• çərşənbə axşamı, 23 aprel, 21:47
  • Baku Bakı 20°C

Neft istehsalında əlavə tutum həcmi getdikcə azalmaqdadır

16.10.18 14:24 443
Neft istehsalında əlavə tutum həcmi getdikcə azalmaqdadır
Qlobal xam neft istehsalında əlavə tutum həcmi getdikcə azalır.
AZƏRTACxəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo Hindistanda keçirilən konfransda deyib. O bildirib ki, istehsalçı ölkələr və şirkətlər öz hasilat potensiallarını artırmalı, eləcə də cari tələbatı ödəmək üçün daha çox sərmayə qoymalıdırlar: "OPEC və qeyri-OPEC ölkələrinin neft hasilatının azaldılmasına dair sazişə əməletmə səviyyəsi 100 faizə çatır. Bundan başqa, xarici amillərlə əlaqədar neft bazarında balans "kövrək” hala gəlib”.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari il iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.
banner

Oxşar Xəbərlər