• cümə axşamı, 28 mart, 18:17
  • Baku Bakı 13°C

Neftin qiyməti 50 dollar ətrafında dəyişəcək

08.06.17 11:00 1561
Neftin qiyməti 50 dollar ətrafında dəyişəcək
Son günlər ərəb ölkələri arasında yaşanan siyasi gərginlik birjalara da təsirsiz ötüşməyib. Belə ki, bir neçə gündür ki, qiymətlərdə müəyyən azalmalar müşahidə olunur. Rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiyini elan edən ərəb ölkələri arasında müşahidə edilən ikili mövqe OPEC daxilində də münaqişələrə yol açıb. Bəs görəsən bu gərginlik Vyana sammitində əldə olunan razılaşmaya necə təsir göstərəcək? Tərəflər arasındakı hazırkı vəziyyət hasilatın azaldılmasına dair yekdil qərara və neftin bazar qiymətinə necə təsir göstərəcək?

"Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban deyir ki, ərəb ölkələri arasındakı siyasi gərginlik hələlik neftin qiymətinə bir o qədər də ciddi təsir göstərməyib: "Dünən qiymətlərdə 49 dollaradək aşağı enmə tendensiyası müşahidə edilsə də, sonradan korektə edildi. İyunun 7-dən başlayaraq, qiymətlər yenidən 50 dollardan yuxarıdır. Bu günlərdə neftin qiymətinə təsir edəcək olan əsas amil Amerikada neft ehtiyatlarının həcminin açıqlanması olacaq. Yəni Amerikadakı neft ehtiyatlarının bazara təsiri digər siyasi səbəblərdən daha üstündür. Siyasi münaqişələr və bu əsasda olan digər faktların da təbii ki, birjalara təsiri var. Amma bu təsirlər keçici, yəni qısamüddətli hesab olunur. Yəni siyasi gərginliyin qiymətlərə müəyyən müddətlik təsiri sonradan korrektə nəticəsində əvvəlki mövqelərinə qaytarılır. Son günlər OPEC ölkələrinin iki yerə ayrılması fikri ilə razı deyiləm. Çünki hələlik OPEC ölkələrinin sırf neft məsələsi ilə bağlı Qətərə yönəlik və yaxud da onun neft gəlirlərindən beynəlxalq terrorizmdən istifadə məsələsi ilə bağlı kəskin mövqe nümayiş etdirməyiblər. Ona görə də hesab etmirəm ki, tərəflər arasında ikiyə bölünmə var. Sadəcə olaraq burada məsələ ondan ibarətdir ki, ərəb dünyasında söz sahibi olan Səudiyyə Ərəbistanı və onun ətrafında olan ölkələr uzun müddətdir ki, neftin qiymətinin yüksəlməsindən sonra öz vəsaitini xarici kapitala yönəldib. Tərəflərin əsas məqsədi və məsələnin məğzi hər şeyi əvvəlki məcrasına qaytarmaq cəhdidir. Lakin Qətər Səudiyyə Ərəbistanının liderliyini və onun təsiri altında olan ərəb ölkələrini qəbul etmək istəmir. Qiymətlərin əvvəlki intervalda olduğu kimi yəni təqribən 50-52 dollar arasında dəyişəcəyi proqnoz edilir. Hətta 50 dollardan aşağı düşmək ehtimalı da istisna edilmir. Çünki London birjasında neftin bir barreli 50 dollardan aşağı qiymətə satılır ki, bu da mövsümü xarakter daşıyır. Ola bilsin ki, payızda qiymətlərdə yenidən artım müşahidə olunsun. Ümumilikdə götürdükdə yaxın gələcəkdə qiymətlər 50 dollar ətrafında var-gəl edəcək”.
İqtisadçı alim Vüqar Bayramovda hesab edir ki, ölkələr arasında yaşanan gərginlik təşkilat üzvləri arasında ikili mövqe yaradıb: "Brent markalı neftin qiyməti 50 dollardan aşağı düşüb. Qiymətlərin aşağı düşməsinə əsas səbəb ərəb ölkələri arasında olan gərginliyin OPEC-in hasilatın azaldılmasına dair qərarın yerinə yetirilib-yetirilməsi ilə bağlı risklər yaratmasıdır. Çünki OPEC-ə üzv olan ölkələr Qətərlə diplomatik əlaqələri kəsib və belə demək olarsa təşkilat daxilində bir növ ikitirəlik formalaşıb. Bu isə hasilatın azaldılması ilə bağlı öhdəliklərə əməl edilməsi və eləcə də bu öhdəliklərin nə dərəcədə yerinə yetirilməsi ilə bağlı aparılan monitorinqin imkanlarını xeyli məhdudlaşdırır. Çünki diplomatik olaraq bir-birini tanımayan ölkələrin hansısa qurum daxilində hansısa öhdəliyi yerinə yetirməsi praktik olaraq mümkün hesab edilmir. Ona görə də hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi riski qiymətlərə təsir göstərir və azalmalar müşahidə edilir. Ölkələr arasındakı gərginlik həmçinin gələcəkdə OPEC-in daha böyük hasilat azaltmalarına getməsinə də imkan verməyəcək. Çünki praktik olaraq bu ölkələr bir araya gələrək hansısa müzakirə aparmalarında çətinlik çəkəcəklər. Düzdür, əvvəllər də OPEC ölkələri arasında belə gərginliklər olub. Amma bu dəfə nəzərə almaq lazımdır ki, kifayət qədər aparıcı ölkələr arasındakı gərginlikdən söhbət gedir. Qətər adambaşına düşən ümumdaxili məhsulun həcminə görə dünyada birincidir. Eyni zamanda, digər aparıcı fiqurlardan biri olan İran və ən böyük hasilatçı olan Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin Qətər məsələsindən sonra daha da gərginləşəcəyi gözlənilir. Bu münasibətlərin gərginləşməsi isə öz fonunda bazara mənfi təsir göstərəcək. İndi qiymətlərdə azalmalar müşahidə edilir. Əgər gələcəkdə diplomatik əlaqələr bu səviyyədə qalarsa, o zaman neftin dünya bazarı qiymətində yaxın vaxtlar üçün artım gözlənilmir. Əksinə, güman olunur ki, qiymətlərdə müəyyən azalmalar baş versin”.

