• cümə, 19 Aprel, 05:32
  • Baku Bakı 18°C

Neft niyə ucuzlaşır?

09.08.19 18:50 12433
Neft niyə ucuzlaşır?
Uzun müddət dünya bazarında neftin qiymətində sabitlik müşahidə edildi və bu, neft ixrac edən ölkələrə öz müsbət təsirini göstərdi. Lakin son bir neçə gündə dünya bazarında neftin qiymətində azalmalar müşahidə edilməkdədir. Heç şübhəsiz ki, burada dünyadakı geosiyasi vəziyyətin də təsiri yox deyil. Amma məsələ ondadır ki, böyük dövlətlər arasında maraqların toqquşması, tətbiq edilən sanksiyalar əvvəllər neftin qiymətinin enməsinə səbəb olmurdu. İndi isə iqtisadi müharibələr fonunda dünya bazarlarında qiymətlərdə fərqlər müşahidə olunmaqdadır. Görəsən indiki halda dünya bazarında neftin qiymətinin aşağı düşməsi siyasi, iqtisadi, yoxsa başqa amillərlə bağlıdır?
"Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban bildirdi ki, ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasına qarşı gömrük siyasətinin sərtləşdirəcəyini bəyan edib: "Bunun nəticəsində isə 300 milyard dollarlıq Çin mallarına aksiz rüsumları tətbiq ediləcək. Ona görə də həftənin bazar ertəsindən neftin qiymətləri endi və 63 dollardan 57 dollaracan ucuzlaşma baş verdi. Çünki neft satanlar, yəni treyderlər hesab edirlər ki, rəsmi Vaşinqtonun bu addımı ilə ABŞ-la Çin arasında ticarət əlaqələri zəifləyəcək və bununla da iki super dövlət arasında olan münasibətlər digər qonşu ölkələrə təsir edəcək. Bu da dünya iqtisadiyyatının artım tempinin zəifləməsinə gətirib çıxaracaq. Dünya iqtisadiyyatının artım tempinin zəifləməsi isə enerjiyə olan tələbatın azalması deməkdir. Buna misal olaraq, deyə bilərik ki, əgər Azərbaycanda bir zavod öz layihə gücünün 50 faizi qədər işləyirsə, elektrik enerjisinin artımı ola bilməz. Enerjiyə tələbat o vaxt artır ki, ölkələr inkişafda olur. İnkişaf etməyə-etməyə, enerjini çox ala bilməzsən. Yəni bu, qanunauyğunluqdur. Ona görə də qiymətlər aşağı düşür. Onu da deyim ki, siyasətlə iqtisadiyyat bir-biri ilə sıx bağlıdır. Çünki ABŞ bu siyasəti yeritməsəydi, təbii ki, dünya iqtisadiyyatının gözlənilən tempi də belə aşağı proqnoz nəticələr göstərməzdi və neftin qiyməti də enməzdi”.
İ.Şaban əlavə etdi ki, sentyabrın 1-dən sonra neftin qiymətləri ilə bağlı məsələlər bəlli olacaq: "Məhz bu tarixdən sonra ABŞ-la Çin arasında iqtisadi müharibələrin dərinləşməsi, yaxud da onun nəticələrinin aradan qaldırılması yönündə atılan addımlarla bağlı qərarlar bu məsələdə özünü göstərəcək. Necə ki, may ayının əvvəlində İranla bağlı məsələdə hamı gözləyirdi ki, neftin qiyməti artacaq, enerji bazarında defisit yaranacaq. Ancaq haradasa mayın 15-dən sonra bu gözləntilərin heç də özünü doğrultmadığı bəlli oldu və neftin qiyməti 75-dən 65 dollara qədər düşməyə başladı”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, son dövrlər neftin qiymətini təhdid altına alan iki faktor mövcud olub: "Birincisi, iqtisadi, yəni fundamental, ikincisi isə, geosiyasi faktorlardır. Bu gün hər iki faktor mövcuddur. Son bir neçə gündə neftin qiymətinin kəskin ucuzlaşmağının daha bir səbəbi də odur ki, həm ABŞ-da, həm də digər dövlətlərdə valyuta müharibəsinin başlanması, yəni, ABŞ-ın ardınca Hindistanda, Tailandda, Çində və digər dövlətlərdə faiz dərəcələrinin aşağı salınması özünü göstərməyə başladı. Burada əsas məsələ ABŞ-la Çin arasında mövcud olan ticarət müharibəsidir. Bunun qarşılığında da Çin milli valyutası olan yuanı devalvasiyaya uğratdı və bununla da həm neftin qiymətinə çox ciddi təsir etdi, həm də tələbat aşağı düşdü. Çünki milli valyutanın devalvasiyaya uğramasından sonra Çinin əsasən müstəqil neft emalı zavodları sentyabr, oktyabr və noyabr ayları ilə bağlı neft tədarükü proqramlarına ciddi dəyişikliklər etdilər. Yəni, Çindəki müstəqil neft emalı zavodları sentyabrın axırından başlayaraq ilin sonuna kimi neft tədarükünə son qoyacaqlar. Bunu da onunla əlaqələndirirlər ki, yuanın devalvasiyaya uğramasından sonra dollarla ifadədə alqı-satqı müqavilələrinin, əqdlərin bağlanması kommersiya cəhətdən məqsədəuyğun deyil. Bununla da bazar iştirakçılarının həm iqtisadi böhranın dərinləşməsindən, həm də milli valyutaların faiz dərəcələrinin aşağı salınmasından sonra neftə olan maraqları kifayət qədər azalıb”.
Z.Vəliyev qeyd etdi ki, ilin sonuna kimi neftin qiyməti daim təhdid altına düşəcək: "Hesab edirdilər ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi dolların faiz dərəcəsini aşağı saldıqdan sonra dünyanın digər maliyyə alətlərinin dollar qarşısında möhkəmlənməsi baş verəcək və bununla da neft idxal edən dövlətlərin və şirkətlərin neft alışına çıxış imkanları daha geniş olacaq. Əslində, bu belə deyil. Çünki həm alqı-satqı, həm daşınma, həm də terminallardakı xidmət müqavilələrinin reallaşdırılması dollarla baş tutur. Ona görə də neft idxal edən dövlətlərin əksəriyyəti bu məsələyə görə idxalın bir müddət azaldılması və tranzasiyaların müəyyən bir hissəsini ilin sonuna kimi dondurmaq haqqında qərar qəbul ediblər”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər