• cümə axşamı, 25 aprel, 18:58
  • Baku Bakı 21°C

“Neft və milyonlar səltənətində” – 100

21.05.15 07:47 4842
“Neft və milyonlar səltənətində” – 100
Azərbaycan torpağı dünyanın qədim yaşayış məskənlərindən biridir. Ölkəmizin, onun paytaxtı Bakının adına müxtəlif dövrlərə aid mənbələrdə tez-tez rast gəlirik. Bakı dünyanın neft mənbəyi kimi bütün dövrlərdə tanınmışdır. 1871-ci ildə Balaxanıda quyuların mexaniki üsulla qazılmasından sonra, dünyanın müxtəlif ölkələrindən bu şəhərə iri kapital sahibləri, sənətkarlar, ayrı-ayrı peşə sahibləri, adi fəhlələr axışıb gəlirdi.
XIX əsrin 70-ci illərindən Bakının yüksəliş dövrü başlandı. Bakı tez bir zamanda quberniya mərkəzindən Rusiyanın irimiqyaslı neft sənayesi mərkəzinə çevrildi. XX əsrin ilk onilliyində, Azərbaycan sovetləşməzdən beş il əvvəl belçikalı sahibkarlar – Pirone qardaşları Bakıda 1915-ci ildə kirayə kontorunu açıb, kino istehsalını təşkil etdilər.
Bakının mərkəzində, Birja küçəsindəki (indiki Ü.Hacıbəyli küçəsi) 3 saylı yaraşıqlı binada onların “Filma” Səhmdar Cəmiyyəti yerləşirdi. Filmlərə quruluş vermək üçün Peterburqdan rejissor Baris Svetlov və operator Qriqori Lemberq dəvət olunmuşdular. Filmlərə ssenari yazmaq A.D.Panova – Potyomkinaya tapşırılmışdı. Onlar 1915–1918-ci illərdə bir neçə bədii film – “Neft və milyonlar səltənətində” (1915, sosial dram), “Yeni tərzdə köhnə əhvalat” (1915, satirik kinokomediya), “Arvad” (1916, məişət dramı), “Arvadlar ərlərini mənsəbə necə çatdırırlar” (1916, məişət komediyası), “Arşın mal alan” (1916, kinokomediya), “Ayaqyalın məhəbbət” (1916, kinoyumoreska), “Knyaz Dəmir Bulat” (1916, melodram), “Ölümünə bir saat qalmış” (1916, kinodram), “Bir alçalmanın tarixi” (1918, kinodram) kinolentlərini istehsal etdilər.
Bu il “Neft və milyonlar səltənətində” bədii filminin 100 yaşı tamam olur. Film neft sahibkarlarının vəsaiti hesabına çəkilmişdir. Bu iki seriyalı bədii filmin I seriyası 1916-cı il mayın 14-də, II seriyası isə həmin il mayın 27-də ekranlara buraxılmışdır.
Film Azərbaycan yazıçısı İbrahim bəy Musabəyovun eyni adlı povesti əsasında ekranlaşdırılmışdır. Sözsüz ki, “Neft və milyonlar səltənətində” bir neçə səbəbdən, o cümlədən ilk tammetrajlı Azərbaycan bədii filmi olduğuna və əsas rollardan birini (Lütfəli bəy rolunu) görkəmli aktyorumuz Hüseyn Ərəblinski ifa etdiyinə görə bizim üçün əhəmiyyətlidir.
Digər rollarda yerli və gəlmə aktyorlardan V.Lenin (Cəlil), K.Piontkovskaya (Şəfiqə), R.Lazareva (Olqa, sirkdə atçapan), Y.Muromski (Qurban), Y.Orlitskaya (Cəlilin anası), Y.İvanovski (Şəfiqənin atası), V.Vyazemski (dükançı Həsən), N.Dobrınin (həkim), Məmməd Əlili (mollaxana şagirdi), Cabbar Qaryağdıoğlu (xanəndə), Qurban Pirimov (tarzən), Məşədi Qulu (kamançaçı), Mədətov (rəqqas) və başqaları oynayırlar.