İqtisadçı öhdəliklərin hansı səviyyədə yerinə yetirilməsinin qiymətlərin intervalında mühüm rol oynayacağını vurğuladı: "Əgər siyasi gərginlik Yaxın Şərqdə və körfəzdə hər hansı bir qarşıdurmaya və müharibəyə gətirib çıxararsa, bu zaman qiymətlərdə artım ola bilər. Lakin belə olan təqdirdə neftin bazara çıxarılmasında müəyyən çətinliklər ola bilər. Amma bu hal çox az ehtimal olunan versiyadır. Daha çox siyasi gərginliyin qalacağı və bu gərginliyin fonunda qiymətlərin müəyyən intervalda dəyişəcəyi ehtimal olunur. Bu hadisələr həm də neft ölkələri üçün mesaj kimi qiymətləndirilə bilər ki, yəni yaxın müddət ərzində qiymətlərdə ciddi artım gözlənilmir. Düşünürəm ki, OPEC-in siyasi baxımdan parçalanması gələcəkdə üzv ölkələrin yekdilliklə daha böyük hasilat azalmalarına getməsinə imkan verməyəcək. Belə olan təqdirdə isə qiymətlərin azalma ehtimalı da artır. İndiki vəziyyətdə qiymətlərin hansı səviyyədə düşməsini proqnozlaşdırmaq çox çətindir. Bu, bazara çıxarılan neftin həcmindən asılı olacaq. Təşkilata üzv ölkələr qəbul edilən ümumi qərara əməl edərlərsə, qiymətlər indiki intervalda qalacaq. Əgər bu qərara əməl edilməzsə və tərəflər öhdəlikdən imtina edərlərsə, qiymətlərin 40 dollaradək aşağı düşməsi gözlənilir”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər