AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Neftçi“ transfer etdiyi futbolçuyla vidalaşdı?

“Neftçi“ transfer etdiyi futbolçuyla vidalaşdı?

İdman
28 Mart 2013, 11:21 1481
“Neftçi” yeni transferlərindən biri ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” cəmi 2 ay əvvəl heyətinə qatdığı Conni Leoni ilə vidalaşıblar.

Buna səbəb isveçrəli əlcək sahibinin zədəli olmağıdır. Hətta Leoninin xroniki zədəsi olması ehtimal edilir. Bu üzdən qolkiper vətəninə yola salınıb. Artıq futbolçu özünə yeni klub axtarışına çıxıb.

Əsas qapıçı Saşa Stamenkoviçlə rəqabət aparmaq üçün transfer olunan Leoni elə ilk gündən bunun öhdəsindən gəlmək iqtidarında olmamağı ilə diqqət çəkib. “Neftçi”də olduğu müddətdə debüt etməyə imkan tapmayan isveçrəli klubu oynamadan tərk edib.

Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Gündüz Abbaszadə isə apasport.az saytına açıqlamasında qapıçının komandadan getdiyini təkzib edib.

O, legionerin həqiqətən də komandanın düşərgəsində olmadığını təsdiqləsə də, geri qayıdacağını bildirib: “Leoni hazırda komandanın düşərgəsində deyil və məşqlərə qatılmır. Bunun səbəbi onun şəxsi problemləri üzündən vətəninə yollanmasıdır. Conni icazə alaraq, komandanı tərk edib. Artıq bu gün geri qayıdacaq. Onun zədələnməsi isə həqiqətəuyğun deyil”.