənən zaman neft hasilatının 2015-ci ilə nisbətən bir milyon ton aşağı düşəcəyini göstərib. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan böyük neft ölkəsi deyil. Sadəcə olaraq biz Doha görüşünə qatılmaqla göstəririk ki, neftin qiymətinin aşağı düşməsində maraqlı deyilik və qiymətin ədalətli dəhlizə doğru irəliləməsini istəyirik. Energetika naziri Natiq Əliyev də bir dəfə belə bir fikir işlətdi ki, biz sadəcə, kimin yanında olduğumuzu göstərmək üçün əlimizdən gələni edirik. Azərbaycan neftin qiymətinin artmasında maraqlıdır. Buna görə də Doha görüşünə qatılırıq. Biz bu gün gündəlik 700 min barel neft çıxarırıq. Dünya bazarında isə 95 milyon barelə kimi neft var”.

İ.Şaban əlavə etdi ki, son zamanlar neftin qiymətində müşahidə edilən 5 faizlik artım, əsasən Rusiya və Səudiyyə Ərəbistanı arasında olan razılığın mətbuata çıxması ilə bağlıdır. Əgər Doha görüşündə bazar iştirakçıları kulminasiya nöqtəsinə çatıb ümumi nəticəyə gələ bilməsələr, təbii ki, bu, görüşdən dərhal sonra bazara neqativ təsir edəcək. Əgər görüşdə ümumi fikrə gəlmək mümkün olsa, onda gələn həftədən neftin qiymətində yenidən artım müşahidə edə bilərik”.

İqtisadçı-ekspert Pərviz Heydərov da razılaşır ki, neftin yaxın perspektivdəki qiyməti Dohada keçiriləcək görüşündə əldə olunacaq nəticələrdən asılı olacaq: “Real vəziyyət belədir ki, sözügedən görüşdə iri neft hasilatçısı olan ölkələrin hasilatı bu ilin yanvar ayında olan səviyyədə saxlanmaq haqda razılığa gələcəyi gözlənilir. Bu ehtimalı yaradan səbəb isə cari ilin fevral ayının 16-da Dohada Qətər, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela arasında keçirilən görüş zamanı sözügedən ölkələr aralarında gəlinən ilkin razılıq olub. Hansı ki, həmin razılığa əsasən, neft hasilatını bu ilin yanvar ayındakı səviyyədə dondurmaqla bağlı təklif irəli sürülmüş və digər neft ölkələri də bu təklifə qoşulmağa dəvət olunmuşdular.

Ekspert bildirdi ki, Doha görüşündə tərəflərin yekdil qərara gələ bilməyəcəyi görüntüsü var: “OPEC-ə həm üzv, həm də üzv olmayan sayca 15 ölkə arasında bazar günü keçiriləcək görüşdə çətin ki, ümumi və yekdil qərara gəlinsin. Çünki ABŞ-da şist hasilatı ilə əlaqədar Səudiyyə Ərəbistanı xeyli bazar itirib. İran da sanksiyaların ləğvindən sonrakı dövrdə bazarda mövqeyini bərkitmək uğrunda çalışır. Bununla belə, məlum olduğu kimi hazırda qiymətlər qalxır. Çünki istər-istəməz ucuzlaşmanın da, bahalaşmanın da bir həddi var. Mənim fikrimcə, cari ildə neftin qiyməti orta hesabla 45-48 dollar arasında olacaq. Ola bilsin ki, müəyyən aylarda 30 dollara qədər ensin. Lakin bütövlükdə 2016-cı il ərzində neftin qiyməti 40 dollardan yuxarı olacaq”.

Şəbnəm Mehdizadə

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8726
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1163
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7042
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2908