Kinorejissor M.Əlili xatirə-məqaləsində yazmışdır: “1915-ci il idi. Bir gün dostum Cəfər Cabbarlı mənə dedi: “Məmməd ağa, artist Murad Muradov mənə deyib ki, Peterburqdan kino çəkmək üçün Bakıya bir dəstə gələcək. Elə də oldu. Bakıda rejissor Boris Svetlov olmaqla kino çəkən dəstə artist M.Muradovun məsləhəti ilə istedadlı tragik Hüseyn Ərəblinskini baş rolda çəkilməyə dəvət etdi. Filmin adı “Neft və milyonlar səltənətində” idi.
Cəfər mənə dedi ki, kinonun mənzərə hissələri Bakı şəhərində, neft mədənləri isə Balaxanı kəndində çəkiləcək. Sən Balaxanıda oxumusan, o yerləri yaxşı bilirsən. Onlara çox köməyin dəyə bilər. Əminəm ki, onlar sizin də mollaxanaya gələcəklər. Çalış səni də filmə çəksinlər.
Bir neçə gündən sonra artist M.Muradov filmi çəkən rejissor B.Svetlovla bizim mollaxanaya gəldilər. Sınaq çəkilişləri üçün beş nəfər uşaq seçdilər. Artıq yaşım ötdüyü üçün Cəlilin uşaqlıq roluna yaramadım. Amma kütləvi səhnədə çəkildim. Maraqlısı odur ki, filmin çəkilişinin axırına kimi mən bir növ qeyri-rəsmi rejissor köməkçisi işlədim.
Murad Muradovun, xüsusilə Cəfərin filmi çəkən dəstəyə çox köməyi olurdu. Filmin ən inandırıcı səhnələrindən biri Bayıl tərəfdə çəkilmişdir. C.Cabbarlının məsləhəti ilə yuxarı məhəllənin arvad-uşaqlarını xalça-palaz yumaq üçün Bayıla gətirtdirirdim. O vaxtlar hələ Bakıya çəkilən Şollar suyu gəlmədiyindən əhali quyulardan istifadə edirdi və bu suyu səhənglərdə evlərə daşıyırdılar. Bu səhnələr filmdə çox inandırıcı çıxmışdı. Filmi çox qısa müddətə-dörd aya çəkib başa vurdular”.
Film ilk dəfə H.Z.Tağıyevin pasajında “Fransız elektrobioqrafı”nda (indiki Bakı Universal Mağazası) göstərilmişdir. Filmin pavilyon epizodları (“Kazino”, “Kazinoda qumar”, “Cəlilin toyu” və s.) Tiflisdə, təbiət səhnələri Bakı və Bakı ətrafında–Balaxanı, Binəqədi, Zığ və dəniz kənarında çəkilmişdir. Binəqədidəki mədəndə baş verən yanğın da filmə daxil edilmişdir.
Filmin ekranlara buraxılması ilə əlaqədar “Baku” qəzetinin 14 may 1916-cı il sayında belə bir elan dərc edilmişdi: “Bu il mayın 14-dən “Neft və milyonlar səltənətində” filminin 1-ci seriyası nümayiş etdiriləcək. Kinodram İbrahim bəy Musabəyovun romanı (əslində povesti – A.K.) əsasında çəkilib... Film tammetrajlı olduğuna görə hər axşam yalnız üç seans göstəriləcək.”
“Yeni iqbal” qəzetinin 1916-cı il 7 iyul tarixli nömrəsindəki elanda deyilir: “Elektroteatr “Edisson”un ekranında öz dostlarınızı və tanışlarınızı görəcəksiniz...”, “Müsəlman artistlərindən Hüseyn Ərəblinski cənabları və qeyriləri iştirak edəcəkdirlər”, “Görməyə təcil ediniz”, “Ancaq dörd gündür”, “Mədənlərdə vaqe olmuş böyük yanğın dəxi göstəriləcəkdir.”
