AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Neftçi”dən “Qarabağ”a və hakimlərə növbəti etiraz gəldi

“Neftçi”dən “Qarabağ”a və hakimlərə növbəti etiraz gəldi

İdman
08 Aprel 2013, 17:02 1224
“Neftçi” “Qarabağ”a hansı münasibəti göstərir, göz qabağındadır. Oyun keçirilən stadionun Avropanın ən yaxşı meydanlarından biri olduğunu yəqin ki, bütün Azərbaycan gördü. Ölkə futbolunu Avropada layiqli təmsil edən “Neftçi” ilə Azərbaycanın ən yaxşı komandalarından olan “Qarabağ”ın oyunu maraqla gözlənilirdi. Bu komandalar ölkəmizdə ən baxımlı oyun sərgiləyənlərdəndir.

Oyundan sonra da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da bildirdi ki, ölkənin ən güclü komandasına qalib gəldik. Bu, bir daha “Neftçi”nin gücündən xəbər verir”. Bu sözləri Qol.Az saytının müxbirlə söhbətində “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov Topaz Premyer Liqanın 25-ci turunda “Neftçi” – “Qarabağ” oyunundan (1:2) sonra yaranmış qalmaqallar haqqında danışarkən deyib.

O bildirib ki, matçın baş hakimi Rəhim Həsənov bu iki komandanın oyun səviyyəsinə uyğun gəlməyib nəticəyə təsir edən səhvə yol verib: “Hakim azarkeşlərin daha maraqlı oyun izləməsinə imkan vermədi. Fikrimiz qətidir ki, hakim oyunun nəticəsinə təsir edən səhvlərə yol verdi. Biz heç vaxt hakimlərlə bağlı ciddi irad bildirməmişik. Çünki öz oyunumuzu oynayırıq. Bu turda məğlub olduğumuza baxmayaraq, yenə də birinci yerdəyik. Sadəcə, bunu ona görə vurğulayırıq ki, gələn oyunlarda hakimlər belə səhvlər etməməlidir və “Neftçi”yə qarşı bu kampaniyaya son qoyulmalıdır”.

T.Süleymanov “Qarabağ”ın direktoru Əmrah Çəlikəlin Qol.Az saytına verdiyi son müsahibəyə də münasibət bildirib: “Əmrah Çəlikəlin sizin sayta verdiyi müsahibəni oxudum. Özü də bildirir ki, “Neftçi” rəhbərliyi “Qarabağ”ı çox yüksək səviyyədə qarşılayıb. Amma oyun ərzində rəqib komanda azarkeşlərindən yersiz şüarlar eşidirdik. Biz heç Quzanlıdakı oyunlarda belə halla üzləşməmişdik. Oradakı oyunlarda həmişə “Qarabağ” azarkeşlərindən hörmət görmüşük”.

T.Süleymanov “Qarabağ”ın direktoru Əmrah Çəlikəlin “Neftçi” “Qarabağ”ın uğuruna kölgə salır” fikrinə də münasibət bildirib: Əmrah Çəlikəl “Qarabağ”ın oyunlarını Quzanlıda keçirməməklə özü komandaya kölgə salır. Bu barədə düşünsələr, daha yaxşı olar. Bizim hələ “Qarabağ”la üç oyunumuz var: ikisi kubok, biri çempionat oyunu. İnşallah, aprelin 17-də “Qarabağ”la öz meydanımızda oyunumuz var. Yəqin ki, Əmrah Çəlikəl həmin oyunda “Neftçi”nin hansı səviyyədə olduğunun əyani şahidi olacaq. Biz heç bir kluba imkan vermərik ki, “Neftçi”ni ittiham etsin. “Qarabağ”ın “Azərsun”un komandasına çevrilməsini onlara yaraşdırmıram”.

