“Neftçi”nin prezidenti oyunçuları danlayıb

“Neftçi”nin prezidenti oyunçuları danlayıb

İdman
27 Sentyabr 2012, 17:47 1571
“Neftçi” klubunun müdafiəçisi Mahir Şükürov Qol.Az saytının suallarını cavablandırıb:

- Premyer Liqanın altıncı turunda səfərdə gözlənilmədən “Sumqayıt”a 2:3 hesabı ilə uduzdunuz. Məğlubiyyətin səbəbini nədə görürsən?

- “Neftçi” Serbiyadan “Partizan”la ağır oyundan qayıtmışdı. Digər tərəfdən, stadionun vəziyyəti yaxşı deyildi. Meydanda qaçdıqca ayağımızda ağırlıq, yorğunluq hiss edirdik. Bir az oynadıqdan sonra demək olar ki, ayaqlarımda tutulma baş verdi. Birdə ki, həmin qarşılaşmada daha çox hücum edən, real qol vəziyyətləri yaradan tərəf biz idik. Sadəcə, top qapıdan keçmək istəmirdi.

- Bəlkə arxayınçılığa görə uduzdunuz?

- Heç bir arxayınçılıqdan söhbət gedə bilməz. Biz hamımız peşəkar futbolçularıq. Sadəcə iki cəbhədə mübarizə aparmağımız bir az çətinlik yaratdı. Uzaq səfər, həyəcan istər-istəməz öz təsirini göstərir. Lakin inanıram ki, bu bir daha təkrarlanmayacaq.

- Qapınıza vurulan iki qol sənin mövqeyindən keçid zamanı baş verdi.

- Yenə deyirəm, həmin gün məndə çox yorğunluq vardı. Oyunumuz istədiyim kimi alınmırdı. Səhvə gəlincə, hər kəs səhv edə bilər. Ümumilikdə, komandanın oyunu alınmadı. Ona görə də səhv təkcə mənim deyil, hər kəsin idi. Lakin indi hətta gecə saat 3:00-də yuxudan oyanıb, “Sumqayıt”ı udarıq.

- “Neftçi” rəhbərliyi bu məğlubiyyətə görə məşqçilər korpusu və futbolçulardan çox narazı idi. Hətta klubun saytı oyunçuların cəzalandırıldığı haqda xəbər də yayıb.

- Bu məğlubiyyət “Neftçi”nin prezidenti Sadıq Sadıqovu çox məyus etdi. O, bizi möhkəm danladı da. Bunu etməyə onun haqq çatır. Çünki belə çıxış etməməliydik. Lakin sonradan bizə dəstək olaraq, “Sumqayıt”la oyunu unudub irlidəki qarşılaşmaya daha yaxşı köklənməyimizi istədi. Öz dəstəyini göstərdi.

- Bu turda komandanız “İnter”lə qarşılaşmalı idi. Amma Azərbaycandakı qızlar arasında dünya çempionatına görə oyun təxirə salındı.

- Təəssüf ki, belə alındı. Bütün fikrimizi bu oyuna yönəltmişdik. Azarkeşlərimizi və klub rəhbərliyimizi sevindirmək istəyirdik.