• şənbə, 20 Aprel, 13:29
  • Baku Bakı 23°C

“Neftçi” “Bneyi Yehuda” klubu ilə qarşılaşacaq

02.08.19 09:15 9063
“Neftçi” “Bneyi Yehuda” klubu ilə qarşılaşacaq
Avqustun 1-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakının "Neftçi” klubu Rusiyanın "Arsenal” (Tula) komandasını məğlub edib.
AZƏRTACxəbər verir ki, "Bakcell Arena”da keçirilən görüşdə Azərbaycan təmsilçisinin heyətində ilk onbirlikdə Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Emin Mahmudov, Dario Frederiko, Rauf Əliyev, Kirilo Petrov, Ömər Buludov, Stiven Jozef-Monroz, Mamadu Kane və Soni Mustivar yer alıblar.
Rusiya komandasının heyətində isə Mixail Levaşov, Maksim Belyayev, Giya Qriqalava, Kirill Kombarov, Sergey Tkaçyov, Qoran Çauşiç, Viktor Alvares, Daniil Lesovoy, İqor Qorbatenko, Yevgeni Lutsenko və Georgi Kostadinov meydana çıxıblar.
Maltadan olan hakimlər briqadasının idarə etdiyi oyunun birinci hissəsində hesab açılmayıb.
İkinci hissəyə daha fəal başlayan "Neftçi” matçın 49-cu dəqiqəsində istəyinə nail olub. Rauf Əliyev baxımlı qolla komandasını hesabda önə çıxarıb. Əllə oyuna görə "Arsenal”ın qapısına təyin olunmuş on bir metrlik cərimə zərbəsini Dario Frederiko dəqiq yerinə yetirib. Üstün oyun nümayiş etdirən "Neftçi” ikinci hissəyə əlavə olunmuş vaxtda növbəti dəfə fərqlənib. Matçda Rauf Əliyevi əvəzləyən Mamadu Mboj üçüncü topu rəqib qapısından keçirib və bu, oyunda vurulan sonuncu qol olub.
Beləliklə, görüş "Neftçi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında Tulada keçirilən ilk oyunda "Neftçi” 1:0 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsinə görə, "Neftçi” komandası UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib. Növbəti mərhələdə komandamızın rəqibi İsrail təmsilçisi "Bneyi Yehuda Təl-Əviv” olacaq. Bu mərhələnin oyunları avqustun 8-də və 15-də keçiriləcək.
Qeyd edək ki, "Neftçi” birinci mərhələdə Moldovanın "Speranta” komandasını mübarizədən kənarlaşdırıb.

banner

Oxşar Xəbərlər