• çərşənbə, 24 Aprel, 12:04
  • Baku Bakı 27°C

Neftçalada işgüzar forum keçirilib

30.10.14 16:45 1441
Neftçalada işgüzar forum keçirilib
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Neftçala rayonunun Xıllı kəndində keçirib. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Neftçala və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib. 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Neftçala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, fermer mağazalarının, çörək, plastik qapı-pəncərə və üzlük daş istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9025 investisiya layihəsinin maliyyələşdirilməsinə 402,8 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, ət, süd, meyvə-tərəvəz emalı, quşçuluq fabrikləri, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və sair sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 32 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Neftçala və ətraf rayonlardan olan 51 sahibkara 2,8 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, çörək istehsalı və sair sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4611 sahibkara 248,6 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Forum çərçivəsində Neftçala rayonunun Həsənabad qəsəbəsində güzəştli kredit ayrılmış şüşə istehsalı müəssisəsinin və Salyan rayonunun Çuxanlı kəndində quşçuluq təsərrüfatının fəaliyyətinə baxış keçirilib.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər