• cümə axşamı, 28 mart, 18:39
  • Baku Bakı 13°C

Neftin dalğalanan qiyməti

23.02.19 09:30 1536
Neftin dalğalanan qiyməti
Son günlər neftin qiymətində yenə də artım tempi müşahidə olunur. Belə ki, Brent markalı neft 1% bahalaşma ilə67,10 dollar olub. ABŞ xam nefti isə 1,4% bahalaşaraq57,28dollara qalxıb. ABŞ-ın qabaqcıl investisiya banklarından "Goldman Sachs” 2019-2020-ci illərdə "Brent” markalı xam neftin bir barrelinin qiymətinin 60-65 dollar arasında dəyişəcəyi qənaətindədir. Banka görə, cari ilin ortalarında neft məhsulları ehtiyatlarının azalması fonunda "Brent”in qiymətinin 67,50 dollar/barrel səviyyəsinə çatacağı gözlənilir.
Bəs görəsən bazardakı qiymət artımlarının səbəbi nədir? Uzun müddət davam edən dalğalanmadan sonra qiymətdə sabitləşmə özlənilirmi?
İqtisadçı-alim Vüqar Bayramovdeyir ki, neftin qiymətindəki artımlar əsasən iki faktorla bağlıdır: "Əsas səbəb ABŞ-la Çin arasında ticarət müharibəsinin dayandırılması ilə bağlı yayılan müsbət məlumatlardır. Güman olunur ki, tərəflər növbəti ay razılıq əldə edə biləcəklər. Bu da nəticə etibarı ilə bazara təsir göstərir və qiymətlərin artmasına gətirib çıxarır. Ticarət müharibəsi ilə bağlı məlumatlar birbaşa neft bazarına təsir göstərdi və nəticədə qiymət artımları ilə müşahidə olunmağa başladı. Digər səbəb Venesuelaya tətbiq edilən sanksiyalardır. OPEC-in hasilatın azaldılması ilə bağlı qərarı da öz növbəsində qiymətləri artıran faktorlardandır. Adətən, tərəflərin hasilatın azaldılması ilə bağlı öhdəliyə nə dərəcədə əməl edib-etməyəcəyi fevralın sonunda bəlli olur. Bu mənada ötən həftə yayılan açıqlamalara əsasən, öhdəliyə tam olaraq əməl olunduğu bildirilir. Bu da təbii olaraq bazarda qiymət artımına səbəb oldu. Yaxın müddət ərzində kəskin qiymət artımı proqnoz edilmir. BP şirkəti də qiymətlərin 65 dollar ətrafında dəyişəcəyi ilə bağlı proqnozları məqbul qiymətləndirir. Güman olunur ki, qiymətlər mövcud intervallar arasında stabilləşəcək. Yaxın müddət ərzində xüsusi fors-major halları müşahidə edilməzsə, 2019-cu il ərzində qiymətin 65 dollar ətrafında stabilləşəcəyini düşünürəm”.
"Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şabanqeyd etdi ki, qiymətlər hal-hazırda 67 dollar həddini keçməkdədir və bunun əsas səbəblərindən biri OPEC-in açıqladığı hesabatla bağlıdır: "Fevral ayının 12-də açıqlanan hesabatlardan sonra qiymətlər yüksəlməyə başladı. Qiymətləri artıran başqa bir səbəb isə ABŞ administrasiyasının həftəlik hesabatı ilə bağlıdır. Hesabata görə, ABŞ-ın həftəlik neft ehtiyatları azalan istiqamətdədir və bunun nəticəsində bazarda neftin qiymət artımı müşahidə olunur. Əslində qiymət dəyişmələrinə təsir edən müxtəlif səbəblər var. Amma hələlik bazarda izafi neft həcmləri aradan götürülməkdədir. Bununla bağlı müsbət fikirlər səsləndirilir. OPEC-in mart ayındakı hesabatında da bu, öz əksini taparsa, qiymətlər 65-70 dollar həddinə çata bilər. İlin birinci yarısında qiymətlər 60-65 həddi arasında bərqərar olacaq. Cari ilin ikinci yarısında isə qiymətlər müəyyən faktorlardan asılı olaraq dəyişə bilər. Hasilat artımı, qoyulan kvotalara əməl edilməməsi kimi amillər qiymətləri aşağı sala bilər”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev də qiymət artımlarının bir neçə səbəbi olduğunu söylədi: "Qlobal neft bazarlarında "qara qızıl”ın bahalaşmasının əsas səbəbi İran və Venesuelaya tətbiq edilən sanksiyalarla bağlıdır. Digər bir səbəb isə hasilatçı ölkələrin Vyana sazişinin şərtlərinə əməl etməsidir. Hazırda Venesuelaya tətbiq olunan sanksiya onun ixrac imkanlarını tam olaraq məhdudlaşdırıb. İrana tətbiq olunan sanksiyalar çərçivəsində də bazara lazımi həcmdə neft tədarük edilmir. Bu iki amil yüngül və ağır neft balansını pozmaqdadır. İndi həm Asiya, həm də Avropa bazarlarında neftə olan tələbat artmaqdadır. Buna görə də, qiymətlərdə sıçrayış müşahidə olunur. Artım dinamikasının başqa bir səbəbi isə ABŞ-la Çin arasında ticarət müqaviləsi haqda səsləndirilən müsbət informasiyalardır. Əgər bu, baş verərsə, ticarət dövriyyəsində artım tendensiyası müşahidə ediləcək. Bütün bu amillər ümumilikdə qiymətləri bahalaşdırır. Amma qiymətlərdəki bu sıçrayış uzun müddət davam edə bilməz. Çünki gələn ay ABŞ sutkalıq neft hasilatını artıracaq. Açıqlanan son statistikaya əsasən, ABŞ-ın sutkalıq neft hasilatı 12 milyon barrel həddindədir. Mart ayında yenidən sutkalıq neft hasilatı 84 min barrel artacaq. Bu da öz növbəsində bazarı təhdid altına alır. Neftin qiymətinin 60-65 dollar arasında dəyişməsi bütün tərəflər üçün məqbul hesab edilir. Çünki bu aralıq, hasilatçı dövlətlərinin və neft şirkətlərinin maraqlarına xidmət edir. Həm OPEC, həm də OPEC-dən kənar ölkələr qiymət dalğalanmasının qarşısının alınmasında maraqlıdırlar. Çünki qeyri-stabil qiymətlər həm hasilata, həm də alğı-satqı məsələlərinə ciddi zərbə vurur. Potensial neft ölkələri bazarda tarazlığın bərqərar olunmasına çalışır. Bunun üçün isə ilk növbədə tələb-təklif strukturunda sabitlik formalaşmalıdır. Əgər buna nail olunmazsa, qiymətlər kəskin olaraq arta, yaxud azala bilər. Ona görə də, bazarlar düzgün formada tənzimlənməlidir. Neft və neft məhsulları bazarında tələbatdan artıq neft həcmlərinin qarşısı alınmalıdır. Yalnız bu halda qiymətlər stabilləşə bilər”.
Şəbnəm
banner

Oxşar Xəbərlər