Filmdə təsvir olunan yanğınla bağlı Mərdəkanlı M.Ağayev vaxtilə öz xatirəsini yazıb sənətşünas N.Sadıxova vermişdir. Xatirədə yazılmışdır: “İşdən evə təzəcə qayıtmışdım. Atı arabadan açmışdım. Qaş qaralmaq üzrə idi. Bir də gördüm ki, göyün üzündə nə isə qara ləkələr var, elə bil dumandır. Evin damına çıxdım. Çox uzaqdan qızartı gördüm. Qət etdim ki, yanğın Binəqədidədir. Atı qazalağa qoşub tələsik tərpəndim. Yolda nə isə hiss etmişdim ki, yanğın bizim mədəndədir. Yanğın yerinə çatdım, sahib də arada idi. Yanğın doğrudan da böyük idi. İşə girişdim. Mədəndə kənar adamlar çox idi. Hamı yanğını söndürməyə səy edirdi. Yanğınsöndürən arabalar bir-birini əvəz edir, adamlar torpaq dolu kisələri çox da enli olmayan taxtalar üzərindən keçirərək aparıb yanan buruğun üstünə atırdılar. Alov ətrafı yalayırdı... İsti adamın üzünə, boynuna vururdu.
Kənarda bir qrup aparatla şəkil çəkirdi. Mən belə şəkil çəkən aparat birinci dəfə idi ki, görürdüm... Yanğın söndürüləndən sonra yoldaşlardan öyrəndim ki, həmin aparatla kino çəkirlərmiş. Sonra elanlardan birində oxudum ki, “Neft və milyonlar səltənətində” filmi nümayiş etdirilir. Mən bu filmə Parapet bağının yanında Azadov və İsgəndərovun evlərinin birinci mərtəbəsində yerləşən kino zalında tamaşa etdim. Yadımdadır, kino başlanmamışdan ekranın qabağında tarzən Bala Məlikov tar çalırdı, xanəndə Ələsgər də oxuyurdu.
Film başlandı: şəhərin küçələri, tanış hadisələr, adamlar – hər şey çox maraqlı idi. Binəqədidəki yanğın və yanğınsöndürənlər də kinoya düşmüşdülər. Orada mən özümü də gördüm... Taxta körpü ilə boynumu istidən qoruyaraq gedirdim”.
Filmdəki yazılar iki dildə – Azərbaycan və rus dillərində yazılmışdı. Neft Bakısının XX əsrin əvvəllərindəki həyatı, Bakı müsəlman milyonçularının məişəti, bir parça çörək üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranı ekranda canlandırılmışdır. Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin taleyi fonunda cərəyan edir.
Təsadüf nəticəsində yoxsul və kimsəsiz Cəlilin varlı bir neft sahibkarına çevrilməsi, Lütfəli kimi pozğun və qəddar neft milyonçusu ilə dostluq etməsi onu nəinki müflisləşdirir, hətta məhv edir. Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn kasıb balasının burada özünə yer tapa bilməməsi və buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir.
Sənətşünas N.Sadıxovun tarzən Q.Pirimovla şəxsi söhbəti zamanı görkəmli musiqiçi demişdir: “Neft və milyonlar səltənətində” filmi o zaman bir çox kinoteatrlarda nümayiş etdirildi.
Filmin “Toy” və “Kazinoda şənlik” epizodlarında xanəndə Cabbar ilə mən də çəkilmişdim. Mən çalırdım, Cabbar oxuyurdu. Hüseyn Ərəblinskinin oynaması mənim çox xoşuma gəlirdi. Lütfəli bəyin par-par parıldayan faytondan düşməsi indiki kimi yadımdadır. Onun iti baxışları elə bil gözümün qabağındadır. Lütfəli bəyin obrazı Ərəblinskiyə çox yaraşırdı.”
Bu filmin bukleti M.F.Axundov adına Respublika Kitabxanasının nadir nüsxələr şöbəsində saxlanılır. Bukletdə filmin məzmunu Azərbaycan və rus dillərində yazılmış, filmdən fotoşəkillər çap olunmuşdur.
“Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında çəkilmiş filmin ikinci variantı 1980-ci ildə “Qızıl uçurum” adı ilə yenidən ekranlarda nümayiş etdirilmişdir. Bu melodramın quruluşçu rejissoru Fikrət Əliyevdir.
Bu filmdə Cəlil rolunda Əlabbas Qədirov, Lütfəli bəy rolunda Hamlet Xanızadə, Şəfiqə rolunda isə Həmidə Ömərova çəkilmişlər.
1983-cü ildə Leninqradda XIV Ümumittifaq kinofestivalında rejissor Fikrət Əliyevə uğurlu debütə görə priz verilmişdir.
Aydın Kazımzadə
banner

Oxşar Xəbərlər