“Neftçi”dən antirekord

“Neftçi”dən antirekord

İdman
25 Sentyabr 2012, 11:18 1113
Son 2 mövsümün Azərbaycan çempionu “Neftçi” Topaz Premyer Liqasının cari mövsümündə ilk 4 qarşılaşmada 5 dəfə məyus olub. Lent.az-ın məlumatına görə, bunadək “Qarabağ” və “Xəzər Lənkəran” klublarının hərəsindən 1 qol buraxan bakılılar “Sumqayıt”a 2:3 hesabı ilə uduzub.
Bununla da çempionun startdakı 4 matçda buraxdığı topların sayı 5-ə çatıb. Bu isə “Neftçi”nin tarixində ən pis göstəricidir. “Ağ-qaralar” 1993 və 2006/2007-ci il mövsümlərində də ilk 4 qarşılaşmada 5 dəfə qola məyus olmuşdu.
Startdakı 4 oyunda 2 məğlubiyyət alan “Neftçi” ölkə çempionatları tarixində 5-ci dəfə mövsümə belə başlayıb. Paytaxt təmsilçisi 1998/1999, 2006/2007, 2008/2009 və çempion olduğu ötən - 2011/2012 mövsümündə də ilk 4 oyundan 2-də xalsız qalmışdı.
Bu oyun həm də mövsümün 2-ci avtoqolu ilə əlamətdar olub. “Sumqayıt”ın futbolçusu Xəyal Mustafayev “Neftçi” ilə oyunda öz qapısına qol vurub. Bunadək “Qarabağ”ın albaniyalı müdafiəçisi Admir Teli uğursuzluq yaşamışdı. O, “İnter”lə oyunda avtoqol müəllifi olmuşdu. Mustafayev isə Azərbaycan çempionatları tarixində “Neftçi”ilə oyunda avtoqol edən 13-cü futbolçu olub. Bakılılar indiyədək hamıdan çox – 13 dəfə rəqiblərin avtoqoluna sevinib.