Klub rəsmisi “Nefçi”nin baş məşqçisi Böyükağa Hacıyevin oyundan sonra mətbuat konfransında “Belə oyunla “Qarabağ”a təbrik düşmür” sözlərinə də münasibət bildirib: “Böyükağa müəllim “Qarabağ”a qarşı belə fikir səsləndirmək istəməyib. O, hakimlərin qərarlarına etirazını bildirib. Biz həmişə “Qarabağ”a hörmətlə yanaşmışıq. Komandanın oyununa heç bir sözümüz yoxdur. Bizim etirazımız oyunda baş verən hakim qərəzinədir. Necə olur ki, “İnter”lə oyunda adi epizodda Rəşad Sadiqova ikinci sarı vərəqə verilir. Amma bu oyunda Əfran İsmayılov, Qara Qarayev, Riçard Almeyda ikinci sarı vərəqə ilə meydandan çıxarılmalı idilər. Böyükağa müəllimin də fikri bu yönümdə olub. Bunu başqa səmtə yönəltmək lazım deyil. Oyun başlayan kimi rəqib futbolçu Flavinyoya qarşı çox kobud oynamasına baxmayaraq, hakimin buna göz yummasını görəndə biz bildik ki, hakim istənilən hərəkətə yol verəcək ki, “Neftçi”nin qarşısını kəssin. Çox təəssüf ki, protokolda “Qarabağ” azarkeşlərinin oyunun əvvəlindən sonuna qədər meydana kənar əşyaların atması hakim tərəfindən qeyd olunmayıb. Halbuki “Neftçi” azarkeşlərinn belə hərəkətləri protokolda qeyd edilib. Bu, hakimin oyundan sonra da öz əməllərindən əl çəkməməsini göstərir. Hər kəs bilsin ki, son üç ildə Azərbaycan futbolunun flaqmanı “Neftçi”nin qarşısını kimsə ala bilməz. Tam əminliklə sizə bildirirəm ki, çempionatın sonunda “Neftçi”nin üçüncü çümpionluğunu bütün Azərbaycan görəcək”.

Qalmaqallı matçın baş hakimi Rəhim Həsənov isə apasport.az saytına açıqlamasında özünü müdafiə edib: “Böyükağa Hacıyevin hakim idarəçiliyindən narazı qalmasını anlaya bilmirəm. Onun fikirləri ilə razı deyiləm və verdiyim qərarların düz olduğuna inanıram”. Gənc və yeni FİFA referimiz olan R,Həsənovun idarəçiliyi “Neftçi” rəsmilərinin, eləcə də baş məşqçi Böyükağa Hacıyevin etirazına səbəb olub. 35-ci dəqiqədə paraqvaylı Erik Ramosun “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Reynaldo Silvaya qarşı kobudluğa görə təyin olunan penalti zərbəsi və digər epizodlarda “Neftçi”nin əleyhinə olan qərarlar Hacıyevin xoşuna gəlməyib. Bu üzdən çalışdırıcı mətbuat konfransında “Qarabağ”ın belə qələbəyə layiq olmadığını bildirib.

Ancaq R.Həsənov “Neftçi” rəsmilərinin iradları ilə razılaşmır. O, konkret Böyükağa Hacıyevin etirazlarına belə cavab verib: “İnsan gərək əvvəl futbolu bilsin, sonra danışsın. Hamının qarşısında alnıaçığam. “Neftçi”yə qarşı verdiyim qərarlarda özümü günahkar saymıram. Həmin epizodda penalti vardı. Oyunçu “Qarabağ”ın futbolçusunu tutub, saxlayıb. Bu, mənim 5 metrliyimdə baş verib. 50 metr aralıda olsaydı, deyərdim ki, səhv görmüşəm. Ancaq düz gözümün qarşısında olan epizoda görə necə səhv qərar verə bilərəm ki? Futbolu bilmədən boşuna danışmaq kiməsə başucalığı gətirmir. Əksinə, belə açıqlamalar futbolumuzu geriyə aparır”.

Yeri gəlmişkən, ikinci yarıda “Qarabağ”ın nigeriyalı hücumçusu Emeka Oparanın fərqləndiyi epizodda oyundankənar vəziyyət qeydə alındı. Ancaq təkrara baxdıqda belə olmadığı görünür. Bununla belə, R.Həsənov bu epizodda köməkçisinin tərəfini saxladı: “Başqa rakursdan baxdıqda ötürmə verilən futbolçunun Mahir Şükürovdan irəlidə olduğu görünür. Bu üzdən hesab edirəm ki, qərarımız səhv deyildi”.